Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Tarix Muzeyinə 241 ədəd yeni eksponat təqdim edilib. Onlar qədim tariximizə, zəngin mədəniyyətimizə aid saxsı və mis məişət əşyaları, toxuculuq və əkinçiliklə bağlı alətlər və İkinci Dünya müharibəsi iştirakçılarına aid şəxsi əşyalardır.
Eksponatlar Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Aşağı Buzqov kənd sakini Elman Bayramov, Naxçıvan şəhər sakinləri Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən bağışlanıb.
Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri Natəvan Qədimova bildirib ki, nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə1564 ədəd, bu ilin ilk 4 ayı ərzində isə 571 ədəd eksponat daxil olub.
Böyük Vətən Müharibəsinin 74 illiyi ərəfəsində vətənini qorumaq uğrunda bu müharibəyə qoşulmuş həmvətənlərimizin ailələri tərəfindən onlara məxsus şəxsi əşyaların muzeyə hədiyyə edilməsi bu sahədə görülən işlərə böyük töhfədir. Bu həm də muzeylərimizə olan etimaddan irəli gəlir. Böyük Vətən Müharibəsi veteranları Kazım Kazımov və Qadir Rəcəbovun övladları Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən muzeyə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcəkdir.
"Tariximizi, keçmişimizi və mədəniyyətimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur", - deyən nazir mədəniyyətimizin və tariximizin təbliğinə göstərdiyi böyük diqqət və qayğıya görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov, eksponat tədqim edənlərdən Hüzeyn Kazımov və Rəcəb Rəcəbov çıxış edərək muxtar respublikadakı muzey ekspozisiyalarının zənginləşməsində bu cür təqdimatların keçirilməsinin əhəmiyyətindən danışıblar.