Naxçıvanda Fidan Hacıyevanın ifasında unudulmaz musiqi gecəsi yaşanıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı təqdim olunub. Musiqili gecədə Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri səslənib, opera və vokal sənətinin zənginliyi tamaşaçılara təqdim edilib.
Konsertdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert Cahangir Cahangirovun “Füzuli kantatası” əsəri ilə başlayıb. Fidan Hacıyevanın ifası Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə təqdim olunub. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov olub.
Proqram boyunca Fidan Hacıyeva Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Arşın mal alan” operettasından “Asiyanın mahnısı”, Niyazi Tağızadə-Hacıbəyovun “Arzu”, Nazim Quliyevin “Dağlar küsüb” və Fikrət Əmirovun “Dilbərin mahnısı” əsərlərini ifa edib. Sənətkarın ifasında Jorj Bizenin “Karmen” operasından “Habanera” da səslənib.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının solistləri də çıxış ediblər. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev Cahangir Cahangirovun “Aylı gecə” və Tofiq Quliyevin “Azərbaycan” mahnılarını, Əməkdar artist Gülyanaq Fərzəliyeva isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”nı təqdim edib. Emin Hüseynov Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operasından “Mərdanın ariyası”nı, Prezident mükafatçısı İlkin Abdullayev isə Cakomo Puççininin “Turandot” operasından “Nessun dorma” ariyasını ifa edib.
Konsertdə, həmçinin Xalq artisti Fidan Hacıyeva Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları Rəsmiyyə Xəlilova və Küsvər Əliyeva ilə birgə “Gözəlim yar, gözəlim” əsərini ifa edib.
Fidan Hacıyeva və İlkin Abdullayevin birgə ifasında “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin dueti səslənib. Gecənin sonunda bütün solistlərin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı təqdim olunub.
Müxtəlif bəstəkarların əsərlərinin səsləndirildiyi konsert milli musiqi irsimizin zənginliyini və dünya opera sənətinin gözəlliklərini nümayiş etdirib.
Konsert proqramının sonunda “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalının sertifikatları təqdim olunub. Sertifikatları Xalq artisti Fidan Hacıyeva orkestrin bədii rəhbəri və dirijoru, Prezident mükafatçısı Cahangir Qurbanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevə, Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevaya, Naxçıvan Dövlət Filarmoniyasının solisti Emin Hüseynova, Prezident mükafatçısı İlkin Abdullayevə, Naxçıvan Musiqi Kollecinin tələbəsi Fidan Əliyevaya, Naxçıvan Regional İnformasiya Mərkəzinin əməkdaşı Gülafər Məhərrəmovaya, benefisiarlar Rəsmiyyə Xəlilovaya və Küşvər Əliyevaya təqdim edib.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov Xalq artisti Fidan Hacıyevanı uğurlu konsert proqramı münasibətilə təbrik edib, ona gələcək sənət fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalının 2026-cı il sentyabrın 7-dən dekabrın 7-dək Bakı şəhərində, Azərbaycanın digər bölgələrində və xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub. Festival Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunub və opera sənətinin təbliği, gənc vokal ifaçılarının dəstəklənməsi, klassik musiqinin daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyır.