Türkiyədə tanınmış azərbaycanlı rəssam İbrahim Səfiyə həsr olunmuş kitab çap edilib - FOTOLAR

A- A A+

Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki nümayəndəliyinin dəstəyi ilə tanınmış azərbaycanlı rəssam İbrahim Səfiyə həsr olunmuş “İbrahim Səfi - Rəsmlər, məktublar, sənədlər" adlı kitab dərc olunub.

NUHÇIXAN xəbər verir ki, kitabın “Ön söz”ünü Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yazıb.

Nəşr barədə məlumat verən M.Hacıyev kitabın iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişaf etməsi baxımından vacibliyini vurğulayıb. Baş konsul türk əsgərlərin köməyi ilə 1918-ci ildə İstanbula gələn və sənətə olan bağlılığı ilə bu sahənin qabaqcıl şəxsiyyətlərindən olan azərbaycanlı rəssamın mədəni biliklərimizin əsas simvollarından biri olduğunu qeyd edib.

"Kırmızı Kedi" nəşriyyatında dərc olunan kitabda İbrahim Səfiyə aid rəsm əsərləri, məktublar və sənədlər yer alıb.

İbrahim Səfi 1898-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının indiki Şərur rayonunda anadan olub. Birinci Dünya müharibəsindən sonra Türkiyəyə gələn İbrahim Səfi 1923-cü ildə İstanbul Gözəl Sənətlər Akademiyasında təhsil alıb. Mənzərə, natürmort və portret üslubunda rəsmlərini ərsəyə gətirən İbrahim Səfi 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatına layiq görülüb. İbrahim Səfinin rəsm əsərlərindən ibarət fərdi sərgiləri Türkiyə ilə yanaşı, ABŞ, Fransa, İsveçrə və Avstriyada da təşkil olunub. Məşhur rəssam 1983-cü il mayın 5-də açılan 100-cü sərgisindən bir neçə gün sonra İstanbulda dünyasını dəyişib. Bu gün də Türkiyədə ehtiramla xatırlanan İbrahim Səfi, xüsusilə incəsənət xadimləri tərəfindən rəğbət və hörmətlə anılır.

İstanbulun Bəyoğlu ərazisində yerləşən məşhur və turistlərin daha çox ziyarət etdiyi “İstiqlal prospekti”nin görkəmli hissəsindəki binanın üzərinə tanınmış azərbaycanlı rəssam İbrahim Səfinin xatirə lövhəsi vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: