Naxçıvan Dövlət Tarix Muzeyi – 102 illik yaddaşın yaşadığı ünvan
Bir əsrdən artıqdır ki, Naxçıvanın tarixini qoruyur, danışır və yaşadır
Naxçıvan Dövlət Tarix Muzeyində çalışmaq mənim üçün, ilk növbədə məsuliyyətdir: keçmişdən miras qalanı yadigarları sadəcə qorumaq yox, onların dilində ziyarətçiyələrlə danışa bilmək məsuliyyəti.
Çalışdığım müəssisənin-tarixi,mədəni irsin qoruyucusu olan bu muzeyin 102 yaşı tamam olur. 102 il əvvəl bu mədəniyyət ocağını yaratmaq qərarı verilərkən, yəqin ki, heç kim onun bir əsr sonra Naxçıvan tarixini öyrənən, insanların üz tutduğu ünvanlardan birinə çevriləcəyini təsəvvür etmirdi. Amma bu gün biz həmin tarixin içində dayanaraq anlayırıq ki, muzeyin yaşı yalnız illərlə ölçülmür. Bu yaşın arxasında bir-birinin ardınca gələn nəsillərin əməyi, qorunan əşyalar, toplanan məlumatlar və tarixi yaddaşı itirməmək üçün göstərilən səylər dayanır.
Naxçıvanda muzey işinin dövlət səviyyəsində əsası 30 oktyabr 1924-cü ildə qoyuldu. Həmin gün Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi yaradıldı. Bununla da Naxçıvanda tarixi və etnoqrafik əhəmiyyət daşıyan əşyaların toplanması, qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni bir yol açıldı.
Amma hər başlanğıc kimi, bu başlanğıcın da öz çətinlikləri vardı. Muzeyin yaradılması barədə qərar qəbul edilsə də, 1924-cü ilin oktyabrından 1925-ci ilin sonunadək onun üçün ayrıca məkan ayrılmadı. Beləliklə, kağız üzərində yaradılmış muzeyin real fəaliyyətə başlaması müəyyən vaxt aldı.
Qeyd edəcəyim bir məqam isə muzey tarixinin bəlkə də ən maraqlı səhifələrindən birinə gətirib çıxardı. Naxçıvan sakini Balabəy Əlibəyov illər ərzində topladığı tarixi və etnoqrafik əşyaları öz şəxsi kolleksiyasında saxlayırdı. Onun topladığı nümunələr əslində kiçik bir şəxsi muzey xarakteri daşıyırdı. 1926-cı ildə bu kolleksiyanın dövlət mülkiyyətinə götürülməsi və muzeyə verilməsi onun formalaşmasında mühüm mərhələ oldu. Balabəy Əlibəyov da həmin dövrdə muzeyin direktoru təyin edildi. Beləliklə bir insanın tarixə olan şəxsi marağının sonradan bütöv bir mədəniyyət ocağının təməllərindən birinə çevrilməsini, böyük bir tarixin çox sadə bir insan əməyindən başladığını gördük.
İlk illərdə muzeyin əsas vəzifələrindən biri tarixi-etnoqrafik əşyaların toplanması və mühafizəsi idi. Sonrakı dövrlərdə bu iş daha da genişləndi. 1932-ci ildə muzey Tarix və Ölkəşünaslıq Muzeyinə çevrildi. Müəyyən illərdə Bəhruz Kəngərlinin adını daşıdı və 1968-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirdi.
Bu dəyişikliklər yalnız ad dəyişiklikləri deyildi. Muzeyin qarşısında duran vəzifələr də zamanla genişlənirdi. Əvvəllər toplanan əşyaların qorunması əsas məsələ idisə, sonralar onların elmi cəhətdən öyrənilməsi, sistemləşdirilməsi, ekspozisiyalarda təqdim olunması, sərgilərin hazırlanması, tədqiqatların aparılması və insanların tarixlə daha yaxından tanış olmasına şərait yaradılması da muzey fəaliyyətinin ayrılmaz hissəsinə çevrildi.
Bu gün ekspozisiya zallarında gördüyümüz hər bir əşyanın arxasında məhz belə uzun bir yol var. Bir arxeoloji materiala baxanda yalnız daş, gil və ya metal görmürük. O əşya öz dövrünün insanı haqqında danışır. Əmək aləti həmin insanın necə işlədiyini, məişət əşyası necə yaşadığını, milli geyim və bədii tikmə onun zövqünü və dünyagörüşünü, xalça isə həm sənətini, həm də yaddaşını göstərir.
Hazırda muzeyin fondunda 32 mindən artıq muzey eksponatı qorunur. Bu fond Naxçıvanın qədim dövrlərindən müasir tarixədək keçdiyi inkişaf yolunu müxtəlif maddi-mədəniyyət nümunələri vasitəsilə izləməyə imkan verir. Arxeoloji materiallar, əmək alətləri, numizmatik nümunələr, milli geyimlər, xalçalar, bədii tikmə, zərgərlik, misgərlik, dulusçuluq nümunələri, rəssamlıq əsərləri və digər tarixi materiallar burada öz yerini tapıb.
Və 32 sadəcə rəqəm deyil. Varislik prinsipi ilə qorunan 32 mindən artıq tarix parçası deməkdir.
102 illik muzey tarixindən danışarkən yalnız eksponatları və tarixləri sadalamaq kifayət deyil. Çünki bu muzeyin arxasında illərlə burada çalışan fədakar insanların əməyi dayanır. Müxtəlif dövrlərdə muzeydə çalışan əməkdaşlar öz bilik və təcrübələrini, işə münasibətlərini bir-birindən öyrəniblər. Bir nəslin gördüyü iş sonrakı nəslə ötürülüb.
Muzeyin 95 illik yubileyi münasibətilə əməkdaşlardan 2 nəfərin “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 5 nəfərin isə “Rəşadətli əməyə görə” nişanına layiq görülüb. Amma muzey əməkdaşının əməyini yalnız fəxri ad və təltiflərlə ölçmək mümkün deyil. Bəzən bu əmək fond otağında saatlarla davam edən işdir. Bəzən ziyarətçiyə eyni eksponat haqqında gün ərzində dəfələrlə danışmaqdır. Bəzən bir əcnəbi qonağın verdiyi gözlənilməz suala cavab axtarmaqdır. Bəzən isə köhnə bir sənəddə və ya əşyada yeni bir detal tapıb onun haqqında daha çox öyrənmək sevincidir.
Muzey ekskursiyaçısı kimi işim çox məsuliyyətli və çətin, eyni zamanda da maraqlıdır. Bəzən ilk baxışda sakitcə vitrinin qarşısında dayanan bir şagird bir neçə dəqiqədən sonra sual verməyə başlayır. “Bunu kim istifadə edib?”, “Bu nə vaxtdan qalıb?”, “Bunu necə düzəldirdilər?”, “Bəs onda insanlar necə yaşayırdı?”. Bax elə o zaman başlayır mənim missiyam. Gələcəyinm salnaməsini yazacaq varislərlə tarixin dilində danışmaq, keçmişi gələcəyə ötürmək missiyası.
Bir sözlə muzey insanı keçmişə aparır ,amma onun işi yalnız keçmişdə qalmır. O, bu günü keçmişlə bağlayır və sabah üçün yaddaş yaradır. Naxçıvan Dövlət Tarix Muzeyinin 102 illik yolu da məhz belə bir yolun tarixidir – yaddaşa sədaqət yolunun. Yaddaşa sədaqətin yolçularından biri olduğum üçün fəxr edirəm. 102 yaşın mübarək dogma tarix ocağı!
Lalə Babayeva
Naxçıvan Dövlət Tarix Muzeyinin ekskursiyaçısı
