Ulu öndər Heydər Əliyev irsi ədəbiyyatşünasliq elminin ideoloji mənbəyi kimi

A- A A+

Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynayıb. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olub.

Heydər Əliyevin hələ Azərbaycanda Mərkəzi Komitəyə rəhbərlik etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi haqqında qəbul etdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli ideyalar istiqamətində inkişafına böyük təkan verib. Keçən əsrin 20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən qoparılma cəhdinə düçar olmuşdu. Xalqın milli düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi və mədəniyyət nümunələri zərərli abidələr adı altında sıradan çıxarılırdı. Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü şəkildə tarix səhnəsindən silinirdi. XX əsrin 70-ci illərindən isə Heydər Əliyevin bu məsələni xüsusi diqqət altına alması  xalqın milli sərvətini özünə qaytarmaq vəzifələrinin icrasına səbəb oldu. Beləliklə, yüksək istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə olunmağa başladı. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə böyük imkanlar yarandı,  ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz kimi qorunaraq ədəbiyyatşünaslıq milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.  

Azərbaycan xalqının bir çox sınaqlardan keçdiyi XX əsrin qarışıq və mürəkkəb 90-cı illərində yenidən hakimiyyətə qayıdan Heydər Əliyev davamlı siyasət sayəsində xalqın mənəvi sərvətinin qorunması və inkişafına mühüm diqqət ayırdı. 90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin ideoloji böhran yaşandığı, meyarların itdiyi bir bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən etməyə şərait yaratdı. Yeni düşüncənin ortaya çıxdığı bir zamanda verilən  qararlar  milli baxış və təhlil meyarlarının meydana gəlməsinə səbəb oldu. Bu dövrdən başlayaraq milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı. Çünki Ümummilli liderin fikrincə: “...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan Heydər Əliyevin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti olmaqdan şıxarılmış “Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına kdəqiq münasibətin müəyyən edilməsinə istiqamət verdi. Onun: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapıb...  ...Bu, bizim ana kitabımızdır... ...Eposun əsas ideyasını qəhrəmanlıq ideologiyası təşkil edir. ...“Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”, – deyə ifadə etdiyi fikirlər həm qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına, bütövlükdə xalqın mənəvi sərvətlərinə yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi deyil ki, ulu öndər Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha geniş  və peşəkar  dəyərləndirmə aparırdı.  Bu mənada onun hər bir sahə ilə bağlı söylədiyi fikirlər həmin elmin, sahənin tədqiqatına yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli ictimai xadim, ədib Nəriman Nərimanov haqqında dediyi fikirlər təkcə onun əleyhinə aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən Sovet dövrü tarixinə, sovet qalıqlarına qarışaraq ictimai qınaq hədəfinə çevrilmiş bütün görkəmli şəxsiyyətlər əleyhinə yönəldilmiş fikir və stereotiplərə qarşı tutarlı cavab olmaqla bərabər ümumən Azərbaycan tarixinin Sovet dövrünə düzgün, obyektiv yanaşma tərzinin formalaşmasına təkan verdi.  

Heydər Əliyev görkəmli söz ustadları, böyük klassiklər  - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətayi, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof olaraq təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması konsepsiyasını göstərirdi. Çıxışında:“XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”, – deyə  böyük klassiklərin yaradıcılığını, ümumən milli ədəbi düşüncə və milli ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini ifadə etmiş olurdu. Həmçinin, böyük şair Hüseyn Cavidlə bağlı səsləndirdiyi fikirlər də ədəbiyyatşünaslıqda milli konseptual istiqamət, yanaşma tərzi, Sovet dövründən ziddiyyətli fikirlər qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti haqqında obyektiv milli yanaşma meyarı müəyyənləşdirilmiş oldu. Onun vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməsi, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə əsl bəraət və ikinci həyat bəxş etməsi ilə də nəticələndi. Ulu öndərin: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandı­rır­lar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsər­lə­rin­dəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”un­dan geri qalmırkimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan romantizminə yanaşma üsulu və tərzini  ədəbi cəhətdən müəyyən etmiş olurdu.

Ümumiyyətlə, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malikdir. Onun Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları haqqında fikirlərində həm şəxsiyyətlərə filosof kimi yanaşma meyli özünü aydın ifadə edir, həm də bu şəxsiyyətlərin dünya səviyyəsində qazanmış olduqları şöhrət və ədəbi mövqelərinə diqqət çəkmiş olurdu. Bununla milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzi təqdim edirdi.  Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma  ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyaya bağlı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu.

Ulu öndər Heydər Əliyev öz müdrik fikirləri ilə Azərbaycan elmi-ictimai fikrinin inkişafına yeni güc qatıb, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan xalqının həyatını təşkil edən  bütün sahələrdə həyata keçirilən hərtərəfli davranış və xilaskarlıq missiyası dahi lider Heydər Əliyevi Ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazandırıb.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: