“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub - FOTOLAR
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Candlelight Baku” ilə tərəfdaşlıq çərçivəsində xüsusi musiqi proqramı təqdim olunub.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a verilən məlumata görə, mərkəzin birinci mərtəbəsində şam işığında konsert formatından istifadə olunaraq musiqi və sənətin vəhdətindən ibarət özünəməxsus atmosfer yaradılıb.
Proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də klassik musiqi nümunələri simli kvartetin ifasında səsləndirilib.
Musiqi proqramı mərkəzə müraciət edən vətəndaşlarla yanaşı, əməkdaşlar tərəfindən də maraqla qarşılanıb.
Təşəbbüsün əsas məqsədi Milli Musiqi Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycan musiqi irsinin təbliğinə, milli musiqi ənənələrinin qorunması və yaşadılmasına töhfə verməklə yanaşı, xidmət məkanında vətəndaşlar üçün xoş və estetik mühitin yaradılması olub.