Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun fərdi yaradıcılıq sərgisi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan incəsənətinə, bütövlükdə, mədəniyyətimizə böyük diqqət və qayğı göstərdiyini bildirib. Vurğulanıb ki, incəsənət bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında Səyyad Bayramovun Naxçıvan teatrında, muxtar respublikada rəsm sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, 40-a yaxın tamaşaya tərtibat verən, rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradan, gənc rəssam kadrların yetişməsində yaxından iştirak edən Səyyad Bayramovun yaradıcılığı və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar və başqaları əlamətdar gün münasibətilə sərgisi keçirilən rəssamı təbrik ediblər.

Rəssam Səyyad Bayramov çıxış edərək sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirin sonunda sərgiyə baxış olub. Emosional üslub tərzinə, yüksək peşəkarlığa, zəngin, kontrastlı kolorit həllinə malik 50 rəsm əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi mayın 15-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: