ŞEYXÜL-MÜHƏNDİS — MEMAR ƏCƏMİ

A- A A+

Uca dağlar qoynunda bir şəhər var. O, şəhər ki, hər daşının, hər qayasının altında bir tarix yatır. Cahanın nəqşi deyə bəhs edirlər ondan. Bu nəqşlər isə Möminə xatunun şərəfinə ucalan məqbərənin üzərində əbədiləşib. Biz isə bu qədim yurdun incisini yaradan o şeyxül mühəndisdən — Əcəmi Əbubəkir oğlu Naxçıvanidən söz açacağıq.

Onu tanımaq üçün 900 il əvvələ fikr edib, əsrin onda birini səhifələyib, Əcəmi dastanını dinləyib, atabəylər dövrünə səyyahət etməliyik. Memar Əcəmini adını həkk etdiyi abidələrdən, onun hünərini, elmini anlayıb "o, bizim dağların oğlu idi" deyə fəxr etməliyik.

Memar Əcəmi ədəbiyyatımızda vəsf olunsada, tarix onun haqqında çox az məlumat verir. Mənşəcə azərbaycan türklərindən olan Əcəmi Əbubəkir oğlu Naxçıvani Azərbaycan mədəniyyətinin inkişaf etdiyi bir çağda — 12-ci əsrdə Naxçıvanda yaşayıb. Doğum tarixi təqribən 1120-ci illər olduğu qeyd olunsa da, memarın vəfat tarixi, məzarı da naməlumdur. O, orta əsrlər Azərbaycanının dahi Memarı kimi şöhrət qazanıb.

Bəli, tarixdən də çox yaxşı bilirik ki, XI-XII əsrlər bizim mədəniyyətimizin, intibahımızın əsl çiçəklənmə çağı idi. Hər tərəfdə şəhərlər sürətlə böyüyür, saraylar, qalalar, bir-birindən möhtəşəm məscidlər ucalırdı. Bu təkcə iqtisadi güc demək deyildi, həm də elmin, poeziyanın, sənətin intibahı idi. Nizami Gəncəvi, Məhsəti xanım kimi dahilərin dünyaya işıq saçdığı o dövrün ən parlaq ulduzlarından biri də, şübhəsiz ki, Memar Əcəmi idi.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan memarlıq məktəbi öz bünövrəsini məhz ustad Əcəminin adından və onun Naxçıvanda qoyduğu o böyük məktəbdən götürür. Onun adının əsrləri aşıb bizə çatmasının ən böyük səbəbi isə sənətkarın abidələrə vurduğu şəxsi möhrüdür. O, inşa etdiyi hər bir tikilidə "Memar Əcəminin əməli" sözlərini kərpiclərin üzərinə usta bir xəttat kimi nəqş edib. Bu bənzərsiz sətirlər əsrlərin fəlakətlərindən keçərək bu gün bizə dahi memarın əlindən çıxmış canlı bir tarixi mesaj ötürür.

Məhz bu dərin, bəşəri sənət fəlsəfəsinə görədir ki, bu gün Əcəmi irsi bütün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, YUNESKO-nun qərarı ile böyük ustadın yubileyləri beynəlxalq səviyyədə qeyd olunur. Bu diqqət bir daha sübut edir ki, Əcəminin yaradan əlləri bəşər mədəniyyəti üçün əvəzsiz bir xəzinə bəxş edib.

 Şeyxlərin başçısı Yüsif Küseyirin türbəsi Memar Əcəminin ilk əsəri sayılır. İlk dəfə bu məkana ayaq basanda türbənin quruluşu, ornamentləri, memarlıq üslubu diqqəti cəlb edir. Xalqın inanc yerinə çevrilən türbənin üzərində “İxlas” və “Ali İmran” surəsi həkk olunub. Türbənin üzərindəki digər bir kitabədə yazılıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası islamın camalı şeyxlər başçısı Yusif Küseyir oğlunundur." Bu yazılar onun şəxsiyyəti haqqında məlumat verən ən dəqiq faktdır. Tədqiqatçılar qeyd edirlər ki, həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında yəni miladi təqvimlə 1162-ci ildə tikildiyini bildirir.

Bu gün Naxçıvanın qədim Şahab məhəlləsinə yolunuz düşsə, xalq arasında sadəcə "Atababa günbəzi" deyilən bu ilk şah əsərin qarşısında ayaq saxlamalısınız. Hündürlüyü təxminən 7 metrdir. Maraqlıdır ki, ustad bu abidəni həm daxildən, həm də xaricdən səkkizguşəli formada qurub.

Kərpicin hər bir düzümünə, hər bir həndəsi ilməsinə diqqətlə baxanda adam ustadın nəfəsini, əlinin hərarətini hiss edir. Xüsusilə şimal tərəfindəki o giriş portalı...

 Memarlıq fəlsəfəsində bu, sadəcə bir qapı deyil. O, fani dünyadan baqi dünyaya, yəni bir məkandan digər məkana müqəddəs keçişi simvolizə edir. Portalın üzəri Qurani-Kərimdən ayələr və olduqca zərif şəbəkələrlə bəzədilmişdir.

Yusif Küseyir oğlu türbəsi təkcə uzaq XII əsrin mühəndislik uğuru deyil, həm də Naxçıvan torpağında formalaşan o dərin bədii təfəkkürün kərpiclə yazılmış poetik dastanlarından biridir. Səkkizbucaqlı formanın cənnət rəmzi olması və Memar Əcəminin silinməz imzası bu abidəni milli mənəvi yaddaşımızın ən qiymətli incisinə çevirir.

 Tanınmış sənətşünaslardan Əbdülvəhhab Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığında onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks etdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır."

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri qadın şərəfinə ucalan Möminə xatun məqbərəsidir. Abidə bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Məqbərə Naxçıvan memarlıq məktəbinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

Bilirik ki, orta əsrlərdə Naxçıvan sıradan bir yer deyildi; bura Şərqlə Qərbin kəsişməsində, böyük ticarət və strateji yolların üstündə dayanan nəhəng bir mərkəz idi. Məhz bu güc Atabəylər dövlətinin sütunlarını bərkitdi, Əcəmi kimi dahilərin yetişməsinə zəmin yaratdı. Tarix təsadüfən ona "Şeyxül-mühəndis" rütbəsi verməmişdi. Avropada memarların adı belə çəkilməyəndə, Əcəmi Şərq tarixinə öz silinməz möhrünü vururdu. Biz o dövrün salnamələrindən öyrənirik ki, Naxçıvanda ucalan İçqala, mədrəsələr, saraylar şəhərsalmanın necə yüksək səviyyədə olduğunun bariz sübutudur.

Baxın, bu gün Möminə Xatun məqbərəsinin ucaldığı ərazini ziyarət edərkən mənzərəni bütöv təsəvvür etmək lazımdır. Çünki bura orta əsrlərdə sadəcə tək bir abidədən ibarət deyildi. Bura Eldənizlər dövlətinin ürəyi sayılan Atabəylər Memarlıq Kompleksi idi. Bu nəhəng kompleksin tərkibinə XIX əsrə qədər gəlib çatmış, uca portalı və qoşa minarəsi olan, düz 35-36 metr hündürlüyü ilə Möminə Xatun məqbərəsini də üstələyən möhtəşəm Atabəylər Cümə Məscidi daxil idi. Ətrafında isə Atabəylər Sarayı, böyük bir mədrəsə və dövlət binaları yerləşirdi. Memar Əcəmi bu məkanda elə bir dahi şəhərsalma strukturu qurmuşdu ki, bütün binalar bir-biri ilə mükəmməl vəhdət təşkil edirdi. Təəssüf ki, tarixin amansız fırtınaları Cümə məscidini yer üzündən silsə də, Möminə Xatun türbəsi bu gün həmin böyük şəhərsalmanın yeganə şahidi kimi dimdik ayaqdadır.

KADRARXASI SƏS — ŞEİR PARÇASI

Ər, oğul sevgisi, bir əmanətin,

Xalqımın qadına olan diqqətin,

Əsrdən bu yana gələn hörmətin

Sönməz xatirəsi, Möminə Xatun.

Min naxış vurulub o daş üstünə,

Bir kəlam yazılıb türbə üstünə,

Sənətin sənətkar abidəsinə,

Tarixinnaməsi, Möminə Xatun.

Necə şahanədir durub yerində,

Xəbəri, sorağı neçə elmdə.

Həyat sübutunu tutub əlində,

Yaddaş töhfəsi, Möminə Xatun.

Məqbərə özünə çəkir marağı,

Burda Əcəminin gəzir sorağı.

Möcüzə rəngləri bəzəyir dağı,

Gözəllik rütbəsi, Möminə Xatun.

Möminə Xatun... Bu məqbərə Əcəminin haqlı olaraq şah əsəridir. Atabəy Şəmsəddin Eldəniz tərəfindən ömür-gün yoldaşı üçün sifariş edilsə də, tikintini oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə tamamlayıb.

Gəlin bu möcüzənin real ölçülərinə, onun o heyranedici miqyasına bir yerdə diqqət edək. Elmi mənbələr və arxiv sənədləri sübut edir ki, Möminə Xatun məqbərəsinin ilkin ucalığı, yəni onun o möhtəşəm çadırvari qübbəsi yerində olduğu zaman ümumi hündürlüyü düz 34-35 metrə çatırdı. Zamanla xarici piramidal qübbə dağıldığı üçün, abidənin dövrümüzə çatan, gözümüzlə gördüyümüz indiki yerüstü hündürlüyü 25 metrdir. Lakin bu yarımçıq hali ilə belə, o, öz zərifliyi və mühəndislik dəqiqliyi ilə orta əsrlər Şərqinin ən uca qülləvari abidəsidir.

Təsəvvür edin, o dövrün Naxçıvanında 250 mindən çox əhali yaşayırdı. Bu nəhəng abidənin tikintisinə tam 10 il sərf olunub: onun 8 ili konstruksiyasına, 2 ili isə üzərindəki o möcüzəli naxışların vurulmasına həsr edilib. Əcəmi dayanıqlığı artırmaq üçün əhəng daşı və kərpiclə yanaşı, məhlula yumurta ağı kimi təbii qatqılar əlavə etmişdir.

Ustad memar həm də ədəbiyyatı, riyaziyyatı, fəlsəfəni dərindən bilən bəşəri bir alim idi. O, abidənin bəzəklərində həm İslam fəlsəfəsini, həm də qədim türk motivlərini və astronomik simvolları bir-birinə sintez etmişdi. Türbənin quruluşundakı üçlük — yəni yeraltı sərdabə (insanın o dünyası), zəngin ornamentli gövdə (insanın bu dünyası) və Tanrıya ucalan günbəz hissə, bütövlükdə yerlə göy arasındakı müqəddəs, mənəvi əlaqəni ehtiva edirdi.

Həmçinin, orta əsrlər memarlığında təbii materiallardan alınan o məşhur firuzəyi minalı kaşılar da ilk dəfə məhz Əcəminin bu abidəsində tətbiq olunub. Vaxtilə bu kompleksin dünya memarlığına qazandırdığı qoşa minarəli baştağ elementindən sonrakı yüzilliklərdə Səmərqənd abidələrində, Anadoluda və məşhur Tac Mahalda memarlar məhz bu məktəbdən bəhrələnərək istifadə etdilər.

 Onu da qeyd edək ki, görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin irsi YUNESKO səviyyəsində layiqincə uca tutulur. İntibah çağında Eldənizlərin paytaxtı şəhərlərindən biri olan Naxçıvan, öz tarixinin ən zəngin mərhələsini yaşamış, təkcə Azərbaycanın deyil, yaxın Şərqin məşhur mədəniyyət və memarlıq mərkəzlərindən birinə çevrilmişdi. Bu dövrdə mədəniyyət və elmin bütün sahələrinin inkişafı üçün əlverişli şərait yaranmışdı. Şəhərsalma, memarlıq və eləcə də tətbiqi və təsviri incəsənət xeyli inkişaf etmişdi.

Baxın, Əcəminin o Möminə Xatun türbəsinin baş hissəsində, kitabədə bizə qoyduğu elə bir ölməz mesaj var ki, o çağırış bu gün də eyni güclə səslənir: "Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar." Bu mülahizə, insanı hər zaman xeyirxah işlər görməyə yönəldən bəşəri bir fəlsəfədir.

Nə yaxşı ki, bu gün bu ölməz yadigar sahibsiz deyil. Dövlətimizin ali diqqəti və birbaşa sərəncamları ilə Möminə Xatun məqbərəsi və onun ətrafındakı bütöv ərazi yüksək elmi dəqiqliklə yenidən bərpa olunmaqdadır. Bu genişmiqyaslı bərpa işləri sadəcə qədim daşların təmiri deyil, millətimizin mənəvi yaddaşına, öz dahi ustadına dövlət səviyyəsində göstərilən ən böyük ehtiram və sədaqətdir.

 Bu qədim diyara axın-axın üz tutan əcnəbilərdə nəinki abidənin gözəlliyinə heyran qalır, tarixin dərin qatlarına da səyyahət edirlər. Ən əsası bu torpağın yetirdiyi Əcəmi Əbubəkir oğlu Naxçıvanini onun əsrlərə meydan oxuyan əsərlərində tanıyırlar.

Ölkə rəhbərliyinin orta əsrlər Azərbaycan memarlıq tarixində xüsusi mövqeyi olan bu qüdrətli sənətkarın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində onun adına abidə inşa edilməsi ilə bağlı verdiyi sərəncamlar, dahi ustadın irsinə dövlət səviyyəsində göstərilən ali ehtiramın ən gözəl göstəricisidir. 

Dünyanı heyran qoyan bu abidələr hələ neçə neçə əsr yol alacaq. Hər bir naxış ismarıc tək öz memarının istedadından söz açacaq. Çünki daşlara həkk olunan bu böyük istedad və milli mənəvi yaddaş, zamanın fövqündə dayanaraq əbədiyyətə qədər yaşayacaqdır.

 

Lalə Allahverdiyeva

Naxçıvan televiziyasının əməkdaşı 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: