Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən başlayaraq dünya ölkələri mayın 18-ni Beynəlxalq Muzeylər Günü kimi qeyd edir.
Ölkəmizdə muzey işinin təşkili ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər həmişə muzeylərə böyük önəm verib, bu sahəyə diqqət və qayğı ilə yanaşıb. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızdakı mövcud muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin təşkili üçün mühüm tədbirlər həyata keçirib.
Bu tədbirlərin davamı kimi, 1980-ci ildə yaradılan Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də Şərurun ictimai-siyasi, mədəni həyatının, eyni zamanda tarixi keçmişinin əks etdirilib, təbliğ olunmasında mühüm rol oynayır. Bu mədəniyyət ocağı təkcə bir elin, bir obanın, bir xalqın deyil, ümumilikdə ölkəmizin tarixi yaddaşının bir hissəsidir.
2018-ci il dekabr ayının 20-dən yeni binada fəaliyyətə başlayan muzeyin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib. Muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur rayonunun qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisidir. Şərur rayonu ilk insan yaşayış məskənlərindəndir. Rayonda Qazma mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar mövcuddur”.
3 mərtəbədən, 2 ekspozisiya zalından ibarət olan muzeyin birinci zalının ilk guşəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Şərur rayonuna səfərləri zamanı çəkilmiş foto-şəkillər nümayiş olunur.
Ekspozisiyada nümayiş olunan qədim maddi-mədəniyyət nümunələri, əmək alətləri, məişətdə işlədilən avadanlıqlar Şərurun tarixinin qədimliyini əks etdirir. Ovçular təpəsi yaşayış yerindən aşkar edilən e.ə. V minilliyə aid saxsı qablar burada məskunlaşmış insanların həmin dövrdəki əsas məşğuliyyətlərindən soraq verir. Bu qədim yaşayış yerindən götürülən saxsı küpə, IV-III minilliklərə aid daş bütlər maraqlı eksponatlardandır. Daş əmək alətləri, daş dəstəklər də bu torpaqda məskunlaşmanın qədimliyini əks etdirir. Daş həvəngdəstə onu göstərir ki, qədim insanlar əkinçiliklə erkən dövrlərdən məşğul olub. Kiçik həcmli daş büt, keramika nümunələri də guşənin diqqətçəkən eksponatlarındandır.
Şərur ərazisində mövcud olan arxeoloji abidələr sırasında Oğlanqala abidəsi öz möhtəşəmliyinə və əzəmətinə görə daha çox maraqlıdır. Eramızdan əvvəl II-I minilliyə aid olan Oğlanqala qədim şəhər-dövlətin paytaxtı olub. Guşədə həmin abidənin və abidədən aşkar edilmiş qədim maddi-mədəniyyət nümunələrinin foto-şəkilləri nümayiş olunur.
Rayonumuzun ərazisindəki arxeoloji abidələr sırasında Tənənəm kəndindəki Qazma mağarası xüsusi maraq çəkir. Bu mağara ən qədim insan məskənlərindən biri kimi orta Daş dövrünə, yəni 80-100 min il əvvələ aiddir.
Dizə kəndi ərazisindəki e.ə. V-III minilliklərə aid Ovçular təpəsi də ən qədim insan məskənlərindəndir. Qız qalası, Qarasu qalası və Maxta yaşayış yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri, mis kasalar, mis badya, mis lüləyin, saxsı qapaqlı nehrə, küpə, saxsı ləyən, qədim xalçaçılıq nümunələri də muzeyin ekspozisiyasında sərgilənir.
Məlum olduğu kimi, Naxçıvan xalçaçılıq məktəbi Azərbaycan xalçaçılığına mühüm töhfələr verib, əsrlər boyu burada rəngarəng xovlu və xovsuz xalça nümunələri evləri bəzəyib. Toxuculuq nümunələri içərisində XIX əsrdə Günnüt kəndində toxunmuş məfrəş gözəlliyi ilə seçilir. Ekspozisiyada nümayiş olunan kiçik daşıma vasitələri - heybə və xurcun, taxta cəhrə, yun daraqları, hana və digər toxuculuq alətləri də ta qədimdən Şərurda bu sənətin geniş yayılmasından xəbər verir.
Muzeydə “Şərur” Xalq Yallı Ansamblının qazandığı mükafatlar, rayonumuza aid kitablar və qəzetlər də ziyarətçilərə təqdim edilir. Ekspozisiyanın kənd təsərrüfatı bölməsində isə əkinçilikdə və maldarlıqda istifadə edilən əmək alətləri, dəmir kotan, taxta vəl, taxta car-car, oraqlar nümayiş olunur.
II ekspozisiya zalında Şərur rayonunun tarixindən, etnoqrafiyasından və qədimliyindən bəhs edən kitablar, jurnallar, qəzet materialları nümayiş olunur. Muzeyin əməkdaşları rayonumuzun tanınmış əmək adamları, Milli qəhrəmanlar, şəhidlər barədə də eksponatlar əsasında ziyarətçilərə ətraflı məlumat verirlər.
Muzeyin ekspozisiyası daim zənginləşir. Buna misal olaraq muzeyə ötən il rayonun məktəbliləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 yeni eksponat təqdim edilib.
Muzeyimiz həmişə qonaqlı-qaralıdır. Təkcə rayonumuzdan deyil, müxtəlif vaxtlarda respublikamızın digər yerlərindən, həmçinin MDB məkanından, Türkiyə, İran, Amerika, İngiltərə, Fransa, Şimali və Cənubi Koreya ölkələrindən gələn qonaqlar da muzeyimizdə xalqımızın tarixi keçmişi ilə yaxından tanış olur, xoş təəssüratlarla ayrılırlar.
Məlum olduğu kimi, muxtar respublika Ali Məclisinin Sədri muzeylərin zənginləşdirilməsi, tamaşaçıların bura cəlb olunmasına diqqətin artırılması məqsədi ilə 19 dekabr 2014-cü il tarixdə “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. Bu məqsədlə 2015-ci ilin yanvar ayından başlayan “Muzey günləri” davam edir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində muzey işinin daha da canlandırılması üçün həyata keçirilən müxtəlif tədbirlər nəticəsində son vaxtlar muzeyə ekskursiya edənlərin sayı daha da artıb.
Tərtib olunmuş qrafiklə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri hər ayın axırıncı şənbə günü muzeyə gəlirlər. Əməkdaşlar ekskursiya edənlərə muzey eksponatlarının tarixi haqqında ətraflı və dolğun məlumat verirlər. Təkcə bu ilin ötən 4 ayı ərzində muzeyin əməkdaşları 2 minə yaxın ziyarətçiyə bələdçilik ediblər. Bu müddət ərzində rayon ərazisindən yeni eksponatlar da əldə edilib muzeyə təhvil verilib.
Aysel Mikayılzadə,
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı