Özbəkistan portalında rus dilində “Erməni vandalları Azərbaycan məscidlərini necə məhv etdi” sərlövhəli məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə İrəvan xanlığının ərazisində “Erməni vilayəti” yaradıldıqdan sonra buradakı Azərbaycan məscidlərinin dağıdılması haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1828-ci ildə İrəvan ərazisində 9 böyük məscid, 7 kilsə, 7 böyük karvansara, 10 hamam olub. İ.Şopenin yazdığına görə, həmin vaxt İrəvanda 7331 müsəlman, erməni köçkünlərini də saymaqla 4132 erməni yaşayıb.
Məqalədə Göy məscid, Gövhər Ağa, Topabaşı, Sərtib, Hacı Hüseyn Əli Xan, Hacı Novruz Əli Xan, Dəmirbulaq, Hacı Cəfər və Qala məscidləri, bu abidələri tikən adamlar haqqında söhbət açılır.
Yazıda Qərbi Azərbaycan ərazisindəki məscidlər haqqında da danışılır, İrəvanda ancaq Göy məscidin qaldığı bildirilir.