Naxçıvanda səslənən Üzeyir bəyin pianosu: Milli musiqinin yaddaşından gələcəyə

A- A A+

Milli Musiqi Günü haqqında düşünəndə ilk olaraq musiqinin özünü xatırlayırıq. Tarın səsini, kamançanın kövrək avazını, muğamın dərin nəfəsini, xalq mahnılarının yaddaşımıza hopmuş melodiyalarını... Lakin bütün bu səslərin arxasında daha böyük bir anlayış dayanır: milli musiqi yaddaşı.

Azərbaycanın musiqi tarixində bu yaddaşı qoruyan, ona yeni istiqamət verən və gələcəyə daşıyan şəxsiyyətlərin içərisində Üzeyir Hacıbəyovun yeri tamam başqadır. Onun adı çəkiləndə yalnız böyük bəstəkar, musiqi nəzəriyyəçisi, pedaqoq və ictimai xadim deyil, həm də milli musiqi təhsilinin qurucusu yada düşür. Bu baxımdan Üzeyir bəyin Naxçıvanla bağlılığı Azərbaycan musiqi mədəniyyətinin tarixində xüsusi bir səhifədir.

Naxçıvan və Üzeyir Hacıbəyov: iki yaddaşın qovuşduğu məkan

Üzeyir Hacıbəyovu Naxçıvana bağlayan tellər 1937-ci ildən də əvvələ gedib çıxır. Onun qardaşı, bəstəkar Zülfüqar Hacıbəyov 1910-cu ildə Naxçıvan teatr mühiti ilə əlaqələr qurmuş, 1911-ci ildə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” və “Ər və arvad” əsərlərinin, həmçinin özünün “Əlli yaşında cavan” musiqili komediyasının tamaşaya hazırlanmasında iştirak etmişdi. Zülfüqar bəyin 1910–1912-ci illərdə Naxçıvanın sənət mühitində fəaliyyəti bu qədim şəhərin Hacıbəyovlar ailəsi ilə əlaqələrinin erkən izlərindən biri idi.

Naxçıvanın Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi kimi böyük söz və fikir adamlarının yetişdiyi mədəni mühit olması da Üzeyir bəyin bu şəhərə marağını gücləndirən amillərdən idi. Sonralar onun Naxçıvanla bağlı ictimai fəaliyyəti artıq daha geniş məna aldı: sənətkar burada musiqi mədəniyyətinin gələcəyinə xidmət edən konkret işlərə dəstək verdi.

1937-ci il – deputatlıqdan daha böyük bir məsuliyyət

1937-ci ildə Üzeyir Hacıbəyov Naxçıvan şəhərindən SSRİ Ali Sovetinə deputat seçildi. 1946-cı ildə isə ikinci çağırış SSRİ Ali Sovetinə yenidən Naxçıvandan deputat seçildi. Beləliklə, Naxçıvan xalqının etimadı böyük sənətkarı uzun illər bu diyarın ictimai-mədəni məsələləri ilə bağladı.

Lakin Üzeyir bəyin Naxçıvanla münasibətini yalnız deputatlıq fəaliyyəti ilə izah etmək doğru olmaz. Elə 1937-ci ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 23 avqust tarixli qərarı ilə 1 nömrəli uşaq musiqi məktəbinin yaradılması Naxçıvanda sistemli musiqi təhsilinin mühüm başlanğıclarından birinə çevrildi. Məktəbin yaranmasında Üzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi xüsusi rol oynadı.

Bir piano – bir məktəbin yaddaşı

Bu hadisənin ən təsirli səhifələrindən biri isə Üzeyir bəyin yeni yaradılan məktəbə piano hədiyyə etməsi idi. Həmin alət “Scholze” markalı fortepiano idi və bu gün də elə həmin məktəbdə kollektivi tərəfindən qorunaraq  istifadə edilir. Üzeyir Hacıbəyov bununla yanaşı, məktəbə not kitabları və digər tədris vasitələri də bağışlamışdır.

Bir fortepiano... İlk baxışda bu, sadəcə bir musiqi alətidir. Ancaq tarixə zamanın içindən baxanda onun mənası dəyişir. Çünki məktəb yalnız divarlar və sinif otaqları deyil. Məktəb ilk notun öyrənildiyi, ilk səsin eşidildiyi, uşağın sənətə bağlandığı və gələcək musiqiçinin yetişdiyi məkandır.

Ona görə də Üzeyir bəyin hədiyyə etdiyi piano, əslində, Naxçıvanın musiqi gələcəyinə verilən bir etimad idi. Bu alətin qarşısında oturan ilk uşaqların gələcəkdə hansı sənət yolunu seçəcəyini heç kim bilmirdi. Amma bir həqiqət artıq müəyyən idi: Naxçıvanda musiqi təhsilinin yeni mərhələsi başlayırdı.

Üzeyir bəyin Naxçıvanlı gənclərə qayğısı

Dahi bəstəkarın Naxçıvanla əlaqəsi yalnız məktəbin yaradılması və piano hədiyyəsi ilə məhdudlaşmırdı. O, Naxçıvanın gənc istedadlarının təhsil almasına və sənət yoluna çıxmasına da qayğı göstərirdi.

Bu baxımdan xalq şairi İslam Səfərli ilə bağlı xatirə xüsusilə diqqətçəkəndir. 1945-ci ildə Naxçıvanda seçicilərlə görüş zamanı Üzeyir bəy gənc İslam Səfərli ilə tanış olur, onun şeirlərini oxuyur və istedadını yüksək qiymətləndirərək Bakıya gedib ali təhsil almasını tövsiyə edir. Maddi imkanının məhdud olduğunu öyrənən sənətkar gəncə yardım göstərir. Sonradan Bakıda onun Azərbaycan Dövlət Universitetinə qəbul olunmasına dəstək verir və təhsil müddətində qayğı göstərir. Bu hadisə Üzeyir bəyin yalnız böyük sənətkar değil, gənc istedadların taleyinə biganə qalmayan ziyalı olduğunu göstərir.

Xalqın səsinə söykənən sənət fəlsəfəsi

Üzeyir Hacıbəyovun böyüklüyü yalnız yaratdığı əsərlərin miqyasında deyil, onun milli musiqiyə baxışında idi. O, muğamı, xalq mahnılarını, milli lad xüsusiyyətlərini və xalqın musiqi yaddaşını professional bəstəkarlıq düşüncəsi ilə birləşdirərək Azərbaycan musiqisini yeni mərhələyə çıxardı.

1926-cı ildə ilk Azərbaycan xorunun, 1931-ci ildə isə Azərbaycan xalq çalğı alətləri orkestrinin yaradılması bu düşüncənin mühüm təzahürlərindən idi. Deməli, Üzeyir bəy üçün musiqinin gələcəyi yalnız böyük əsərlər yaratmaqdan ibarət deyildi. O, ifaçı yetişdirməyi, kollektivlər yaratmağı, musiqi təhsilini sistemləşdirməyi və milli musiqi irsini yeni nəsillərə çatdırmağı da eyni dərəcədə vacib hesab edirdi.

Bu baxımdan Naxçıvanda musiqi məktəbinin yaradılması həmin böyük musiqi-pedaqoji düşüncənin yerli müstəvidə ifadəsi kimi görünür.

Naxçıvanın musiqi yaddaşında davam edən iz

Sonrakı illərdə Naxçıvan şəhərindəki 1 nömrəli uşaq musiqi məktəbi bu ənənənin daşıyıcılarından birinə çevrildi. Bu məktəbdən Xalq artisti, bəstəkar Nəriman Məmmədov, Xalq artisti, bəstəkar Ramiz Mirişli, Azərbaycan Respublikasının Əməkdar artisti Yaşar Səfərov, Naxçıvan Dövlət Universitetinin Professoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səidə Məmmədova, tarzən, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əkrəm Məmmədli, Professor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Kazımov, Naxçıvan Dövlət Universitetinin Professoru, Xalq artisti Çingiz Axundov və başqa tanınmış musiqiçilərin yetişməsi Naxçıvan musiqi məktəbinin formalaşdırdığı sənət mühitinin miqyasını göstərir.

Bu gün Naxçıvanda tarın, kamançanın, fortepianonun, skripkanın və digər alətlərin səsi müxtəlif musiqi təhsili ocaqlarından eşidilir. Hər bir səsi isə bir məktəb, bir müəllim, bir ustad və bir ənənə tamamlayır. Ötən əsrin əvvəllərində Üzeyir bəyin təməlini qoyduğu ideyalar bu gün Naxçıvanda böyük bir inkişaf yolu keçərək genişmiqyaslı şəbəkəyə çevrilib. Hazırda Naxçıvanda 17 uşaq musiqi məktəbi, 9 incəsənət məktəbi olmaqla ümumilikdə 26 musiqi təhsili ocağı, eləcə də Naxçıvan Dövlət Universitetinin nəzdində musiqi kolleci və incəsənət fakültəsi uğurla fəaliyyət göstərir. Bu təhsil ocaqlarını hər il neçə-neçə istedadlı gənc, peşəkar musiqiçi kadr bitirərək muxtar respublikanın və respublikamızın mədəniyyət həyatına töhfələr verir.

Musiqi belə yaşayır: bir nəsildən digərinə keçir; bir ustadın yaddaşından şagirdin barmaqlarına, oradan da gələcəyin səhnəsinə yol tapır.

Naxçıvan ona səsini verdi, Üzeyir bəy Naxçıvana səs bəxş etdi

Üzeyir Hacıbəyovun Naxçıvandan deputat seçilməsi ilə burada musiqi məktəbinin yaradılmasını və məktəbə piano hədiyyə edilməsini yanaşı düşündükdə maraqlı bir mənzərə yaranır.

Naxçıvan ona öz səsini verdi. Üzeyir bəy isə Naxçıvana musiqi üçün yeni bir səs bəxş etdi. Biri xalqın səsi idi, digəri fortepianonun səsi... Bu iki səsin arxasında isə eyni məqsəd dayanardı: xalqın mədəni inkişafı.

Milli Musiqi Günü – yaddaşdan gələcəyə

Hər il sentyabrın 18-də – Üzeyir Hacıbəyovun doğum günündə Milli Musiqi Gününün qeyd olunması yalnız böyük bəstəkarın xatırlanması deyil. Bu gün milli musiqinin keçdiyi yolu, Üzeyir bəyin yaratdığı məktəbi və onun gələcək nəsillərə açdığı imkanları düşünmək üçün də bir fürsətdir.

Üzeyir bəy bizə göstərdi ki, milli musiqiyə xidmət etmək yalnız əsər yazmaq deyil. Bəzən bir məktəbin yaranmasına təşəbbüs göstərməkdir. Bəzən bir uşağın qarşısına musiqi aləti qoymaqdır. Bəzən isə bir şəhərin musiqi gələcəyinə inanmaqdır.

1937-ci ildə Naxçıvanda yaradılan musiqi məktəbi və həmin məktəbə bağışlanan piano bu baxımdan dahi sənətkarın Naxçıvana qoyduğu ən mənalı mədəni izlərdən biridir.

Bu gün həmin tarixi xatırlayarkən bir həqiqət daha aydın görünür: Naxçıvan Üzeyir bəyə öz səsini verdi, Üzeyir bəy isə Naxçıvana musiqi gələcəyinin səsini bəxş etdi.

Bir vaxtlar o səs “Scholze”  markalı fortepianonun dillərindən gəlirdi. Bu gün isə həmin səs Naxçıvanın 26 musiqi və incəsənət ocağında, Naxçıvan Dövlət Universitetin musiqi kollecində və incəsənət fakültəsində, konsert salonlarında, tarın simlərində, kamançanın nəfəsində, muğamın avazında və hər il bu ocaqları bitirən gənc musiqiçilərin ifasında yaşayır.

Fortepiano susa bilər. İllər dəyişə bilər. Məktəblərin adları dəyişə bilər. Amma musiqi yaddaşı susmur. Çünki Üzeyir bəyin Naxçıvana verdiyi ən böyük hədiyyə yalnız bir fortepiano deyildi. O, bu qədim şəhərin musiqi gələcəyinə olan inamını da burada qoyub getmişdi.

 

Fətəli AXUNDZADƏ

Naxçıvan Dövlət Universitetinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: