Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan şəhər yerində aparılan xilasetmə-tədqiqat işlərinə baxış keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, baxışda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Nazirlik Aparatının əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işləri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən aparılır.
Baxış zamanı Xaraba Gilan şəhər yerində İlxanilər dövrünə aid memorial kompleksdəki (XIII–XIV əsrlər) türbələrdə və onların ətrafında aparılan xilasetmə-tədqiqat işləri barədə arxeoloji ekspedisiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli ətraflı məlumat verib.
O bildirib ki, Xaraba Gilan şəhər yeri və onun ətrafındakı abidələr Azərbaycan tarixi və arxeologiyası üçün mühüm əhəmiyyətə malikdir. Alimin sözlərinə görə, gələcəkdə də bu ərazilərdə genişləndirilmiş tədqiqat işləri aparılacaq.
İkinci memorial kompleksdə səkkiz kubşəkilli türbə mövcuddur. Hələlik üç türbə tədqiq edilmişdir. Türbələr tip baxımından oxşar olsalar da, həndəsi ornamentlərinə və daxili quruluşlarına görə bir-birindən fərqlənirlər.
Arxeoloji qazıntılar zamanı türbələrin ətrafından çoxlu sayda dekorativ bişmiş kərpiclər və ara bəzəkləri aşkar edilmişdir. Ara bəzəkləri əsasən astral fiqurlardan – günəş, ay və ulduz təsvirlərindən ibarətdir. Türbələrdən ikisinin künclərində diametri 1 metrə yaxın olan bəzəkli kolonnalar aşkar edilmişdir. Belə dörddə üç kolonnalara Marağa şəhərindəki kubşəkilli türbələrdə rast gəlinir.
Arxeoloji qazıntılar zamanı sərdabələrdən XIII–XIV əsrlərə aid zəngin toxuculuq nümunələri və bəzək əşyaları aşkar edilmişdir.
Xaraba Gilan şəhər yerində ikinci memorial kompleksdə tədqiq olunan kubşəkilli türbələr sübut edir ki, Naxçıvan memarları təkcə qülləvari türbələr deyil, eyni zamanda kubşəkilli türbələr də inşa etmişlər. Bu türbələr XIII–XIV əsrlərdə Naxçıvan memarlığının inkişaf xüsusiyyətlərini hərtərəfli öyrənməyə imkan verir.