Hələ Tikilməmiş Şəhərlərin Memarları

A- A A+

Şəhərlər bir səhər oyanıb hazır vəziyyətdə tapılmır. Onların əvvəlcə torpaqda yeri, sonra kağız üzərində kölgəsi yaranır. Bir xətt çəkilir, ardınca başqa bir xətt gəlir və bir müddət sonra həmin xətlər küçəyə, meydana, binaya, bütöv bir şəhər mənzərəsinə çevrilir. Kağızın üzərində səssizcə başlayan bu proses illər sonra minlərlə insanın gündəlik həyatına çevrilir. Bir vaxtlar yalnız ağ vərəq üzərində olan xəyal, sonradan səhər tələsən insanların addımları ilə canlanır, pəncərələrdə yanan işıqlarla nəfəs alır, küçələrdə eşidilən səslərlə öz həyatını qurur.

Hər böyük şəhərin görünən simasının arxasında bir vaxtlar yalnız memarın xəyalında mövcud olmuş başqa bir şəhər var. Heç kimin hələ görmədiyi, küçələrində heç kimin addımlamadığı, pəncərələrindən heç bir işığın düşmədiyi bir şəhər... Onu ilk görən isə memardır. O, boş sahəyə baxarkən başqalarının gördüyü “boşluq”da gələcəyin məkanını görür. Torpağın səssizliyində küçələrin səsini, boşluğun içində binaların ritmini, gün işığının düşəcəyi yerlərdə gələcək həyatın izlərini təsəvvür edir.

Memarın qələmi buna görə sadəcə xətt çəkmir. O, görünməyənlə görünən arasında körpü qurur. Bir xəttin harada dayanacağını, bir divarın haraya qədər yüksələcəyini, bir pəncərənin hansı mənzərəni çərçivəyə alacağını müəyyənləşdirərkən əslində insanın gələcəkdə həmin məkanla quracağı münasibətin ilk cümləsini yazır. Bəzən bir binanın formasında bir dövrün düşüncəsi, bir meydanın quruluşunda bir cəmiyyətin yaddaşı, bir küçənin istiqamətində isə bütöv bir şəhərin gələcəyi gizlənir.

Memarlıq elə bir sənətdir ki, onun əsəri yalnız daşdan, betondan, kərpicdən, gəcdən ibarət deyil. Onun ən böyük materialı zamandır. Memar bu gün üçün layihə hazırlayarkən əslində sabahın xatirəsini qurur. Çünki tikilən hər bina bir müddət sonra şəhərin keçmişinə çevriləcək, amma onun yaratdığı məkan insanların həyatında yaşamağa davam edəcək. Və bəlkə də memarlığın ən sirli tərəfi elə budur: memar hələ mövcud olmayan bir şeyi əvvəlcə görür, sonra çəkir, daha sonra isə bütöv bir şəhərə onu göstərir.

Memar bəzən heç kimin görmədiyi bir gələcəyin konturunu çəkir. O, bu günün torpağına sabahın şəhərini yerləşdirir. Ətrafındakı boşluğa baxıb orada küçələrin səsini, meydanların hərəkətini, insanların addımlarını və illər sonra həmin məkanda yaranacaq həyatın ritmini təsəvvür edir. Buna görə memarlıq yalnız tikinti deyil, həm də hələ baş verməmiş bir həyatın məkanını əvvəlcədən düşünmək sənətidir.

Bir xəttin şəhərə çevrilməsi qeyri-adi bir hadisədir. Kağız üzərində çəkilmiş nazik bir cizgi illər sonra insanın gündəlik həyatının sərhədinə çevrilə bilər. Bir qapının yeri insanın ilk addımını, bir pəncərənin istiqaməti səhər işığının otağa düşdüyü anı, bir meydanın ölçüsü isə yüzlərlə insanın bir araya gələcəyi məkanı müəyyənləşdirə bilər. Memarın qərarları bəzən o qədər səssiz olur ki, insanlar onların nəticəsini yaşayır, amma müəllifini görmürlər.

Memar yalnız qarşısındakı torpağa deyil, həmin torpağın yaddaşına da baxır. Keçmişin daşında qalan izləri, əsrlər boyu formalaşmış şəhərsalma ənənələrini və milli üslubun dilini qoruyaraq onları müasir şəhərin ritminə uyğunlaşdırır. Beləliklə, yeni tikilən hər bina keçmişlə gələcək arasında qurulan səssiz bir körpüyə çevrilir. Bu körpüdə ənənə muzeydə qorunan donuq bir xatirə kimi deyil, yeni məkanlarda nəfəs alan canlı bir dəyər kimi yaşayır. Çünki həqiqi müasirlik keçmişi silməklə deyil, onun yaddaşını gələcəyin memarlığına daşımaqla yaranır.

Memarların işi divarları bir-birinin üstünə düzməkdən daha böyükdür. Onlar, boşluğa məna, məsafəyə ölçü, işığa istiqamət, hərəkətə yol verirlər. Binalar tikildikdən sonra memarların qələmi çox vaxt görünməz olur, amma onun verdiyi qərarlar insanların həyatında görünməyə davam edir. Bəlkə də memarlığın ən maraqlı tərəfi budur. Memarlar özündən sonra yalnız tikili qoymur. Onlar, insanların necə qarşılaşacağını, harada dayanacağını, hansı istiqamətə baxacağını, hansı küçədən keçəcəyini və hansı mənzərəni yaddaşında saxlayacağını da müəyyən dərəcədə formalaşdırırlar. Memarlıq insanın həyatına toxunan, lakin çox vaxt toxunduğunu hiss etdirməyən sənətdir.

Şəhərlər isə memarların ən böyük, ən mürəkkəb və heç vaxt tam bitməyən əsərləridir. Çünki şəhərlərin son nöqtəsi yoxdur. Dünən tikilən binalar bu günün mənzərəsinə, bu gün çəkilən layihələr isə sabahın şəhərlərinə çevrilir. Buna görə də memarlar həmişə tikintinin yox, zamanın qarşısında bir addım öndə dayanırlar. 5 Oktyabr - Memarlar Günü də məhz bu görünməyən əməyin xatırlanması üçün bir fürsətdir. Bu gün yalnız binaları layihələndirən insanları deyil, şəhərlərin gələcək yaddaşını formalaşdıran düşüncəni də xatırlayırıq. Çünki bir memarın qarşısında bəzən boş bir sahə dayanır. O isə həmin boşluqda bir şəhər görür. Hələ küçələri çəkilməmiş, meydanları yaranmamış, pəncərələrindən işıq düşməmiş, heç bir insanın addım atmadığı bir şəhər... Və bu şəhərləri ilk dəfə görən insanlar memarların özləridir. Bəlkə də memar olmaq elə budur: başqalarının hələ görə bilmədiyi şəhərlərdə yaşamaq və sonra həmin şəhərləri hamının görə biləcəyi bir gerçəkliyə çevirmək.

Bəlkə də bir gün gələcək, bu gün çəkilən xətlərə başqa insanlar baxacaq və orada öz şəhərlərini görəcəklər. Onlar həmin küçələrdə addımlayacaq, həmin meydanlarda dayanacaq, həmin binaların pəncərələrindən həyata baxacaqlar. Amma bilməyəcəklər ki, bütün bunlar bir vaxtlar yalnız bir memarın gözlərində var idi. Çünki memarın ən böyük əsəri sadəcə tikdiyi bina deyil, həm də özündən sonra gələn insanların içində yaşamağa davam edən şəhərdir. Və şəhərlər dəyişsə də, zaman keçsə də, daşlar köhnəlsə də, yaxşı memarın xətti silinmir. O xətt bir gün şəhərin yaddaşına çevrilir.

Brilyant Cəfərli

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: