Naxçıvanda musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu üçün müsabiqə elan olunur
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu üçün müsabiqə elan olunur. Müsabiqə mərhələsi 10-13 sentyabr tarixlərini əhatə edəcək.
Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.
Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir.
Namizədlər əsasən musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.
Qeyd edək ki, ətraflı məlumat əldə etmək istəyən namizədlər müvafiq regional mədəniyyət idarələrinə müraciət edə bilərlər.
Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.
