Kəngərlidə turizmin inkişafı üçün geniş imkanlar var

A- A A+

Naxçıvan Muxtar Respublikası mühüm turizm potensialına malikdir. Zəngin tarixi-mədəni irsi, mineral bulaqları, nadir təbiət və qədim memarlıq abidələri, özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik olan yaşayış məntəqələri muxtar respublikada turizmin inkişafını şərtləndirən əsas amillərdir.  Lazımi turizm potensialına malik olan qədim diyarımızda dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bu sahədə davamlı inkişafa nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaradıb.

Muxtar respublikanın mövcud turizm potensialında hər bir bölgənin öz rolu var. Kəngərli rayonu da bu sırada istisna deyil. Xatırladaq ki, turizm xidmət üzərində qurulan bir sektor olduğundan istənilən bölgədə turizmin inkişafı üçün infrastruktur təminatının zəruriliyi qaçılmazdır. Bu mənada Kəngərli rayonunda görülmüş işlər onun turizm imkanlarını daha da artırır. Belə ki, həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq son illərdə rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb, avtomobil yolları yenidən qurulub, elektrik, qaz, rabitə təminatı ən yüksək səviyyədə öz həllini tapıb. Bununla yanaşı, hər il müxtəlif sahələri əhatə edən quruculuq işlərinin davam etdirilməsi, genişmiqyaslı yaşıllıq tədbirlərinin aparılması rayonun simasının ildən-ilə daha da gözəllşməsinə səbəb olub. Bu da turizm cəlbediciliyi baxımdan təqdirolunasıdır. Təbii ki, rayon əhalisinin böyük əksəriyyəti kəndlərdə yaşadığı üçün kənd yaşayış məntəqələrinin belə cəlbedici olması çox vacibdir.

1 qəsəbə və 10 kəndi özündə birləşdirən rayonda yaşayış məntəqələrini bir-birinə bağlayan müəyyən istiqamətlər var. Buradakı bütün kəndlər özünəməxsus tarixi köklərə malikdir. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Qarabağlar kəndi Naxçıvanın ən qədim yaşayış məskənlərindəndir. Kəndin şimal-şərqindəki Qalacıq adlanan ərazidə e.ə. II-I minilliyin əvvəllərinə aid, təqribən 40 hektar sahəsi olan yaşayış yeri aşkar edilib. 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra ərazinin bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeri olması təsdiq edilib. Kənd ən qədim yaşayış məskənlərindən biri olmaqla, tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilib. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F. Rəşidəddin, N. Xanıkov, Moryer, İ. Şopen, İ. Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar veriblər. Əsrlərin yadigarı olan Qarabağlar Türbə Kompleksi isə qədim şəhərin tarixi və mədəni zənginliyini bu günümüzədək daşıyan milli memarlıq abidələrimizdəndir. Muxtar respublikamızda tarixi abidələrimizə göstərilən böyük dövlət qayğısının nəticəsidir ki, Qarabağlar Türbə Kompleksi də ötən dövrdə kompleks şəkildə elmi əsaslarla bərpa edilib, nəticədə bu yaşayış məntəqəsinin turizm potensialı xeyli yüksəlib. Bundan əlavə, bu gün Qarabağlar kəndinə gələn turistlər təkcə türbə kompleksi ilə deyil, kəndin maraqlı, gəzməli-görməli yerləri ilə, o cümlədən Asnı piri və çayı, Qalacıq, Bəzəkli, Bilici, Süzgünlər kimi qədim yaşayış məskənləri, hər birinin öz tarixçəsi olan əsas altı məhəlləsi və çoxsaylı qədim bulaqları ilə yaxından tanış olmaq imkanı əldə edə bilərlər. Eyni zamanda dağ turizmini sevənlər üçün kəndin şimal-şərq və qərb hissələrinə doğru uzanan dağlıq ərazilərində piyada səfərlərinə çıxa, yerli sakinlərin köməyindən istifadə edərək mövsümə uyğun bu dağların qoynunda bitən, min bir dərdin dərmanı olan şəfalı bitkilərdən toplayıb istifadə edə bilərlər.

Bu baxımdan  Çalxanqala kəndini seçənlər qədim yaşayış məskəninin tarixini özündə yaşadan Çalxan dağını və qalasını yaxından tanıya, heyvandarlıq, o cümlədən arıçılıqla məşğul olan sakinlərlə kəndin bir-birindən maraqlı kövşənlərini gəzə, təsərrüfat həyatında yaxından iştirak edə bilərlər. Şahtaxtı kəndini seçənlər də milli tariximizin, elm və mədəniyyətimizin, Naxçıvanın tarixən ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyəti olan bu yurd yeri haqqında əhəmiyyətli məlumatlar ala bilərlər. Xok, Qıvraq, Qabıllı, Yurdçu, Böyükdüz kəndləri də həm tarixi, həm də müasir təsərrüfat həyatı baxımından əcnəbilər üçün maraqlı sayıla bilər.

Ümumilikdə kənd turizminin inkişaf etdirilməsinə geniş imkanlar açan rayonun turizm potensialında milli mədəniyyətimizin təbliği üçün hər cür şərait var. Aydındır ki, tarixi turizmə marağı olanları milli dəyərlər də maraqlandırır. Çünki burada əsas motivasiya kənd həyatına, burada yüz illər boyu yaşadılan dəyərlərə, adət-ənənələrə yaxın olmaqdan keçir. Sevindirici haldır ki, digər bölgələrimiz kimi Kəngərli rayonunun bütün kənd yaşayış məntəqələrində də milli adət-ənənələrimiz lazımınca qorunur və inkişaf etdirilir. Digər tərəfdən bu gün kənd turizminin inkişaf etdirilməsində mühüm amillərdən biri də sakinlər tərəfindən turistlərə xidmət göstərilməsidir. Bu cür xidmətlərə turistlərin qalacaqları kənd evlərində lazımi şəraitin olması, həyət-bacanın səliqə-sahmanı, ev sahibinin gülərüzlülüyü, sakitiyin təmin olunması, bələdçilik və sair amillər daxildir. Artıq bu gün Kəngərli rayonunun kəndlərində də kirayə üçün evini turistlərə təqdim edəcək sakinlər az deyil.

Müasir dövrdə turizm sahəsində təbliğatın aparılmasında internetin imkanlarından geniş istifadə olunur. Kəngərli rayonunda da bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması mövcud turizm potensialının təbliği və tanıdılması sahəsində geniş imkanlar açır.  Ümid edirik ki, qlobal şəbəkənin imkanlarından düzgün istifadə nəticəsində yaxın gələcəkdə Kəngərli rayonuna üz tutan turistlərin də sayı çox olacaq.

 

Səbuhi Həsənov

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: