Sərəncamdan nəticəyə: Naxçıvanda Əcəmi irsinə dövlət qayğısının 11 avqust mənzərəsi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana növbəti səfəri çərçivəsində Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı və Möminə Xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olması Naxçıvanın tarixi-mədəni irsinin qorunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin real nəticələrini nümayiş etdirdi. İlk baxışda bunlar iki ayrı tədbir təsiri bağışlaya bilər. Əslində isə onların arasında möhkəm bir məntiqi bağ var. Bir tərəfdə Əcəminin adı və irsi yeni abidə ilə əbədiləşdirilir, digər tərəfdə onun yaratdığı möhtəşəm memarlıq nümunələrindən biri – Möminə Xatun türbəsi gələcək nəsillər üçün qorunur. Və bütün bunlar təsadüfi deyil. Bu ardıcıllığın mahiyyətini son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əcəmi Naxçıvaninin irsinin qorunması və təbliği, onun 900 illiyinin qeyd olunması, abidəsinin ucaldılması və Möminə Xatun türbəsinin bərpası ilə bağlı imzaladığı sərəncamlarda da aydın görmək mümkündür. Əcəmi Naxçıvaninin 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi də Azərbaycan memarlıq irsinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm hadisədir. Bu mənada Əcəminin abidəsinin ucaldılması yalnız heykəlin qoyulması deyil, böyük memarın irsinin 900 illik yubiley çərçivəsində yenidən ictimai və beynəlxalq diqqətə çıxarılması prosesinin bir hissəsidir. Cənab İlham Əliyevin Möminə Xatun türbəsində aparılan işlərlə tanış olması da eyni ardıcıllığın başqa bir nəticəsidir. Belə ki, 2025-ci il mayın 22-də imzalanmış Sərəncamla dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə Xatun türbəsinin bərpası və konservasiyası üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Sərəncamın 3-cü bəndində isə bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün zəruri maliyyə vəsaitinin növbəti illərdə dövlət büdcəsi layihələrində nəzərdə tutulması müəyyənləşdirilib. Bu proses növbəti mərhələdə də davam etdirilib. 2026-cı il martın 16-da imzalanan Sərəncamla Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün 9 milyon 566 min manat vəsait ayrılıb. Beləliklə, 2025 və 2026-cı illərdə bu məqsədlə ayrılmış vəsaitin ümumi məbləği 10 milyon 566 min manata çatıb. Lakin burada əsas məsələ yalnız maliyyə göstəricisi deyil. Əsas məsələ odur ki, XII əsrin böyük memarlıq yadigarı ilə bağlı dövlət qərarı araşdırmadan layihələndirməyə, maliyyələşmədən real bərpa prosesinə qədər ardıcıl mexanizmə çevrilib. Məhz buna görə cənab Prezidentin Möminə Xatun türbəsində aparılan işlərlə tanış olması xüsusi məna daşıyır. Çünki artıq söhbət yalnız “bərpa olunacaq” ifadəsindən getmir. 2023–2025-ci illərdə yerli və xarici ekspertlər tərəfindən aparılmış baxış və tədqiqatlar nəticəsində abidənin vəziyyəti qiymətləndirilib və bərpa-konservasiya tədbirlərinin zəruriliyi müəyyənləşdirilib. Hazırda abidənin bərpası, dam örtüyünün yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması istiqamətində işlər aparılır. Layihəyə Avstriyanın bu sahədə çoxillik təcrübəyə malik “Atelier Erich Pummer GmbH” şirkətinin cəlb olunması isə bərpa prosesində beynəlxalq peşəkar təcrübədən istifadə edildiyini göstərir. Başqa sözlə, 2025-ci ildə qəbul edilmiş qərar 2026-cı ildə artıq real bərpa prosesində öz əksini tapıb.
Ən mühüm məqam isə budur ki, Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və Möminə Xatun türbəsinin bərpası Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dövlət qayğısı ilə mədəni irs sahəsində həyata keçirdiyi işlərin yalnız görünən iki nəticəsidir. Nazirliyin qarşısında formalaşan fəaliyyət xətti artıq ayrı-ayrı abidələrin bərpasından daha geniş məzmun daşıyır. Burada məqsəd abidəni müəyyənləşdirmək, sənədləşdirmək, qorumaq, bərpa etmək, ətrafını abadlaşdırmaq, müasir texnologiyalarla təqdim etmək və nəticə etibarilə onu cəmiyyət üçün daha əlçatan mədəni resursa çevirməkdir.
Nazirliyin “Elmi-Mədəni İrsin Bərpası və Qorunması üzrə Tədbirlər Planı” da məhz bu yanaşmanın praktik ifadəsidir. Bu planın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada həm artıq nəticəsi görünən layihələr, həm də yaxın illərdə reallaşdırılması nəzərdə tutulan çoxsaylı layihələr vahid sistem daxilində birləşir.
Hazırda diqqətdə olan mühüm istiqamətlərdən biri Hüseyn Cavid məqbərəsinin bərpa və konservasiyasıdır. Bu layihə artıq ilkin mərhələləri keçib. Abidəyə baxış keçirilib, layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilib və sənədlər yekunlaşdırılaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda layihə sənədlərinin razılaşdırılması və müvafiq ekspertizaların keçirilməsi mərhələsi gedir. Növbəti mərhələdə bərpa-konservasiya işlərinin aparılması üçün satınalma prosesinin keçirilməsi, daha sonra isə 2027–2028-ci illərdə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, Naxçıvanda mədəni irsin qorunmasına münasibətin mühüm xüsusiyyətini göstərir: əvvəlcə elmi tədqiqat və texniki sənədləşmə, sonra bərpa.
Naxçıvanda mədəni irsin qorunması təbliği istiqamətində həyata keçirilən tədbirlərin bir istiqaməti də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Burada məqsəd yalnız bir binanın bərpası deyil, qoruğun uzunmüddətli qorunması, konservasiyası və bərpasına dair sistemli yanaşmanın formalaşdırılmasıdır. Hazırda qoruğun bərpasına dair konsepsiya sənədinin hazırlanması istiqamətində iş aparılır. Növbəti mərhələdə konsepsiyanın razılaşdırılması, daha sonra isə onun əsasında fəaliyyət proqramının hazırlanması nəzərdə tutulur. Bu yanaşma Ordubadın tarixi simasının ayrı-ayrı abidələr səviyyəsində deyil, bütöv şəhər-mədəniyyət mühiti kimi qorunmasına imkan yarada bilər.
Qoruğun ərazisində “Ərbabın iş yeri”nin bərpası üzrə isə artıq layihələndirmə və razılaşdırma mərhələləri geridə qalıb, 2025-ci ilin avqustundan bərpa-konservasiya işləri aparılır və işlərin 2027-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, Ordubad mədrəsəsi və Sərşəhər məscidi üzrə layihə sənədləri hazırlanıb və razılaşdırma-ekspertiza mərhələsi davam edir. Növbəti mərhələdə podratçı şirkətin seçilməsi, daha sonra isə 2027–2029-cu illərdə bərpa-konservasiya işlərinin aparılması planlaşdırılır.
XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Təkeşiyi məscidinin də bərpası nəzərdə tutulur.
Beləliklə, Ordubadda aparılan işlər təkcə ayrı-ayrı tarixi tikililərin yenilənməsi deyil, tarixi şəhər mühitinin qorunması istiqamətində uzunmüddətli proqramın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Naxçıvan şəhərində XVIII əsr memarlıq abidəsi olan “İsmayıl xan hamamı”nın orijinal vəziyyətinə qaytarılması ilə bağlı işlər davam etdirilir. Abidənin bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanmış, qurumların rəyləri alınmış və aidiyyəti üzrə ekspertizaya göndərilmişdir. Növbəti mərhələdə podratçı şirkətin seçilməsi və 2026-cı ilin sonlarından 2028-ci ilədək bərpa-konservasiya işlərinin aparılması nəzərdə tutulur. Bu layihənin də əhəmiyyəti ondadır ki, Naxçıvanın memarlıq tarixinin müxtəlif dövrlərinə aid nümunələr vahid bərpa siyasətinə daxil edilir.
Mədəni irsin qorunmasında bəzən ən böyük nəticə gözlə görünən bərpa edilmiş bina deyil, onun düzgün sənədləşdirilməsi və hüquqi-mühafizə mexanizminin yaradılmasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması xüsusi əhəmiyyət daşıyır. 2026-cı ildə bu istiqamətdə abidələrə baxış keçirilib, tələbat formalaşdırılıb və sənədləşdirmə prosesinə başlanılıb. Bu işin 2029-cu ilədək davam etdirilməsi nəzərdə tutulur.
Paralel olaraq abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi və müvafiq sənədlərin hazırlanması istiqamətində də işlər aparılır. Bu prosesin 2030-cu ilədək davam etməsi planlaşdırılır. Bununla yanaşı, abidələr üçün məlumat lövhələrinin hazırlanması və quraşdırılması da nəzərdə tutulub. Bu, ilk baxışda texniki məsələ kimi görünə bilər. Əslində isə tarixi irsin ictimai təqdimatı baxımından mühüm addımdır. Çünki abidənin qorunması qədər onun nə olduğunu, hansı tarixə malik olduğunu və niyə qorunduğunu cəmiyyətə anlatmaq da vacibdir.
Xaraba Gilan arxeoloji abidəsinin ərazisinin mühafizəsi, ayrı-ayrı sahələrin hasarlanması və mühafizə tədbirlərinin gücləndirilməsi də qarşıdakı layihələr sırasındadır.
Mədəni irs siyasətinin digər mühüm istiqaməti muzeylərin yalnız təmir olunması deyil, müasir muzeyçilik standartlarına uyğunlaşdırılmasıdır. Bu istiqamətdə Heydər Əliyev Muzeyinin maddi-texniki bazasının gücləndirilməsi üzrə artıq konkret nəticələr var. Avadanlıq və mebellərin yenilənməsi üçün satınalma həyata keçirilib, müqavilə bağlanılıb. Hazırda avadanlıqların bir hissəsi gətirilib, digər hissəsinin sifarişi verilib. İşlərin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Növbəti diqqətçəkən istiqamət isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində QR-kod sisteminin tətbiqidir. Bu layihə reallaşdıqda ziyarətçi abidə və eksponatlar haqqında məlumatı ənənəvi lövhə ilə yanaşı, rəqəmsal formatda da əldə edə biləcək. Bu, əslində, dövlət mədəniyyət siyasətinin gələcəyə baxan tərəfidir: tarixi irsi qorumaqla yanaşı, onu yeni nəslin istifadə etdiyi texnologiyalarla təqdim etmək.
Muxtar respublikadakı ev muzeylərinin vəziyyətinin yaxşılaşdırılması da bu istiqamətin tərkib hissəsidir. Artıq muzeylərə baxış keçirilib, qüsurlar müəyyənləşdirilir. Ardınca layihələndirmə və texniki tapşırıqlar hazırlanacaq, 2026–2027-ci illərdə bərpa və maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində işlər görüləcək.
Mədəniyyət siyasətinin yalnız keçmişi qorumaqdan ibarət olmadığını göstərən daha bir istiqamət uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının gücləndirilməsidir. Bu layihə çərçivəsində tələbat müəyyənləşdirilib, satınalma həyata keçirilib və müqavilə bağlanılıb. Artıq interaktiv lövhələr məktəblərə təhvil verilib, musiqi alətlərinin sifarişi verilib. Layihənin 2026-cı ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.
Burada əsas məna ondan ibarətdir ki, dövlət qayğısı yalnız keçmişin abidələrinə deyil, gələcəyin mədəniyyət yaradıcılarına da yönəlir. Başqa sözlə, bir tərəfdə Əcəminin 900 il əvvəl yaratdığı irs qorunur, digər tərəfdə yeni sənətkarların yetişməsi üçün mədəni təhsil infrastrukturu gücləndirilir.
Gülüstan, Gəmiqaya və Arpaçay tarix-mədəniyyət qoruqları üzrə görülən işlər də mədəni irsin idarə olunmasına yeni yanaşmanın formalaşdığını göstərir. Bu qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyənləşdirilməsi, ərazilər üçün xüsusi rejimin və əsasnamələrin hazırlanması, layihələrin razılaşdırılması və təsdiqi üzrə mərhələli tədbirlər nəzərdə tutulub. Bu prosesin nəticəsində qoruqların qorunması daha sistemli hüquqi və idarəetmə mexanizmlərinə söykənə bilər. Belə yanaşma xüsusilə vacibdir. Çünki mədəni irsin gələcək taleyi yalnız bərpa olunan abidədən deyil, onun ətraf mühitinin, mühafizə zonasının, istifadə rejiminin və idarəetmə mexanizminin necə qurulmasından da asılıdır.
Onu da qeyd edək ki, sadalanan bu mədəni layihələrun bir çoxu “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı əhatə edir və həmin proqramın əhəmiyyətini bir daha ortaya qoyur.
Sonda bir məqamı da vurğulayaq ki, Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilən 2026-cı ildə Naxçıvanda Əcəminin abidəsinin ucaldılması və Möminə Xatun türbəsində genişmiqyaslı bərpa işlərinin aparılması, şübhəsiz ki, rəmzi və praktik baxımdan bir-birini tamamlayan hadisələrdir. Əcəmi Naxçıvani Naxçıvan memarlıq məktəbinin keçmişini təmsil edir. Onun adına ucaldılan abidə bu irsin yaddaşını yaşadır. Möminə xatun türbəsinin bərpası həmin irsin özünü qoruyur. Muzeylərin rəqəmsallaşdırılması, qoruqların müasir və qabaqcıl təcrübəyə uyğun formada idarə olunması, abidələrin pasportlaşdırılması və uşaqlar üçün musiqi-incəsənət təhsilinin gücləndirilməsi isə bu irsin gələcəyini formalaşdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana növbəti səfəri və mədəniyyət sahəsində həyata keçirilən bu layihələrlə yerində tanış olması, şübhəsiz ki, Naxçıvanın mədəni ictimaiyyəti üçün xüsusi hadisədir. Bu sevinc təkcə Əcəmi Naxçıvaninin abidəsinin açılışından doğmur. Bu, uzun illər qorunmasına ehtiyac duyulan abidələrin diqqətə alınmasından, layihələrin ardıcıl şəkildə maliyyələşdirilməsindən, mədəniyyət müəssisələrinin yenilənməsindən və ən əsası, Naxçıvanın mədəni irsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qəbul edilməsindən doğan sevincdir. Mədəniyyət işçiləri üçün bu diqqət eyni zamanda məsuliyyətdir. Çünki dövlət səviyyəsində qəbul edilən qərarların real nəticəyə çevrilməsi üçün onların üzərinə düşən iş bundan sonra daha da artır: qorumaq, araşdırmaq, bərpa etmək, təbliğ etmək və milli-mədəni irsi cəmiyyətə daha müasir formada təqdim etmək!
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Media və kommunikasiya sektoru