Əcəmi Naxçıvani – əsrləri aşan memarlıq dühası

A- A A+

Naxçıvan qədim dövrlərdən etibarən Azərbaycanın mühüm mədəniyyət, elm və memarlıq mərkəzlərindən biri kimi tanınıb. Bu qədim diyarın zəngin memarlıq irsinin formalaşmasında böyük sənətkarların, xüsusilə XII əsrdə yaşamış və fəaliyyət göstərmiş dahi Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin müstəsna rolu vardır.

Əcəmi Naxçıvani haqqında məlumatlar əsasən onun yaratdığı memarlıq abidələri və kitabələr vasitəsilə dövrümüzə gəlib çatıb. O, Naxçıvan memarlıq məktəbinin banisi və orta əsrlər Azərbaycan memarlığının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Əcəminin yaradıcılığı Azərbaycan memarlığının inkişafında yeni mərhələ açıb, onun sənət dünyası isə əsrlər keçməsinə baxmayaraq öz əhəmiyyətini qoruyub saxlayıb.

2026-cı ildə Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin tamam olması bu böyük sənətkarın irsinin yenidən diqqət mərkəzinə gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi qərara alınıb. Sərəncamda Əcəminin Naxçıvan memarlıq məktəbinin banisi olmaqla yanaşı, Azərbaycan və Yaxın Şərq memarlığına mühüm təsir göstərmiş böyük sənətkar olduğu vurğulanır.

Əcəminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlardan biri də Naxçıvan şəhərində onun abidəsinin ucaldılması ilə bağlı Prezident Sərəncamının imzalanması olub. 18 sentyabr 2025-ci il tarixli Sərəncamla Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması qərara alınıb.

Bu qərarın davamı olaraq 11 avqust 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlət başçısına abidənin kompozisiyası və bədii həlli barədə məlumat verib.

Bu hadisə mənim üçün yalnız tarixi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də Naxçıvanın çoxəsrlik memarlıq ənənəsinin müasir sənət dili ilə yaşadılmasıdır. Rəssam gözü ilə baxanda abidə sadəcə daşdan və metaldan yaradılmış forma deyil. O, zamanla danışan, keçmişlə bu günü birləşdirən bədii ifadə vasitəsidir.

Əcəmini təsəvvür edərkən onu əlimdə qələm və ya ölçü aləti ilə daşların arasında dayanmış vəziyyətdə görürəm. Sanki o, sadəcə bina tikmir, gələcəyə məktub yazır. Onun yaratdığı hər naxış, hər xətt və hər həndəsi forma Azərbaycan memarlığının yaddaşına həkk olunan bir imzadır.

Əcəminin ən möhtəşəm əsərlərindən biri olan Möminə xatun türbəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. XII əsrin Azərbaycan memarlığının nadir nümunələrindən olan türbə 1186-cı ildə inşa edilib. Abidənin ərsəyə gəlməsində Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın mühüm rolu olub. O, anası Möminə xatunun xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində möhtəşəm məqbərənin ucaldılmasını əmr edib.

Rəssam üçün abidə yalnız heykəllərin, daşların və memarlıq elementlərinin birləşməsi deyil. Abidə həm də tarixi yaddaşdır. Cahan Pəhləvanın obrazını təsəvvür edərkən onun simasında yalnız hökmdarı deyil, öz dövrünün məsuliyyətini daşıyan insanı görmək istərdim. Onun duruşunda güc, baxışlarında isə uzaqgörənlik hiss olunmalıdır.

Kompozisiyada Cahan Pəhləvan və Əcəmi bir-birini tamamlayan iki böyük obraz kimi təqdim edilə bilər. Bir tərəfdə dövlətçilik və qüdrətin rəmzi olan hökmdar, digər tərəfdə sənətin və memarlıq dühasının təmsilçisi Əcəmi dayanır. Onların arasında isə boşluq yox, əsrləri birləşdirən görünməz bir bağ var.

Bu bağın ən möhtəşəm ifadələrindən biri Möminə xatun türbəsidir.

Bir rəssamın gözü ilə baxanda türbənin kompozisiyası və formaların bir-biri ilə əlaqəsi ecazkar mənzərə yaradır. İlk baxışdan onun sadəcə daş və kərpicdən ucaldılmış abidə olmadığını hiss etmək mümkündür. Göyə doğru yüksələn monumental forma, üzərindəki həndəsi naxışlar, kərpic düzümü və bir-birini tamamlayan xətlər böyük sənət əsərinin ayrı-ayrı elementlərini xatırladır.

Burada hər xəttin, hər ornamentin öz yeri və ritmi var. Kərpicin isti qırmızı və torpaq çalarları abidəyə sakit, lakin güclü xarakter verir. Günəş şüaları fasadın üzərinə düşdükcə ornamentlər gah işıqda, gah da kölgədə görünür. Beləliklə, türbə gün ərzində dəyişən nəhəng bir rəsm əsərinə çevrilir.

Bu abidəni rəsm əsərində təsvir edərkən isti və təbii rəng tonlarından istifadə edərdim. İşıqlı hissələrdə sarımtıl-bej və açıq narıncı çalarlar günəşin təsirini göstərər, kölgəli hissələrdə tünd qəhvəyi və qırmızı-qəhvəyi tonlar abidənin həcmini və kərpic fakturasını ön plana çıxarar. Açıq və tünd rənglərin qarşılaşdırılması ornamentlərin daha qabarıq görünməsinə imkan verər. Səma üçün açıq mavi, ətraf təbiət üçün isə zeytun yaşılı və torpaq tonları uyğun seçimdir.

Burada məqsəd parlaq və süni rənglərdən istifadə etmək deyil. Əsas məqsəd Möminə xatun türbəsinin qədimliyini, kərpic quruluşunu, monumental görünüşünü və təbii gözəlliyini mümkün qədər real şəkildə ifadə etməkdir.

Məni ən çox düşündürən isə ornamentlərin yaratdığı ritmdir. Təkrarlanan həndəsi formalar sanki rəssamın kətan üzərində qurduğu kompozisiyanı xatırladır. Kufi yazıları, kərpic naxışları, həndəsi quruluş və işıq-kölgə münasibəti birlikdə türbənin özünəməxsus bədii dilini formalaşdırır.

Bu baxımdan Əcəmi Naxçıvaninin memarlığı ilə rəssamlıq arasında böyük yaxınlıq görürəm. Hər iki sənət sahəsi xətt, forma, ritm, mütənasiblik və harmoniya üzərində qurulur. Əcəmi isə bütün bunları daşın və kərpicin dili ilə ifadə edib.

Məhz buna görə Azərbaycan Prezidentinin Naxçıvan səfəri zamanı Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olması da xüsusi məna daşıyır. 11 avqust 2026-cı ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva türbədə görülən bərpa işlərinin gedişi ilə tanış olublar. Bu işlər abidənin tarixi görkəminin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Möminə xatun türbəsinin qorunmasına dövlət səviyyəsində göstərilən diqqət bundan əvvəl də konkret qərarlarla özünü göstərib. 22 may 2025-ci il tarixli Sərəncamla türbədə bərpa və konservasiya işlərinin aparılması üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. 16 mart 2026-cı il tarixli yeni Sərəncamla isə bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayrılıb.

Bu faktlar göstərir ki, Əcəmi irsi yalnız keçmişin yadigarı kimi qorunmur, həm də müasir dövrdə dövlət səviyyəsində yaşadılır və gələcək nəsillərə ötürülür.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentin müvafiq Sərəncamında Möminə xatun türbəsi Azərbaycanın dünya əhəmiyyətli memarlıq nümunələrindən biri kimi qeyd olunur, Əcəmi Naxçıvaninin yaradıcılığı isə orta əsrlər Azərbaycan memarlığının ən yüksək zirvələrindən biri kimi qiymətləndirilir.

“Əsrin onda biri” romanında Memar Əcəmi obrazının dilindən səslənən “Naxçıvana əbədi bir möhür vurmaqdır məramım” fikri onun sənətə və doğma torpağa münasibətini ifadə edən mühüm cümlələrdəndir. Mənim üçün bu fikirdəki “möhür” sözü xüsusi məna daşıyır. Çünki sənətdə yaradılan hər əsər müəllifinin düşüncəsindən, hisslərindən və dünyagörüşündən iz daşıyır.

Əcəminin möhürü isə kətan üzərində deyil, Naxçıvanın memarlıq simasında qalıb.

Onun yaratdığı əsərlərdə xətt, forma, ritm və ornament əsrlər keçməsinə baxmayaraq öz bədii təsirini qoruyur. Bu gün Əcəmi Naxçıvaninin adı yalnız tarix kitablarının səhifələrində deyil, Naxçıvanın daş yaddaşında yaşayır.

Əcəminin möhtəşəm istedadını oxuduğum bir şeirin misraları ilə ifadə etsəm:

“Bu bir istedaddır, tamam istedad,
Beləsin yetirmir yüzdə bir həyat.”

Əcəmi Naxçıvani sadəcə memar deyil. O, gözəlliyi daşda yaşadan, sənəti memarlıqla birləşdirən və Naxçıvanın adını əsrlərin o tayına aparan böyük sənətkardır.

Bu gün onun 900 illiyinin dövlət səviyyəsində qeyd olunması, abidəsinin ucaldılması, Möminə xatun türbəsinin bərpasına və konservasiyasına xüsusi diqqət göstərilməsi Əcəmi irsinə verilən dəyərin göstəricisidir. Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Əcəmi abidəsinin açılışında iştirakı və Möminə xatun türbəsindəki bərpa işləri ilə tanış olması isə bu tarixi irsin qorunması və gələcəyə çatdırılması istiqamətində görülən işlərin davamlı xarakter daşıdığını göstərir.

Rəssamın gözü ilə baxanda Möminə xatun türbəsi və Əcəmi Naxçıvaninin bütün yaradıcılığı daşdan yaradılmış sadə bir xatirə deyil. Bu, zamanın xətt, rəng, forma və ritmlə yazılmış portretidir.

Ən böyük məna isə bəlkə də bundadır: keçmişi olduğu kimi təkrarlamaq yox, onu sənətin dili ilə bu günə gətirmək və gələcəyə ötürmək.

Leyla İmamquliyeva
NMR Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Xatirə Muzeyinin bərpaçı rəssamı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: