Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri hazırlanacaq - FOTOLAR
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında görüş keçirilib.
Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, görüşdə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub.
Görüşdə vurğulanıb ki, Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planında peyk təsvirlərindən istifadə etməklə turizm nümayiş obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.
Eyni zamanda, görüşdə “Azərkosmos” tərəfindən “Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.
Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda “Azərkosmos” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri hazırlanacaq.