Orta əsrlər dövründə Azərbaycanın memarlıq ənənələri

Şərqin uzaq nöqtələrində

A- A A+

Coğrafi mövqeyinə görə İslam Şərqinin ortasında yerləşən Azərbaycan uzun bir dövr ərzində bu regionda baş verən tarixi hadisələrin də mərkəzində dayanmışdır. Yüz illər boyu Azərbaycandan dünya əlaqələrinin güclü axınları keçmişdir. Ancaq yurdumuz orta əsrlərdə ölkələrarası yolların kəsişdiyi passiv qovşaq olmayıb. Ön Asiyada gedən siyasi-ictimai eləcə də mədəni proseslərin ən fəal iştirakçılarından idi. Həmin dövrün aparıcı sənəd sahələrinin çoxunda öncül yer tutan Azərbaycan bu nəhəng ərazinin həm də geniş təsir dairəli, bədii mərkəzlərindən olmuşdur. Sənətkarlarımız bu zaman təkcə öz yurdlarında deyil başqa ölkələrdə də məhsuldar yaradıcılıq fəaliyyəti göstərmiş, sənət ənənələrimiz öz ideya-bədii gücü ilə Şərqin müxtəlif yerlərində əks-səda doğurmuşdur. 

Bütün xalqların, bütün ölkələrin memarlığı kimi orta əsrlərin Azərbaycan memarlığı da beynəlxalq əlaqələr, qarşılıqlı zənginləşmə mühitində formalaşıb inkişaf etmişdir. Gəlmə ənənələr ayrı-ayrı çağlarda Azərbaycan memarlığının təkamülü prosesinə qoşulmuşdur. Məsələn, X-XI yüzillərdə əsasən, kərpic memarlığı sahəsində ona Orta Asiya memarlığı müəyyən təsir göstərmişdir. Elxanilər zamanı XIII əsrin sonu XIV əsrin başlanğıcı Azərbaycanın paytaxt şəhərləri Marağa, Təbriz, Sultaniyyə də aparılan nəhəng şəhərsalma memarlıq işlərinə qonşu müsəlman ölkələrinin bədii qüvvələri cəlb olunmuşdur. Bu qüvvələr Azərbaycanın xüsusilə Təbrizin qüdrətli tikinti mərkəzinə çevrilməsində iştirak etmişdilər. Bütövlükdə isə yetkin orta əsrlərin mədəni mübadiləsi gedişində Azərbaycan memarlığına mənimsəmədən daha çox nüfuzetmə, təsirgöstərmə xas olmuşdur. 

Müstəqil və özünəməxsus üslubu olan orta əsr Azərbaycan memarlığının təsir arialı zaman və məkanca geniş idi. Azərbaycanlı tikinti ustalarının başqa ölkələrdə çalışmaqlarının və Azərbaycanın memarlıq ənənələrinin Yaxın və Orta Şərq regionunda yayılmasının ən məhsuldar dövrü XII-XVII yüzillərə düşmüşdür. Coğrafi sərhədlərinə gəldikdə isə bu təsir Orta Asiya, Hindistan, İran, Ərəb ölkələri Qızıl Orda dövləti və Osmanlı sultanlığı ərazilərini tutmuşdur. 

Azərbaycan tikinti sənətinin təsiri böyük şəhərsalma işlərindən tutmuş memarlıq bəzəyinəcən çox əhatəli idi. Təbrizin şəhərsalma təcrübəsi xüsusilə Sahibabad meydanı kimi çoxfunksiyalı iri şəhər mərkəzi, eləcə də Elxanilərin tikdirdikləri əzəmətli, dini-xatirə kompleksləri, İslam ölkələrinin bəzi şəhər ansambıllarının planlaşma-məkan quruluşuna istiqamət vermişdir. Azərbaycan memarlığının şah əsərləri (Sahibabad, Möminə xatun türbəsi, Olcaytu xan türbəsi, Əlişah məscidi, Göy məscid və.s) bu regionun bir çox məşhur abidələrinə ( Qur Əmir, Bibixanım məscidi, Sultan Həsən kompleksi, İsfahanın Şah Meydanı, Tac Mahal, Dehli Cümə məscidi və.s) ya örnək prototip olmuş, ya da təsir göstərmişdir. 

Azərbaycan xatirə tikililərinin (qülləvari türbələr və mərkəzi günbəzlər, Səfəvi türbələri) memarlıq, planlaşma ənənələri dəyişilmiş, bəzi qonşu ölkələrə aparılmışdır. 

Memarlıq dekoru yaradıcılığında Azərbaycan çoxtərəfli və yüksək kadrlar yetişdirirdi. Bu ölkədən regionun müxtəlif mərkəzlərinə yüzillər boyu kərpic, gəc, ağac, kaşı və daş materiallarında incə bəzəklər yaradan ustalar, nəqqaşlar getmişdir. Gözəl üzlük texnikası olan yığma kaşı mozaikası isə islam ölkələrinin çoxuna Azərbaycan sənətkarları aparmışlar. Azərbaycan ustaların yaratdıqları kaşı emalatxanaları müxtəlif çağlarda Səmərqənd, İsfahan, Bağdad, Qahirə, Bursa, İznik, İstanbul, Saray və başqa şəhərlərdə fəaliyyət göstərmiş, bu yerlərdə tikinti keramikasının inkişafına yön vermişdir. Şərqin müxtəlif ölkə və şəhərlərində memarlıq-tikinti yaradıcılığı göstərmiş azərbaycanlı sənətkarları ictimai mövqeyinə görə 3 qrupa bölmək olar: işgəzən ustalar, dəvət olunmuş ustad sənətkarlar, kütləvi şəkildə əsir aparılmış sənətkarlar. Gəzəyən ustalar təklikdə, bəzən də dəstə şəklində işləyirdilər. Böyük sifarişləri yerinə yetirmək üçün xüsusi dəvətlər almış məşhur sənətkarlar kiçik, ancaq çox fəal qrupu təşkil edirdi. Bu, həm də ölkələrarası memarlıq əlaqələrinin ən şüurlu forması idi. Ancaq memarlıq ənənələrinin Şərqin uzaq nöqtələrinə belə gedib çıxmasında azərbaycanlı tikinti ustalarının nüfuz dairəsinin son dərəcə genişliyində sənətkarlarımızın Əmir Teymur və Toxtamış xan (XIV əsr), I Sultan Səlim (XVI əsr), I Şah Abbas (XVII əsr) və başqa hökmdarlar tərəfindən kütləvi şəkildə köçürülməsi baş rol oynamışdır. İxtisasları, tutduqları ictimai mövqeləri, işlədikləri yer və ölkədən asılı olmayaraq bu sənətkarların hamısı Azərbaycanın zəngin memarlıq təcrübəsindən qidalanmışdılar. Geniş yaradıcılıq diapozonu və yüksək ixtisaslaşması ilə seçilən azərbaycanlı memar və ustalar XIV-XVII əsrlərdə Yaxın və Orta Şərqin bir sıra iri regional memarlıq üslublarının (Teymuri, Osmanlı, Moğol) formalaşması prosesində birbaşa həm də çox fəal iştirak etmişlər. Azərbaycanın beynəlxalq memarlıq əlaqələrində fəal mövqe tutduğunu belə bir fakt da təsdiq edir. Azərbaycan ərazisindəki memarlıq abidələrinin heç birində gəlmə sənətkarların, yadelli memarın adı aşkar edilməmişdir. Çoxlu azərbaycanlı memar, xəttat və nəqqaşın adları isə Şərqin müxtəlif şəhərlərinin monimental abidələrində indiyəcən qalmaqdadır. 

Çoxşaxəli, məhsuldar və xeyirxah yaradıcılıqları ilə azərbaycanlı sənətkarlar Şərq ölkələri xalqlarının memarlığının qarşılıqlı inkişafı və yaxınlaşması prosesinin ön sırasında getmiş nadir əsərlərdə dünya memarlığını zənginləşdirmişlər. 

   

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq,

Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin  

direktoru Rəhim Rəhimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: