Bir səhər Azərbaycan torpağının üzərinə qəribə bir işıq yayıldı. Bu işıq nə günəşin doğuşundan, nə də uzaqdan gələn bahar nəfəsindən xəbər verirdi. Bu, sözün işığı idi. Söz ilk dəfə yalnız gözəllikdən danışmaq üçün deyil, cəmiyyətin yaralarını göstərmək, yuxuda olan vicdanı oyatmaq, susan insanın dilinə çevrilmək üçün meydana çıxmışdı. Bu sözün arxasında isə kəskin, narahat, düşündürücü və həqiqətə sədaqətli bir qələm dayanırdı. Bu, Mirzə Cəlil Məmmədquluzadənin qələmi idi.
Mirzə Cəlil Azərbaycan ədəbiyyatına yalnız yazıçı kimi gəlmədi. O, ədəbiyyat qarşısında yeni yollar açdı. Onun yaradıcılığında gülüş bəzən göz yaşından daha ağır, sadə bir cümlə uzun bir nəsihətdən daha təsirli, adi bir insanın taleyi isə bütöv bir cəmiyyətin portretinə çevrilirdi. O, sözün rahatlığını pozur, oxucunu düşündürür, sual verməyə məcbur edirdi. Çünki Mirzə Cəlilin ədəbiyyatı insanı sadəcə oxumağa deyil, oyanmağa çağırırdı.
Onun “Molla Nəsrəddin” jurnalında ifadə etdiyi əsas ideyalardan biri də məhz bu idi: cəmiyyət öz eyiblərinə kənardan baxmağı bacarmalıdır. “Molla Nəsrəddin xalqın aynasıdır” fikri jurnalın və bütövlükdə Mollanəsrəddinçi ədəbi məktəbin mahiyyətini ifadə edən əsas prinsiplərdən birinə çevrildi.
Beləliklə, ədəbiyyat artıq yalnız sarayların, qəhrəmanların və romantik hisslərin dili deyildi. Küçədə yaşayan adi insanın, kəndlinin, müəllimin, qadının, uşağın, savadsız və yoxsul insanın həyatı da ədəbiyyatın əsas mövzularından birinə çevrildi.
Mirzə Cəlilin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, ilk növbədə, realist dünyagörüşünün dərinləşdirilməsi ilə bağlıdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ciddi sosial, siyasi və mədəni dəyişikliklər baş verirdi. Milli oyanış, maarifçilik, qadın azadlığı, təhsil, ana dili və ictimai gerilik kimi məsələlər ədəbiyyatın əsas mövzularına çevrilirdi. Mirzə Cəlil isə bu proseslərin ən qüdrətli ədəbi ifadəçilərindən biri oldu.
Onun yaradıcılığında tənqidi realizm xüsusi yer tutur. Tənqidi realizm yalnız həyatı təsvir etməklə kifayətlənmir; cəmiyyətin problemlərini göstərir, onların səbəbləri üzərində düşündürür və dəyişiklik zərurətini ortaya qoyur. Mirzə Cəlilin əsərlərində də həyat olduğu kimi təqdim edilir. Lakin bu təsvirin arxasında güclü ictimai mövqe dayanır. Yazıçı geriliyi, xurafatı, nadanlığı, savadsızlığı və sosial ədalətsizliyi satirik gülüş vasitəsilə ifşa edirdi.
Bu baxımdan “Poçt qutusu”, “Usta Zeynal”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı”, “Ölülər” kimi əsərlər Azərbaycan ədəbiyyatında yeni bədii mərhələnin parlaq nümunələridir.
Xüsusilə “Ölülər” əsərində cəmiyyətin mənəvi passivliyi və düşüncə böhranı satirik-fəlsəfi səviyyədə ümumiləşdirilir. İsgəndər obrazı vasitəsilə yazıçı dövrünün ictimai problemlərinə etiraz edən, düşünən və sual verən insan tipini yaradır. İsgəndərin etirazı əslində yalnız bir dövrə deyil, düşüncəsizliyə və mənəvi durğunluğa qarşı yönəlmişdi.
Mirzə Cəlilin yeniliklərindən biri də xalq danışıq dilini ədəbi yaradıcılığın mühüm vasitəsinə çevirməsi idi. O, süni və ağır ifadələrdən uzaqlaşaraq canlı danışıq dilindən istifadə edir, obrazların xarakterini onların nitqi vasitəsilə açırdı. Bu xüsusiyyət əsərlərinin xalq tərəfindən asanlıqla başa düşülməsinə və geniş yayılmasına imkan verirdi. Beləliklə, ədəbi dil ilə xalq dili arasındakı məsafənin azalmasına mühüm təsir göstərirdi.
Mirzə Cəlil üçün dil yalnız ünsiyyət vasitəsi deyildi. Dil milli varlığın əsas dayaqlarından biri idi. “Molla Nəsrəddin”in səhifələrində ana dilinin qorunması, savadlanma və milli şüurun formalaşması məsələləri ardıcıl şəkildə gündəmə gətirilirdi.
Jurnalın özü də Azərbaycan mətbuatında yeni bir üslub yaratdı. Satirik məqalə, felyeton, karikatura, dialoq və publisistik yazı bir araya gətirilərək oxucuya həm düşündürücü, həm də emosional təsir göstərən yeni bir mətbuat modeli formalaşdırıldı.
“Molla Nəsrəddin”in təsiri yalnız Azərbaycanla məhdudlaşmırdı. Jurnal Qafqazın və bütövlükdə Şərq müsəlman dünyasının sosial-mədəni problemlərinə münasibət bildirirdi. Onun satirik dili milli sərhədləri aşaraq ümumi Şərq geriliyinin, fanatizmin və savadsızlığın tənqidinə çevrilirdi. Bu baxımdan Mirzə Cəlil və onun ətrafında formalaşan Mollanəsrəddinçi ədəbi məktəb Azərbaycan ədəbiyyatının modernləşməsi prosesində mühüm rol oynadı.
Yazıçının yaradıcılığında qadın məsələsi də xüsusi əhəmiyyət daşıyır. O dövrdə qadınların təhsildən, ictimai həyatdan və sərbəst düşüncədən uzaq saxlanılması ciddi sosial problemlərdən biri idi. Mirzə Cəlil qadının savadsızlığını və hüquqsuzluğunu yalnız ailə problemi kimi deyil, bütöv cəmiyyətin inkişafına mane olan amil kimi təqdim edirdi.
“Anamın kitabı” əsərində milli birlik, ana dili və mənəvi bütövlük məsələləri ilə yanaşı, ailə və cəmiyyət münasibətləri də yeni baxışla işlənmişdir.
Mirzə Cəlilin yenilikçi fəaliyyəti obraz yaratma prinsipində də özünü göstərirdi. Ədəbiyyatda əvvəllər daha çox idealizə edilən və ya yüksək sosial təbəqələrə aid qəhrəmanların əvəzinə, o, adi insanı əsərin mərkəzinə gətirdi. Onun qəhrəmanları həyatdan gəlirdi. Onlar danışır, yanılır, gülünc vəziyyətə düşür, bəzən düşünür, bəzən isə düşünməkdən imtina edirdilər. Məhz bu adi insanlar vasitəsilə yazıçı böyük ictimai həqiqətləri göstərirdi.
Mirzə Cəlilin satirasının gücü də buradan qaynaqlanırdı. Onun gülüşü sadəcə əyləndirmirdi. Bu gülüşün arxasında ağrı vardı. Yazıçı gülərək düşündürür, düşündürərək narahat edirdi. Bəzən bir obrazın cəhaləti, bir kəndin savadsızlığı, bir ailənin faciəsi bütöv bir xalqın taleyi haqqında düşünməyə vadar edirdi. Bu mənada Mirzə Cəlilin satirası həm bədii, həm də ictimai funksiyaya malik idi.
Azərbaycan ədəbiyyatında yeniliklərdən danışarkən Mirzə Cəlilin irsini yalnız müəyyən bir dövrün hadisəsi kimi qiymətləndirmək doğru olmaz. Onun yaratdığı ədəbi ənənə sonrakı nəsillərə də ciddi təsir göstərdi. Ədəbiyyatın cəmiyyət qarşısında məsuliyyəti, xalq dilinə yaxınlıq, sosial problemlərə münasibət, satirik düşüncə və milli özünüdərk kimi məsələlər Azərbaycan ədəbiyyatının sonrakı inkişafında da öz əksini tapdı.
Mirzə Cəlilin böyüklüyü həm də ondadır ki, o, öz dövrünün problemlərindən yazarkən gələcək nəsillərlə danışmağı bacardı. Onun əsərlərində təsvir olunan bəzi problemlər zamanla dəyişsə də, cahillik, biganəlik, düşüncəsizlik və həqiqətdən qaçmaq kimi mənəvi məsələlər öz aktuallığını qoruyur. Buna görə də Mirzə Cəlilin əsərləri yalnız tarixi sənəd deyil, insan və cəmiyyət haqqında düşünməyə imkan verən canlı sənət nümunələridir.
Beləliklə, Mirzə Cəlil Azərbaycan ədəbiyyatında yeniliyin yalnız müəllifi deyil, həm də onun böyük memarlarından biridir. O, ədəbiyyatı həyatın içinə gətirdi, xalqın səsini yazıya çevirdi, gülüşü ictimai etirazın gücünə yüksəltdi. Onun qələmi ilə Azərbaycan nəsri daha realist, daha milli, daha sosial və daha müasir istiqamət qazandı. “Molla Nəsrəddin” isə yalnız jurnal deyil, bir düşüncə məktəbinə, milli oyanış tribunası və ictimai fikir meydanına çevrildi.
Və bu gün, illər keçəndən sonra Mirzə Cəlilin sətirlərinə yenidən baxanda qəribə bir həqiqətlə qarşılaşırıq: zaman dəyişir, amma insanın oyanmaq ehtiyacı dəyişmir. Onun gülüşündə bir xalqın kədəri, etirazında bir xalqın ümidi, sözündə isə gələcəyə uzanan bir yol yaşayır.
Mirzə Cəlilin qələmi bir vaxtlar mürgüləyən cəmiyyətin qapısını döydü. O qapıdan əvvəlcə bir gülüş, sonra bir sual, daha sonra isə böyük bir həqiqət içəri girdi. Söz oyandı. Söz oyandıqca insan düşündü, insan düşündükcə cəmiyyət dəyişdi.
Bu gün də Mirzə Cəlilin səsi uzaqdan gələn bir səs deyil. O, kitabın səhifələrindən bizə baxan və “Bəs sən nə düşünürsən?” deyə soruşan narahat bir vicdanın səsidir. Çünki böyük ədəbiyyat zamanın içində doğulur, amma zamanın fövqündə yaşayır.
Zaman keçdi, ictimai quruluşlar dəyişdi, ədəbi zövqlər yeniləndi. Lakin Mirzə Cəlilin sözü öz mahiyyətini qorudu. Çünki həqiqəti söyləyən söz zamanla köhnəlmir. O söz hər yeni nəsildə yenidən oxunur, yenidən dərk edilir və yenidən insan qarşısında eyni məsuliyyətli sualı qoyur:
Cəmiyyət dəyişməlidirsə, bu dəyişiklik haradan başlamalıdır?
Mirzə Cəlilin yaradıcılığının cavabı aydındır: əvvəlcə düşüncədən, sonra sözdən, nəhayət, insandan.
Aytac Kamal
C.Məmmədquluzadə ev muzeyinin əməkdaşı
