Bir diyar var – qədim Azərbaycan torpağında. Dağlarında neçə-neçə hökmdarların atlarının ayaq səslərini duyuran, qüdrətini sərkərdələr qılıncından alan. Bir diyar var – küçələrində tarixin nəfəsini yaşadan, daş divarlarında əsrlərin yaddaşını qoruyan. Al-əlvan Naxçıvandır bu diyar – vüqarı, əzəməti ilə bu gün də düşmənə göz dağı olan qədim Naxçıvan. Eraların yaddaşından günümüzə boylanan. Bəli, ululuğunu qoruyub, zamana sinə gərən bir məbəddir Naxçıvan. Bu diyarın daşı da, qayası da bir tarixdən söhbət açır insanına. Yeni-yeni tarix yazır seyrə çıxan hər canlısına. Tarixindən don geyinən, mədəniyyəti ilə zinətlənən, sazlı-sözlü musiqiləri ilə ətrafına yeni nəfəs verən bu diyar yaşının üstünə yaş aldıqca daha da çiçəklənir, daha da gözəlləşir. Hətta vaxt olur özü özü ilə rəqabət aparır, zaman-zaman özünə belə meydan oxuyur. Mavi gözlü Batabatdan, başı qarlı Haçadağdan qürurlanır Naxçıvan. Sülh carçılarına məskən olan azad səmasından ilham alır Naxçıvan. İlhamından qüvvət alır, beləliklə, qüdrətlənir Naxçıvan.
Naxçıvanın mədəniyyəti onun hər qarış torpağında yaşayır. Söylənilmiş hər hikmətli söz, səsləndirilmiş hər musiqi nömrəsi, yaradılmış hər sənət nümunəsi keçmişdən gələcəyə uzanan bir körpü rolunu oynayır. O körpüdən keçərkən insan bir daha anlayır ki, keçmiş yalnız kitab səhifələrindən oxunmur, küçələrdə, tikililərdə, abidələrdə də yaşayır. Bu diyarda mədəniyyət təkcə keçmişə söykənməklə kifayətlənmir, bu gün də yeni nəfəslə özünü yenidən yaradan bir dəyərə çevrilir. Xalq yaradıcılığından tutmuş memarlıq incilərinə qədər hər bir nümunə Naxçıvan mədəniyyətinin inkişafına töhfələr verir. Mədəniyyətimizin ən parlaq səhifələrindən birini isə memarlıq məktəbi təşkil edir.
Tanınmış italyan memar Mikelancelo Buonarroti sənəti haqqında verilən “Bu qüsursuz heykəlləri necə düzəldirsiniz?” sualına cavab olaraq qarşısındakı mərməri göstərib yaradıcılığını bu cümlələrlə ifadə etmişdir: “Mərmərin içərisində mələyi gördüm və onu azad edənədək yonmağa davam etdim. Əsl memar gizli sirləri görə bilməlidir. Mən sadəcə gərəksiz hissələri çıxarıram.” Bu fikir əslində, memarlıq sənətinin mahiyyəti ilə bağlı verilmiş fəlsəfi cavabdır. Çünki həqiqi memarlıq daşı, kərpici naxışlarla bəzəmək demək deyil, zamanın yaddaşını qorumaq, keçmişi gələcəyə daşımaq sənətidir. XV-XVI əsrlərdə yaşamış, yaratmış italyan memarın fikrinə istinad edərək deyə bilərik ki, onun sözləri hər daş parçasında bir gizli obraz kəşf edən Naxçıvan torpağının yetirməsi Memar Əcəmi Naxçıvaninin sənəti ilə səsləşir. Memarlıq məktəbinin formalaşmasında və inkişafında əsrlər keçməsinə baxmayaraq, adı bu gün də ehtiramla anılan böyük ustad Əcəmi Naxçıvaninin rolu böyükdür. Onun sənət dünyası donmuş bir tarixdən ibarət deyil, hər yeni nəsildə yenidən oxunan, dərk olunan, yaşadılan bir məktəbdir. Memar Əcəminin yaratdığı memarlıq inciləri dövrünün sənətkarlıq və düşüncə dünyasını yaşadan tarixi salnamələrdir. Qoruduğumuz, yaşatdığımız və gələcəyə ötürdüyümüz mənəvi dəyərlərin içərisində fəxarətlə çəkdiyimiz Əcəmi Naxçıvani adı Naxçıvan mədəniyyətinə həkk olunmuş ən parlaq və təkrarolunmaz imzalardan biridir. Xalqın milli yaddaşını özündə barındıran, yeni nəsildə milli özünüdərki formalaşdıran, keçmişdən soraq verən və bu gün inkişaf edən Naxçıvan mədəniyyətinin zənginləşməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələrin hər biri isə gələcəyə mirasdır.
Müstəqil dövlətimiz tərəfindən mədəniyyətimizin istənilən sahəsi xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixdə Naxçıvan şəhərində Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı imzaladığı Sərəncam, xüsusilə, Naxçıvan mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir. 11 avqust 2026-cı il tarixdə Naxçıvana səfər edərək görülən işlərlə yaxından tanış olan və Memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev müsahibəsi zamanı Naxçıvan diyarının qədimliyini, zəngin mədəniyyətini diqqətə çatdıraraq demişdir: “...Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, mlli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik...”
Bəli, mədəniyyət nümunələrinə sahib çıxaraq qoruyan, digər xalqlar arasında mədəniyyətimizi layiqincə təmsil edən bir nəsil bu günlərdə Əcəmi məktəbinin davamçıları tərəfindən hazırlanmış Memar Əcəminin abidəsinin açılışına şahidlik edir. Təsadüfi deyil ki, Naxçıvan şəhərində ucaldılmış məğrur görkəmli bu abidə kürəyini XII əsrdə ananın, qadının adına inşa edilmiş “Şərqin mirvarisi” adlandırılan əzəmətli Möminə xatun türbəsinə söykəyib. Üzərində “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” sözlərinin yazıldığı tikilinin qarşısında dayanan heykəl sanki XXI əsrin insanına da türbəyə həkk olunmuş sözlərin doğruluq payını təkrar çatdırmaq istəyir. Heykəlin simasında Memar Əcəminin öz nəfəsi duyulur. Bu abidə təkcə böyük memarın xatirəsini əbədiləşdirən heykəltəraşlıq nümunəsi deyil, həm də Azərbaycan memarlıq tarixinə ithaf olunan ehtiramın ifadəsidir. Abidəyə yaxınlaşdıqca onun əzəmətindən çox insanı düşündürən daha bir məqam yaranır. Heykəlin daşıdığı məna insanı düşünməyə vadar edir. Qarşısında dayanıb baxdıqda bu heykəlin bir sənətkarın obrazından daha böyük missiyanı daşıdığını görürük. Əcəmi Naxçıvaninin simasında daşın dilini anlayan, həndəsəni sənətə çevirən böyük bir düha görünür, əsrlər əvvəl Naxçıvan torpağında formalaşan memarlıq düşüncəsinin bu günün insanına çatdırmaq istədiyi fikirlər hiss edilir. Bütün əzəməti ilə gözoxşayan XII əsrə aid Möminə xatun məqbərəsi və böyük memarın onun qarşısında dayanan XXI əsrdəki məğrur heykəli dövrün iki ayrı mərhələsini eyni nöqtədə birləşdirir. Həmin mənzərə keçmişdən bu günə, bu gündən gələcəyə körpü rolunu oynamaqla yanaşı, mədəni irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işləri əks etdirir. Dövlət başçısının 16 mart 2026-cı il tarixli Sərəncamına əsasən Möminə xatun məqbərəsində bərpa və konservasiya işlərinin görülməsi bahabiçilməz irsin əsrlər sonra da tarixiliyini qorumasına xidmət edir. Əminliklə deyə bilərik ki, əsrlərin daş yaddaşından süzülüb günümüzə gəlib çatan dəyər gələcəkdə də yeni nəsillərin milli kimliyini daha dərindən dərk etməsi baxımından əyani və canlı ensiklopediya rolunu oynayacaqdır.
Türkay Məmmədli,
Bəhruz Kəngərli Muzeyinin kiçik elmi işçisi
