“Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılışı olmuşdur - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada silsilə tədbirlər keçirilir. “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən həmin Tədbirlər Planına uyğun olaraq keçirilir.
Qeyd olunmuşdur ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ümummilli lider Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə mədəniyyətin və təsviri sənətin inkişafına xüsusi qayğı göstərilmiş, çoxsaylı mədəniyyət mərkəzləri, sərgi salonları yaradılmış, rəssamlıq sahəsində yaradıcılıq prosesi geniş vüsət almışdır.
Diqqətə çatdırılmışdır ki, bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində əsasını qoyduğu ənənələr davam etdirilir, yaradıcı şəxslərə dəstək verilir, zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün tədbirlər görülür. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin, Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmış, Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılaraq parkda görkəmli rəssamın heykəli qoyulmuşdur. Bununla yanaşı Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, Rəssamlar Birliyinin 40 illik yubileyləri muxtar respublikada geniş qeyd edilmişdir. Ali Məclis Sədrinin qayğısı ilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin edilmişdir. Muxtar respublikada rəssamların yaradıcılıq imkanlarının yaxşılaşdırılması da diqqətdə saxlanılmış, hər cür şəraiti olan emalatxanalar rəssamların istifadəsinə verilmiş, onların fərdi sərgiləri təşkil edilmiş, albom-kataloqları nəşr olunmuş, fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlara layiq görülmüşlər.
Vurğulanmışdır ki, muxtar respublikada istedadlı gənc rəssamların üzə çıxarılması və onların bu sənəti daha dərindən öyrənmələri də diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılmış, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyətləri üçün zəruri şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan - bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının yüksək səviyyədə təşkil olunması da muxtar respublikada təsviri incəsənətə qayğının ifadəsidir. Rəsm festivalında 35-i 12 xarici ölkədən olmaqla, ümumilikdə 65-dən çox fırça ustasının iştirak etməsi bu beynəlxalq tədbirin əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının rəssamlar üçün əhəmiyyətli olacağına əminliyini bildirmiş, iştirakçılara uğurlar arzulamışdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov muxtar respublikanın ötən illər ərzində çox böyük inkişaf yolu keçdiyini, müasirliyi ilə göz oxşayan Naxçıvan şəhərinin yenidən qurulduğunu, qədim diyarda rəssamların fəaliyyəti üçün hər cür şərait yaradıldığını vurğulamışdır. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsinin muxtar respublika üçün mühüm mədəni hadisə olduğunu deyən Fərhad Xəlilov yaradılan şəraitə görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, muxtar respublikada milli-mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. Bununla yanaşı, Naxçıvan şəhəri həm də 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtıdır. Belə bir əlamətdar ildə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən mühüm mədəniyyət tədbiridir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında bildirmişdir ki, bu gün təsviri sənətin inkişafı sahəsində muxtar respublikada ardıcıl tədbirlər görülür, gənc rəssamların formalaşması, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, fırça ustalarının yaradıcılıq imkanları artırılır. Rəssamların fərdi sərgilərinin təşkil edilməsi, Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi gənc rəssamların yaradıcılıq axtarışlarının artmasına mühüm töhfə verir. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olmuş, naxçıvanlı rəssamların dünyanın bir çox ölkələrində sərgiləri açılmış, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak etmişlər.
Qeyd olunmuşdur ki, bu gün qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Həyata keçirilən quruculuq nümunələri gələcək üçün böyük tarixdir. Bu tarix təkcə mütəxəssis tədqiqatlarının deyil, eləcə də yaradıcı insanların əsərlərində də gələcək nəsillərə çatdırılır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu məqsədə xidmət edir.
Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin və Şərur Xalq Yallı Ansamblının çıxışları olmuşdur.
Sonra festivalın yaradıcılıq hissəsinə başlanılmışdır. Tədbirin gedişində iştirakçılara səyyar iaşə xidməti göstərilmişdir.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləmişlər.
Qeyd edək ki, mayın 24-də Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi təşkil ediləcəkdir.
Səbuhi HƏSƏNOV