Musiqi məktəblərinin şagirdləri hesabat konserti veriblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirliyin tabeliyindəki uşaq  musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin rəsm sərgisi və hesabat konserti olub.  

Əvvəlcə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinin foyesindəki rəsm sərgisinə baxış olub. Sərgidə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəssamlıq ixtisası üzrə təhsil alan şagirdlərin 48 rəsm əsəri sərgilənib. 

Sonra Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, həmçinin xalq mahnı, yallı və muğamlarından nümunələrin ifa edildiyi konsert proqramı olub. Konsertdə Nehrəm Kənd Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri ansamblı “Cahargah rəngi”, Ələkli Kənd Uşaq Musiqi Məktəbinin “Sazçalanlar” ansamblı “Xan gözəlləməsi”, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Kamançaçalanlar” ansamblı “Şüstər rəngi” musiqi nömrələrini, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu isə “Qarabağ yallısı”nı musiqisevərlərə təqdim ediblər.

Konsertin davamında M. Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin vokal qrupu görkəmli Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin “Kəndimiz”, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivi konsertmeystr Nərminə Qədimovanın müşayiəti ilə M.Maqomayevin “Odlar yurdu” əsərlərini ifa ediblər.

Dünya bəstəkarlarından M. Blanerin “Katyuşa” əsəri Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Qanunçalanlar” ansamblının, Y. Vesnyakın “Karlson” əsəri Culfa Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə ikinci sinif şagirdləri Aysel Muradlı və Səma Elyazlının, A. Vivaldinin “Ştorm” əsəri Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin “Skripkaçalanlar” ansamblının ifalarında alqışlarla qarşılanıb.

Hesabat konsertinin sonunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək uğurlu hesabat konsertlərinə görə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənərkarlıq məktəblərinin müəllim-şagird kollektivini təbrik edib.

Bildirilib ki, bir neçə gündür davam edən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənərkarlıq məktəblərinin uğurlu hesabat konsertləri bir daha göstərdi ki, muxtar respublikada yeniyetmə və gənclərin musiqi təhsilinə böyük dövlət qayğısı göstərilir. Məhz bu dövlət qayğısının nəticəsidir ki, musiqi təhsili almış yeniyetmə və gənclər təkcə muxtar respublika deyil, ölkə və dünya miqyaslı müsabiqələrin qalibi adını qazanaraq çəkilən zəhmətin bəhrəsiz qalmadığını nümayiş etdirirlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: