Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ordubad Rayon Mədəniyyət Sarayında Ələkbər Qasımovun “İnanmayaq tülkülərə” tamaşasını uşaq və məktəblilərə göstərib. Əsər Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinin motivləri əsasında yazılıb.
Tamaşadan əvvəl M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının haqqında uşaqlara məlumat verilib. Bildirilib ki, bu il teatrın yaradılmasının 30 illiyi tamam olur.
Sonra “İnanmayaq tülkülərə” tamaşası nümayiş etdirilib. Tamaşa kuklalarla hazırlandığı üçün xüsusilə azyaşlı uşaqlar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur.