Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XIV forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Forumda Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndə iştirak edir. Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur.
NUHÇIXAN Türkmənistanın rəsmi dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu göndərib. O qeyd edib ki, rəsmi Aşqabad MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edir. Belə ki, 2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərləri MDB-nin mədəniyyət paytaxtları elan edilib.
Forum çərçivəsində Türkmənistan Prezidentinin MDB-nin icraçı katibi Sergey Lebedev ilə keçirdiyi görüşdə də bu tədbirin əhəmiyyəti vurğulanıb.
Tədbirin açılış mərasimindən sonra keçirilən plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə edirlər. MDB məkanında keçirilən Kitab İli ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzindədir. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclasın keçirilməsi nəzərdə tutulur. Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı – “Birlik ulduzları”nın təqdimat mərasimi də təşkil ediləcək.