Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyev ölkədə digər sahələrlə yanaşı təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirib. İstər 1970–1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğı dövlət səviyyəsində prioritet məslə kimi önə çəkilirdi. Hələ 1970-ci illərdə Ulu öndər xalqımızın istedadlı yaradıcı insanlarını nəinki keçmiş SSRİ-də, hətta dünyada tanıtdırılmasıüçün təsviri incəsənətin imkanlarını yüksək dəyərləndirirdi. Azərbaycan təsviri incəsənəti Heydər Əliyev epoxasında dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Prinsip etibarilə Azərbaycan sənət adamının yaradıcı təxəyyülü Ulu Öndər tərəfindən dəstəklənib, nəticədə məhz həmin dövrlərdə Azərbaycan təsviri incəsənəti özünün möhtəşəm uğurlarına imza atıb.
Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltaraşların, memarların yaradıcılığını yüksək qiymətləndirirdi. Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Ömər Eldarov, Lətif Kərimov, Kamil Əliyev kimi yaradıcı insanlar onun qayğısı ilə öz yaradıcılıqlarını dünya səviyyəsinə qaldıra bildilər.
Qəti şəkildə deyə bilərik ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycan təsviri incəsənətinin ən fədakar təbliğatçısı missiyasını şərəflə, həm də sevə - sevə həyata keçirib. Onun şəxsi və rəsmi təşəbbüsü ilə Tahir Salahova hələ 1973-cü ildə keçmiş ittifaqın ən yüksək mükafatolan SSRİ Xalq rəssamı fəxri adı verildi.
Ulu öndər Azərbaycanın mədəniyyət xadiminin yeni yaradıcılıq uğurlarını əldə etməsi üçün dövlət tərəfindən hər cür şəraitin yarada bilmişdi. Azərbaycan mədəniyyəti tarixində yer tutan sənət adamlarının yubileylərinin keçirilməsi daim dövlət səviyyəsində təşkil edilir, respublika miqyaslı sərgilərdə şəxsən iştirakı ilə yaradıcı insanları yeni sənət uğurlarına ruhlandırırdı. Əslində Azərbaycan mədəniyyətinin hər bir nümayəndəsi Heydər Əliyevin simasında özünün əzmkar və yenilməz müdafiəçisini tapmışdı.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı üçün sənət adamlarının yaradıcılıq əlaqələrinin genişləndirilməsinə də xüsusi önəm verirdi. Təsadüfi deyil ki, SSRİ Rəssamlıq Akademiyasının 1981-ci il tarixli qurultayı Bakıda keçirildi. Bu önəmli qurultayda çıxış edən Ümummilli liderimiz Azərbaycan rəssamlarının qarşısında xalqa, ölkəyə xidmət baxımından ciddi vəzifələr qoydu. Ulu Öndər mədəniyyət sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması məsələsinə də xüsusi həssaslıqla yanaşırdı. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə məhz dahi rəhbərin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başladı.
Azərbaycan təsviri incəsənəti tarixində heç bir mütərəqqi hadisə Heydər Əliyevin diqqətindən yayınmayıb. Ölkə mədəniyyətinə məxsus müəlliflərin, əsərlərin dəyərləndirilməsi işində Ulu Öndər sistemli dövlətçilik ənənəsi yaradıb. 1973-cü ildə milli koloritdə işlədiyi üçün keçmiş SSRİ-nin müvafiq qurumları tərəfindən qəbul edilməyən istedadlı rəssam Səttar Bəhlulzadənin əsərinə Dövlət mükafatı verməklə Heydər Əliyev Azərbaycanda sənətadamının daim dövlət qayğısı ilə əhatə olunacağını elan edirdi. Öz növbəsində Azərbaycanın sənət adamları da Heydər Əliyev dühası qarşısında mənəvi borcunu bu möhtəşəm dahiyə məxsus olan şəxsi keyfiyyətləri müxtəlif sənət əsərlərində canlandırmaqla ödəməyə çalışıblar. Bu gün fəxrlə deyə bilərik ki, dünya rəssamlığı və heykəltəraşlığının ən qiymətli sənət inciləri sırasında Ulu Öndərə həsr olunanlar da şedevr sayılır.
Ümummilli liderin qayğısı ilə əhatələnən Naxçıvan rəssamlığı, memarlığı və heykəltəraşlığı da sözün həqiqi mənasında, özünün neointibah dövrünü yaşayır. 1971-ci ildə Naxçıvan Rəssamlar Təşkilatı məhz dahi rəhbərin təşəbbüsü və sərəncamı ilə yaradılıb. Həmin dövrdə Naxçıvanda davamalı olaraq Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Elmira Şaxtaxtlı, Rəcəb Rəcəbov, Şəmil Mustafayev, Sabir Qədimov kimi rəssamların yaradıcılıq sərgilərinin keçirilməsi bu sənətə göstərilən dövlət qayğısı idi.
Ümummilli liderin Azərbaycan rəssamlığına göstərdiyi ən böyük diqqət və qayğı isə ilk peşəkar rəssam Bəhruz Kəngərli irsinə verdiyi qiymətdir. 2002-ci ildə rəssamın 110 illiyinin ölkə səviyyəsində qeyd edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyinin yaradılması da böyük rəssama göstərilən qayğının nümunəsidir. 2002-ci il iyunun 18-də bu muzeyin açılışında Ümummilli liderin şəxsən iştirak etməsi və nitq söyləməsi də Heydər Əliyevin sənətə verdiyi sonsuz qiymət idi. Bu həm də muxtar respublikanın sənət adamlarının yaradıcılığında yeni bir mərhələnin başlanğıcı idi.
Hazırda bu ənənə davam edir. Naxçıvanda yaşayıb-yaradan Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamları Ülviyyə Həmzəyeva, Telman Abdinov, Həsən Qurbanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva,Cavid İsmayılov,Əli Səfərli, sənətşünas-rəssamlar Ləman Məmmədova, Nizami Alıyev kimi tanınmış fırça ustaları yeni sənət uğurlarına imza atmaqdadırlar.
Toğrul Cəfərli
Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi