Muzeyin sakit, tarix qoxuyan salonlarını addım-addım gəzərkən insan özünü sanki zaman maşınında hiss edir. Vitrinlərin arxasında səssizcə qorunan köhnə səhifələr, sənədlər və fotoşəkillər arasında elə bir hekayə ilə qarşılaşırsan ki, illərin tozunu deyil, birbaşa həmin dövrün alovlanan közünü üzə çıxarır. Söhbət böyük yazıçı Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” əsərində təsvir etdiyi, insanı dərindən düşündürən Mingis məscidi xatirəsindən gedir.
Təsəvvür edin: XX əsrin əvvəlləri. Cəmiyyət cəhalətin girdabında boğulur, xurafat hər tərəfi qatı duman kimi bürüyüb. Belə bir dövrdə Ordubadi “Qeyrət” mətbəəsində nəşr olunan “Qəflət” əsəri ilə sanki pərdəni aralayır, cəmiyyətə həqiqət aynasını tutur. Onun “Sözdən götürdüm pərdəni, kəşf olsun həqiqət” misrası həmin dövr üçün cəsarətli çağırışa çevrilir.
Təbii ki, gerilikçi qüvvələr bunu bağışlamır. Mollalar minbərlərdən şairə qarşı çıxır, onu dindən uzaqlaşmaqda ittiham edirlər. Gərginlik o həddə çatır ki, ailəsinin narahatlığı fonunda Ordubadi Məhərrəm ayının altıncı gecəsi Mingis məscidinə getməyə məcbur olur.
Məscidə daxil olduğu anda isə havadakı gərginliyi, sanki, əllə hiss etmək mümkün idi. Qarşı tərəfdə əyləşən qolçomaq Mirağanın şübhəli və ittihamedici baxışları, şairin yenicə təraş olunmuş üzünə kinayə ilə verdiyi “Səid, bığların, saqqalın hanı?” sualı və ən acınacaqlısı – çay paylayan qulluqçunun Ordubadinin qarşısından səssizcə keçib getməsi...
“Səid çayını içib gəlib!”
Bu cümlə həmin dövrün məhdudiyyətlərini, qərəzini və cəhalətini özündə əks etdirən səssiz bir hökm kimi səslənirdi. Sonda Dana Kərimin oğlunun Ordubadiyə bir daha məscidə gəlməməyi açıq şəkildə bildirməsi hadisənin mahiyyətini tam ortaya qoyurdu.
Amma hekayə burada bitmir. Əsl işıq da məhz bundan sonra yaranır.
Ordubadi anlayır ki, cəhalətlə mübarizə aparmağın yolu hay-küy salmaq deyil. Onu yalnız elm, maarif və azad düşüncə ilə məğlub etmək mümkündür. O, təqiblərə boyun əymir, ruhdan düşmür. Əksinə, əqidə dostları Mirzə Sadıq, Mirzə Salman, Mirzə Əsgər və oğlu Məmmədi ətrafına toplayaraq kiçik bir qiraətxana yaradır.
Həmin kiçik otaq qaranlığın ortasında yandırılmış böyük bir məşələ çevrilir. Məscidlərdə qurulan qadağa divarları, xurafatın yaratdığı düşüncə zəncirləri bu azad fikir və maarifçilik ocağının qarşısında getdikcə zəifləyir.
Bu gün muzeyimizin qapısından içəri daxil olan hər bir qonaq həmin tarixə yalnız eksponatlar vasitəsilə deyil, Ordubadinin həyat yolu və mübarizəsi ilə də nəzər salır. Vitrinlərdə qorunan kitablar, sənədlər və fotoşəkillər keçmişi bu günlə birləşdirir.
Muzeyimizi ziyarət edən qonaqlardan birinin təəssüratı bunu belə ifadə edir:
“Buranı gəzəndə sanki təkcə keçmişimizə deyil, bu günümüzün də köklərinə baxırıq. Ordubadinin keçdiyi əzablı, eyni zamanda şərəfli yolu oxuyanda insan qürur duyur. İnanılmazdır ki, bir insanın qarşılaşdığı haqsızlıqlar necə böyük bir maarifçilik hərəkatına çevrilib. Muzeydən çıxanda insanın içində kitaba, elmə və azad düşüncəyə qarşı tamam başqa bir sevgi yaranır”.
Böyüklər onun əsərlərindəki tarixi dərinliyə və cəsarətə heyran qalır, uşaqlar və gənclər isə qorxmaz maarifçinin həyat hekayəsini böyük maraqla, sanki macəra romanı oxuyurmuş kimi dinləyirlər.
Gənc ziyarətçilərdən birinin fikirləri də bunu təsdiqləyir:
“Muzeyə gələndə, düzü, belə təsirli və canlı tarixlə qarşılaşacağımı gözləmirdim. Ordubadinin yazdığı kitablar və həyatı haqqında öyrəndiklərimiz həm məndə, həm də yanımda gələn uşaqlarda böyük maraq oyatdı. Onun qaranlıq bir mühitdə belə işıq saçması insanı qürurlandırır. Buradan ayrılarkən sanki içimizdə yenidən oxumaq və öyrənmək həvəsi yaranır”.
Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına nəzər saldıqda bir həqiqət aydın görünür: cəhalətə qarşı ən güclü silah qələm, elm və maarifdir. Ordubadinin qələmindən süzülən işıq isə bu gün də muzeyin sakit salonlarında öz nurunu qoruyur.
Məmməd Səid Ordubadinin
Ev Muzeyinin elmi işçisi
Sunay Fərəcova
