İlmələrdə yaşayan tarix

A- A A+

Azərbaycan xalqının zəngin mədəni irsi içərisində xalçaçılıq sənəti xüsusi yer tutur. Bu sənət növü yalnız məişət əşyası kimi deyil, eyni zamanda xalqın dünyagörüşünü, estetik zövqünü və tarixi yaddaşını özündə əks etdirən mühüm mədəni dəyərdir.Təsadüfi deyil ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO tərəfindən Ümumdünya qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib.

Naxçıvanın qədim abidələrindən biri olan Əlincəqala ətrafı tarix boyu yalnız müdafiə məkanı deyil, həm də mədəniyyət və sənət ənənələrinin formalaşdığı bir mühit olub. Bu ərazidə yerləşən yaşayış məntəqələrində, xalq sənətləri, xüsusilə xalçaçılıq sənəti inkişaf edərək və nəsildən-nəslə ötürülüb.

Əlincəqala Tarix-Mədəniyyət Muzeyində nümayiş olunan xalça bu zəngin ənənənin parlaq nümunələrindən biridir. Ümumiyyətlə, Azərbaycan xalçaları texniki xüsusiyyətlərinə görə xovlu, xovsuz və süjetli növlərə ayrılır. Əlincəqala muzeyində nümayiş olunan bu nümunə isə xovlu xalçalar qrupuna aiddir. Xalçanın göstəricisinə əsasən, xalça 1900-cü ildə Əlincə kəndində hazırlanıb, xovlu xalça növünə aid edilib. Bu fakt onun ənənəvi toxuma üsulu ilə hazırlandığını və yüksək sənətkarlıq səviyyəsini əks etdirdiyini göstərir.

Xalçanın bədii quruluşu diqqətlə nəzərdən keçirildikdə onun kompozisiyasının klassik prinsiplərə uyğun şəkildə formalaşdırıldığı görünür. Mərkəzi hissədə yerləşən iri həndəsi formalı göllər əsas kompozisiya elementini təşkil edir. Bu göllərin ətrafında yerləşən ornamentlər və haşiyə zolaqları ümumi görünüşə ritm və ahəng qatır. Xüsusilə haşiyələrdə təkrarlanan naxışlar xalçanın bütövlüyünü qoruyaraq ona estetik tamlıq verir.

Xalça üzərində yer alan zoomorf motivlər isə xüsusi maraq doğurur. Kiçik ölçülü heyvan təsvirləri qədim insanların təbiətə münasibətini, inanclarını və gündəlik həyatını simvolik şəkildə əks etdirir. Bu motivlər xalçanı sadəcə bədii nümunə deyil, eyni zamanda mənəvi və ideoloji məzmun daşıyan bir sənət əsərinə çevirib.

Rəng palitrasında əsasən qırmızı, torpaq və açıq çalarların üstünlük təşkil etməsi xalçanın təbii boyalarla rəngləndiyini göstərir. Zaman keçdikcə bəzi hissələrdə solmalar müşahidə olunsa da, bu hal onun qədimliyini və orijinallığını daha da ön plana çıxarır.

Əlincəqala Tarix-Mədəniyyət Muzeyində qorunan bu xalça yalnız dekorativ əşya kimi deyil, həm də tarixi-mədəni məlumat daşıyıcısı kimi böyük əhəmiyyət kəsb edir. O, toxunduğu dövrün sosial mühitini, insanların zövqünü və sənətə olan münasibətini öyrənmək baxımından qiymətli mənbədir.

Nəticə etibarilə, hər bir xalça yalnız ilmələrin birləşməsi deyil, o, xalqın yaddaşı, zəhməti və ruhunun ifadəsidir. Əlincəqala xalçası da bu mənada keçmişdən bu günə uzanan canlı bir körpü kimi milli mədəniyyətimizin dəyərli incilərindən biri olaraq öz əhəmiyyətini qoruyub saxlayır.

Bu xalça ilmə-ilmə toxunmuş tarix kimi bu gün də milli kimliyimizin canlı ifadələrindən biri olaraq qalır.

Hər ilməsində bir dövrün izi, hər naxışında isə bir xalqın ruhu yaşayır. Bu xalçaya baxdıqca anlayırıq ki, mədəniyyət təkcə kitab səhifələrində yox, həm də sənətin içində nəfəs alır. Onu qorumaq isə sadəcə keçmişə hörmət deyil, gələcək nəsillərə buraxılan ən dəyərli mirasdır.

Sanki bizə pıçıldayır:

“Keçmişi unutma, mən burdayam!"

 

Layimə Allahverdiyeva

“Əlincəqala” Tarix Mədəniyyət Muzeyinin kiçik elimi işçisi 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: