Qazaxıstanın “Liter” qəzetində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi haqda geniş məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və ölkə başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən söhbət açılıb.
Bildirilib ki, bütün bunları nəzərə alan Beynəlxalq Türk Akademiyası da 2019-cu ili “Nəsimi ili” elan edib və ilk dəfə Nəsiminin əsərləri qazax dilinə tərcümə olunub.
Məqalədə bildirilir ki, Nəsimi yaradıcılığı tükənməz bir ilham mənbəyidir. Onun mənəvi və fəlsəfi ideyaları bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə səsləyir. Yazıda qeyd edilir ki, şairin əsərlərində ədalətsizliyə qarşı mübarizə ruhunu, xalqın taleyi üçün dərin bir duyğu hiss edə bilərsiniz. Nəsimi təcavüzkarlığı, şiddət və özbaşınalığı pisləsə də, qəddarlıq və ədalətsizliyə məruz qalıb.
Məqalədə mənəvi dəyərlər, insana sevgi, azadlığa və iradəyə çağırış Nəsimi yaradıcılığının əsas mahiyyətini təşkil edilməsindən bəhs olunub.
Məqalədə Nəsiminin, tarixdə böyük səbr və cəsarətin simvolu kimi tanındığı və şairin 650 illiyinin yalnız öz doğma ölkəsində deyil, bütövlükdə türk dünyasında qeyd edildiyi vurğulanıb.