NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqovun muxtar respublikanın 95 illiyinə həsr edilmiş 70 illik yubiley sərgisinin açılışı olub.
Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq yolundan danışıb.
Bildirilib ki, Həmzə Sadiqovun yaradıcılığı tanınan və seviləndir. Rəssamın yaradıcılıq sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Muxtar respublikamızda ilk dəfə təsviri sənət üzrə laureat adına, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
Qeyd olunub ki, Azərbaycan Rəssamlar İttifaqının, eləcə də Naxçıvan Rəssamlar Birliyinin üzvü Həmzə Sadiqov hazırda pedaqoji fəaliyyətlə də məşğul olur. O, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzindəki rəsm dərnəyində müəllim kimi çalışır.
Ülviyyə Həmzəyeva rəssamı 70 illik yubileyi münasibətilə təbrik edib, Naxçıvan Rəssamlar Birliyində keçirilən tədbir və sərgilərdə fəal iştirakına görə ona Rəssamlar Birliyinin kollektivi adından plaket təqdim edib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirdə çıxış edərək diqqətə çatdırıb ki, Sədərək uğrunda gedən döyüşlərdə fəal iştirak edən müharibə veteranı Həmzə Sadiqov işlədiyi dövrdə həmişə dövlətə, dövlətçiliyə sədaqətini göstərib, gənc nəslin yetişməsində, gənc kadrların təcrübə toplamasında öz bacarığını və təcrübəsini əsirgəməyib. Həmzə Sadiqovun xidməti fəaliyyəti geniş olub, müstəqilliyimizin ilk illərində, keşməkeşli bir dövrdə öz bacarığını cəsarətlə nümayiş etdirə bilib, Vətəninə, millətinə, dövlətinə layiqli xidmət edib. Daxili İşlər naziri rəssamı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək Həmzə Sadiqovu 70 illik yubileyi və Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş fərdi sərgisinin keçirilməsi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Rəssam Həmzə Sadiqov sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra sərgiyə baxış olub. Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi 95 rəsm əsəri nümayiş olunub. “Ümummilli liderin davamçıları”, “Atatürkün portreti”, “Naxçıvan abidələri”, “Batabat”, “Haçadağ”, “Nuh Peyğəmbərin məqbərəsi”, “Qarabağlar türbəsi”, “Aza körpüsü”, “Əlincə qalası” kimi əsərlər sərgi iştirakçıları tərəfindən maraqla izlənilib. Bu əsərlərdəki milli ruh və milli kolorit rəssamın dərin yurd, Vətən sevgisini təcəssüm etdirir. Portret, mənzərə, natürmort, Naxçıvan etüdləri, kompozisiyalar rəssamın peşəkarlığından və zəngin yaradıcılıq dünyasından xəbər verir.
Qeyd edək ki, sərgi may ayının 29-dək davam edəcək.