Elm, mədəniyyət, ədəbiyyat və digər sahələrdə xidməti olan insanların əməyini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək! Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyəti ilə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı məhz bu amala, məqsədə xidmət edir.
Ə. Cavid xalqımızın mədəni inkişafında zəngin irs yaradan, Azərbaycan mədəniyyətinin dəyərli simalarındandır. O, 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. Ərtoğrolun uşaqlıq və yeniyetmə illəri sənətkarlar ailəsində keçmiş, onun mənəviyyatı, demək olar ki, poeziya, musiqi ilə yoğrulmuşdu.
Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir. Poeziya sahəsində yazdığı 50-dək şeirə, dram əsərlərinə, ustalıqla yaratdığı rəsm əsərlərinə gəlincə, uca Tanrının Ərtoğrol Cavidə bəxş etdiyi fitri istedada, zəhmətsevər, məqsədyönlü, mübariz həyat tərzinə heyran qalmaya bilmirsən.
Repressiya illərinin mənəvi sarsıntıları Ərtoğrolu mübarizədən, yaradıcılıqdan çəkindirə bilmədi. Ərtoğrolun milli musiqiyə, xalqına olan böyük sevgisi taleyin ədalətsiz oyunlarına qalib gəldi. Ərtoğrol ən ağır vəziyyətdə və şəraitdə belə yazdı, yaratdı.
1936-1940-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil aldı. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdi. Elə həmin il Üzeyir Hacıbəyovun xeyir-duası ilə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil oldu. Bəstəkarlığın, xalq musiqisinin sirlərini dahi Üzeyir bəydən və görkəmli pedaqoq Boris Zeydmandan öyrəndi. Konservatoriyanın nəzdində musiqi məktəbində dərs dedi, musiqi-elmi-tədqiqat kabinetində çalışdı, tərcümələr edib ailəsinə kömək oldu.
İkinci Dünya müharibəsi bir çox gənclərimiz kimi, Ərtoğrolun da arzularını, xəyallarını puç etdi. 1942-ci ildə Ərtoğrol Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunur. Fəhlə batalyonunda ağır işlər onsuz da fiziki cəhətdən zəifləyən Ərtoğrolun xəstələnməsinə səbəb olur. 1943-cü ildə səhhətinə görə ordudan təxris olunan Ərtoğrol Cavid ata-baba yurdu Naxçıvana gəlir. 1943-cü il noyabrın 14-də atasının - Cavid əfəndinin dünyaya gəldiyi diyarda-Naxçıvan şəhərində dünyasını dəyişir.
Yaşadığı qısa 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, gör musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?
Yaşadığı qısa ömür ərzində yaratdığı musiqi əsərləri bu gün konsert salonlarında səslənir, musiqi məktəblərində tədris olunur. Bu gün öz doğma ata yurdlarında Cavidlər irsinə və şəxsiyyətinə yüksək ehtiram göstərilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu torpaqda möhtəşəm sənət incisi-Hüseyn Cavid məqbərəsi ucalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı tanınmış musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin həyat və fəaliyyətinin tədqiqi və təbliğində yeni mərhələnin əsasını qoyacaq, görkəmli sənətkarı gələcək nəsillərə daha yaxından tanıdacaqdır.
“Arazın səsi” qəzeti