Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya göz açıb.
NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 149 il ötür.
O, ibtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alıb. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır və burada “Yeyərsən qaz ətini, görərsən ləzzətini" dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra Bakıda Şərq konsertləri verir və "Ata və oğul", “Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə materiallar toplayır.
"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir, "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir, "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səqir", "Lağlağı"., "Mozalan", "Süpürkəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirir. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzvi seçilir.
Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də dilimizə tərcümə edib.
1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır.