“İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində yayımlanmasından böyük məmnunluq duyuram.
NUHÇIXAN xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimat mərasimində çıxışı zamanı deyib.
Lu Mey bildirib ki, Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir. İki min il bundan əvvəl qədim İpək Yolunda Çin və Azərbaycan xalqları qarşılıqlı əlaqə, mübadilə və bir-birindən öyrənmə yolunda ilk addımlarını atıblar.
Qeyd olunub ki, son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri hərtərəfli şəkildə inkişaf edərək yeni mərhələyə qədəm qoyub və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bununla da, iki ölkə arasında əməkdaşlığın inkişafında yeni tarixi səhifə açılıb.
Səfir vurğulayıb ki, hazırda Çin ilə Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin sayı artır, əlaqələr genişlənir, siyasi qarşılıqlı etimad möhkəmlənir. “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm və məhsuldar nəticələr əldə olunur, ikitərəfli ticarət dövriyyəsi isə dəfələrlə yeni rekord göstəricilərə çatır.
Onun sözlərinə görə, xalqlarımızın bir-birinin mədəni irsi ilə daha yaxından tanış olmaq istəyi də getdikcə güclənir. Mədəniyyət, təhsil, media, beyin mərkəzləri, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilələr, regionlararası əlaqələr və digər sahələrdə humanitar əməkdaşlıq dərinləşir və praktiki nəticələrlə zənginləşir. Bu əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafına yeni imkanlar yaratmaqla yanaşı, onların ictimai dayaqlarını da möhkəmləndirir.
Lu Mey diqqətə çatdırıb ki, məhz belə dostluq və qarşılıqlı anlaşma şəraitində “İrs Keşikçisi” sənədli filmi “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim edilmək üçün xüsusi olaraq hazırlanıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və ARB24 telekanalı da qısa müddət ərzində resursları səfərbər edərək filmin Azərbaycanda yayımlanmasına fəal dəstək göstərib.
Səfir qeyd edib ki, filmin Azərbaycanda uğurla nümayiş etdirilməsi yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərmir, həm də azərbaycanlı tamaşaçılara Çin Xalq Respublikasının Sədri Si Cinpinin mədəniyyətə dair düşüncələrini daha dərindən anlamağa, Çinin dövlət idarəçiliyi konsepsiyasının söykəndiyi zəngin mədəni irsi daha yaxından dərk etməyə imkan verəcək.
Bildirilib ki, Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra yüksəkkeyfiyyətli proqramlar da təqdim edəcək. Bu proqramlar Azərbaycanlı tamaşaçılar üçün yeni dövr Çini daha yaxından tanımaq, Çin xalqının ənənəvi mədəniyyətinin özünəməxsus cazibəsini hiss etmək baxımından mühüm körpü rolunu oynayacaq, iki ölkə arasında humanitar mübadilənin və xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcək.
“Sivilizasiyalar mübadilə sayəsində rəngarəngləşir, qarşılıqlı öyrənmə sayəsində isə zənginləşir”, – deyə Lu Mey bildirib.
O əlavə edib ki, gələcəyə nəzər saldıqda, Çin ilə Azərbaycan arasında müxtəlif sahələrdə humanitar mübadilə və əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur və bu istiqamətdə böyük potensial vardır.
Səfirin sözlərinə görə, dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları rəhbər tutan Çin və Azərbaycan, Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə həyata keçirməyə, sivilizasiyalararası qarşılıqlı öyrənmə və dostluq ənənələrini inkişaf etdirməyə, xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında Çin-Azərbaycan münasibətlərinin yeni səhifəsini birgə yazmağa hazırdır.
“Ümid edirik ki, iki ölkənin mədəniyyət, media, təhsil, beyin mərkəzləri və digər sahələrinin nümayəndələri əməkdaşlığı daha da gücləndirəcək, birlikdə yeni yüksəkkeyfiyyətli əsər və layihə ərsəyə gətirəcəklər. Onlar Çin-Azərbaycan dostluğu haqqında daha çox maraqlı hekayələr danışacaq, iki xalq arasında mədəni əlaqələri daha da möhkəmləndirəcək, ikitərəfli münasibətlərin inkişafına və Bəşəriyyətin Vahid Taleyi Birliyi ideyasının təşviqinə daha böyük töhfə verəcəklər”, – deyə Lu Mey vurğulayıb.
