XII Bakı Beynəlxalq Kitab Sərgisində yerli və xarici nəşriyyatlar arasında 50-dək görüş nəzərdə tutulub
Ötən il ilk dəfə Bakı Ekspo Mərkəzində beynəlxalq kitab sərgisi çərçivəsində şəbəkələşmə (networking) zonası yaradılmışdı. Bu il həmin zonanı daha da genişləndirmişik. Yerli nəşriyyatlarla xarici tərəfdaşlar arasında əvvəlcədən planlaşdırılmış görüşlər keçiriləcək. Hazırda təxminən 50 görüş nəzərdə tutulub.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında səsləndirib.
O bildirib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə məqsəd gələcək nəsillərin müasir texnologiyalarla yanaşı, ənənəvi üsullarla da kitaba yaxınlaşmasını, gerçək dünyanın gözəlliklərini, hiss və duyğularını yaşamasını təşviq etməkdir.
