Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində dahi rus şairi İvan Krılovun 250 illiyinə həsr edilən kitabla tanışlıq olub - FOTOLAR
Kitab muxtar respublikanın “Əcəmi” Poliqrafiya Birliyində nəşr edilib
Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində muxtar respublikanın “Əcəmi” Poliqrafiya Birliyində dahi rus şairi, dramaturqu, tərcüməçisi və təmsilçisi İvan Andreyeviç Krılovun 250 illik yubileyi ilə əlaqədar çap olunmuş kitabla tanışlıq mərasimi keçirilib.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
Daimi nümayəndəliyin kollektivinin iştirak etdiyi tədbirə kitabın müəllifi publisist-politoloq Reyhan Mirzəzadə dəvət olunub.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında qeyd edib ki, ədəbi əlaqələr xalqlar arasında dostluğun bir rəhnidir. Mütərəqqi rus ədəbiyyatı dünya mədəniyyəti xəzinəsinə böyük dühalar, klassiklər, zəngin və nadir sənət nümunələri bəxş edib. Tarixən zəmanəni doğru-dürüst əks etdirərərək bədii yaradıcılığın xalq taleyi ilə sıx əlaqəsi naminə mübarizədə qabaqcıl rus yazıçı və şairlərinin böyük rolu olub. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillərə faydalı irs olan bu bəşəri ədəbiyyat bütün dünyada sevilə-sevilə oxunmaqda, öyrənilməkdədir. Çünki təqdim etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edən rus ədəbiyyatı vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə özünəməxsus şöhrət qazanıb. Azərbaycan və rus xalqları, görkəmli ədəbi simaları arasındakı böyük və sədaqətli dostluğun tarixi isə silinməz və əbədidir.
“Həmişə olduğu kimi, bu gün də Naxçıvanda çoxsaylı oxucuların rus ədəbiyyatına, rus klassiklərinin yaradıcılığına böyük marağı var. Xüsusilə gənc nəsil onları daha böyük həvəslə, sevgi ilə oxuyur”,- deyən Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvanda Ali Məclisin Sədri Vasif Talıbovun birbaşa diqqəti və qayğısı ilə çap edilən kitablar, həmçinin rus dahiləri haqqında son aylarda işıq üzü görmüş hər bir kitab əhəmiyyətli hadisə kimi qəbul olunur. Bu baxımdan müəllif Reyhan Mirzəzadənin bundan əvvəl qüdrətli rus zəka sahibləri Çexov, Qorki, Mayakovski, Makarenko, Qriboyedov və b. haqqındakı geniş tədqiqat yazıları onun Naxçıvanda çap olunmuş “Rus klassikləri haqqında” kitabında, böyük pedaqoqlar Uşinski, Çernyayevski, Suxomlinski, Makarenko haqqındakı yazıları 10 min tirajla yayımlanan “Pedaqoji fikir tarixindən” kitabında əksini tapıb. Onun Lev Nikolayeviç Tolstoyun 190 illiyinə, şair-diplomat Aleksandr Sergeyeviç Qriboyedovun həyat və fəaliyyətindən bəhs edən yazıları isə ayrıca kitabça kimi çap olunub, ölkəmizdə, o cümlədən Naxçıvanda geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
Daimi nümayəndəliyin rəhbəri bildirib ki, Qriboyedov, Uşinski, Çernyayevski, Suxomlinski haqqındakı kitablar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tövsiyəsi ilə oxunması zəruri olan kitablar sırasına daxil edilib və hazırda geniş mütaliə və müzakirə olunur. O deyib: “Böyük təmsilçi Krılov haqqında işıq üzü görən bu kitab da çox maraqlıdır. Rus tənqidçi və ədəbiyyatşünası V.Q.Belinski haqlı olaraq qeyd edib ki, “Krılov bizim ədəbiyyatımızın namusu, şərəfi və şöhrətidir”. Düşünürəm ki, “Əcəmi”nin nəşr etdiyi bu kitab oxucuları rus ədəbiyyatının “namusu, şərəfi və şöhrəti” ilə yaxından tanış edəcəkdir”.
Sonda müəllif Reyhan Mirzəzadə Naxçıvanda çap olunan bütün kitabları ilə bağlı hədsiz sevinc hissləri yaşadığını, bundan qürur və fəxarət duyduğunu bildirib, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını ifadə edib. “Əcəmi”nin bütün kollektivinə, Naxçıvan oxucularına təşəkkür edən müəllif R.Mirzəzadə bu ulu diyarın ona böyük ruh aşıladığını, xüsusilə Naxçıvanda nəşr edilən kitablarının hər dəfə ona daimi nümayəndəlikdə xüsusi təqdim edilməsindən mənəvi güc aldığını və bundan sonra da mövzunu həvəslə davam etdirəcəyini bildirib.