Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olub. Bu baxımdan xalqımız hər zaman özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib.
Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi çox vacib məsələdir.
Ölkəmizdə mədəniyyətin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına qayğı göstərmiş, bu sahənin nümayəndələrini daim qiymətləndirərək onlara böyük dəyər verib, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoyub.
Bu gün Naxçıvan Muxtar Respublikasında da mədəniyyətin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. İldən-ilə mədəniyyət müəssisələrinin tikintisi və əsaslı təmiri diqqət mərkəzində saxlanılır, əhalinin mədəni istirahəti üçün hərtərəfli şərait yaradılır, mədəniyyət və incəsənət sahəsində istedadların aşkara çıxarılması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün geniş miqyaslı tədbirlər həyata keçirilir.
Bu gün sözün əsl mənasında özünün inkişaf dövrünü yaşayan Kəngərli rayonunda da bu bölgənin mədəni irsinin qorunmasına, təbliğ edilməsinə hərtərəfli şərait yaradılıb. Rayonda digər sahələr kimi, mədəniyyət sahəsi də günü-gündən inkişaf edir. Bölgədəki mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərməsini təmin etmək məqsədilə onların böyük əksəriyyəti üçün yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib.
Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən 28 müəssisə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə töhfələrini verməyə səy göstərir. Rayon sakinləri Tarix-Diyarşünaslıq və Şahtaxtinskilər muzeylərinin, Qarabağlar Türbə Kompleksinin və 6 mədəniyyət evinin, 12 kitabxana müəssisəsinin, 5 klubun, 2 uşaq musiqi məktəbinin xidmətindən lazımınca istifadə edirlər.
Rayon Mədəniyyət Sarayı Qıvraq qəsəbəsinin ən gözəl və yaraşıqlı binalarından biridir. Rayon sakinlərinə böyük qayğının ifadəsi kimi müasir tələblər səviyyəsində inşa olunub Mədəniyyət Sarayının binası lazım olan avadanlıqlarla təmin edilib, burada bir sıra dərnəklər yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsi il ərzində müxtəlif əlamətdar günlərin, mədəni tədbirlərin, konsert proqramlarının təşkil olunduğu əsas ünvanlardandır. Rayon Mədəniyyət Sarayında “Kəngər” instrumental ansamblı, qızlardan ibarət “Gülüm hey” folklor qrupu, böyüklərdən ibarət “Sarı gəlin” yallı kollektivi və uşaqlardan ibarət yallı kollektivləri fəaliyyət göstərir.
2004-cü ildə yaradılan “Kəngər” instrumental ansamblı rayonda keçirilən ədəbi-bədii tədbirlərdə, bayram şənliklərində konsert proqramı ilə çıxış edir. Ansamblın üzvləri daim öz üzərlərində çalışaraq repertuarlarını daha da zənginləşdirir, iştirak etdikləri bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün səylə çalışırlar.
Kəngərli rayonu tarixən milli adət-ənənələri, xalq yaradıcılığı nümunələrini özündə yaşadan qədim bölgələrimizdən biridir. Rayonun kəndlərində yerli əhaliyə məxsus adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılmaqdadır. Toy mərasimlərini, el şənliklərini bunlarsız təsəvvür etmək mümkün deyil. Həmin toy mərasimlərində, qadın məclislərində, yəni xına gecələrində kəndin yaşlı qadınları, cavan qızları halay tutar, gülüm hey gedərlər. Səhnəcik şəklində keçirilən gülüm-hey xalq yaradıcılığı nümunəsi keçmişdən bu günə yadigar qalan folklor nümunələrindəndir. Qızlardan ibarət qrup özlərinə xas bu xalq yaradıcılığı nümunəsini bu günədək yaşadırlar.
Rayon Mədəniyyət Sarayı da fəaliyyətə başladığı ilk gündən yerli əhaliyə məxsus adət-ənənələrin, folklor nümunələrinin yaşadılması üçün yeni folklor kollektivləri yaratmağı qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Hazırda həmin folklor nümunələri “Gülüm-hey” folklor qrupunun fəaliyyətində öz əksini tapıb. Bu gün “Gülüm-hey” adlı folklor qrupunun fəaliyyət göstərməsi milli dəyərlərimizin qorunması və təbliği istiqamətində görülmüş işlərin məntiqi nəticəsidir.
Xalqımızın bir çox milli mədəniyyət elementlərini və etnoqrafik xüsusiyyətlərini özündə cəmləşdirən qədim rəqslərimizdən biri də yallıdır. Qədim rəqs mədəniyyəti ilə yanaşı, özündə bənzərsiz xalq musiqisini yaşadan yallılarımız bu gün də qorunur, gənc nəsillərə öyrədilir. İnsanları qələbəyə səsləyən, onlarda Vətənə, torpağa məhəbbət hissi oyadan yallılarımız birlik və bərabərliyimizin rəmzinə çevrilib. 2007-ci ildə fəaliyyətə başlamış həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri də rayonun mədəni həyatında mühüm rol oynayır. Hər ay folklor kollektivlərinin məşqləri təşkil olunur, milli adət-ənənələrimizin təbliği ilə bağlı məktəblilərlə görüşlər keçirilir.
Kəngərli rayon Mədəniyyət Sarayının kollektivi yaradılan şəraitdən istifadə edərək bundan sonra da mədəni irsimizin qorunması, dəyərlərimizin təbliği sahəsində öz səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Tofiq Rüstəmov,
Kəngərli Rayon Mədəniyyət
Sarayının direktoru
“Yeni həyat ” qəzeti