ZAMANA MEYDAN OXUYAN DAHİ – HÜSEYN CAVİD

A- A A+

Azərbaycan ədəbiyyatı zəngin bir xəzinə kimidir. Bu, elə söz xəzinəsidir ki, hər dövrün dərinliyinə endikcə sanballı əsərlərə, yazılara, deyimlərə rast gəlirsən. Bu günümüzə qədər gəlib çatan ədəbiyyatın yolu çətin, kəşməkeşli olsa da, sağlam olmuşdur. Əgər keçmişlə bugünkü ədəbiyyat arasında körpü qırılsaydı, biz xeyli söz, əsər, ədib, ziyalı, mütəxəssis və ədəbiyyatımızın zənginliyin dərinliyinə enə bilməyəcəkdik. Qırılan Ədəbiyyat da axsayacaq, yarı yolda qalacaq, gələcəyə gecikəcəkdi. Amma Azərbaycan ədəbiyyatı hər dövrdə məşəqqətli tale yaşasa da, bu mənəvi körpüsündən bir kərpic belə itirməmişdir. Milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı, poetik gücümüzü hər dövrə daşımağı bacarmış və özünü sübut etmiş ədəbiyyatdır. Bu ədəbiyyatın kökləri dərin, şaxəli, geniş və sarsılmazdır. Zaman keçdikcə bu nəhəng ədəbiyyat ağacının başından nə tufanlar, qasırğalar, fəlakətlər keçmişdir. Lakin buna baxmayaraq, bir budağını da qopara bilməmişdir. Zaman ədəbiyyatdan alıb götürdüyü qədər də zamanla geri gətirmişdir. Naxçıvan əzəli əbədi yurd yeri, qədim tarixi, zəngin mədəni irsi olan bir şəhərdir. 

Gördüklərini qələmə alaraq yatanları qəflət yuxusundan oyatmağı qələmin və ədəbiyyatın müqəddəs vəzifəsi hesab edən Cəlil Məmmədquluzadə, tarixi romanlar ustası kimi tanınan Məmməd Səid Ordubadi, XX əsrin məşhur simalarından biri istedadlı şair və dramaturq Hüseyn Cavid Rəsizadə kimi dəyərli dühalar yetirmişdir. Onların yaradıcılığında vətənpərvərlik, haqq-ədalət, düzgünlük ön planda idi. Amalları düzgünlük olduğu üçün özləri daim təqiblərə məruz qaldılar. Zamanla yersiz ittihamlarla, böhtanlarla üzləşdilər.

Yerli-yersiz qarayaxmalara cavab verdikdə isə həbs olundular. Onların timsalında Azərbaycan xalqının azadlığını, əzmini, tarixini, ədəbiyyatını məhv etməyə çalışdılar. Birini allahsız, kafir, dinsiz, digərini vətən xaini, yersiz-yudsuz adlandırdılar. Bütün bu sitəmlərə, haqsızlıqlara baxmayaraq Naxçıvanın ədəbi mühitinin əvəzolunmaz simaları azadlıq, millilik, xəlqilik arzularından əl çəkmədilər. Böyük ürək ağrısı ilə Vətənin, millətin dərdini çəkənlərə ürlük dərd verdilər.

Ustad Cəlilin və onun kimi marifçilərin istəyi nə idi? Varmı istəyirdilər, pulmu istəyirdilər, rüşvətmi umurdular? Yox! Əksinə, onlar öz varını, pulunu millətin inkişafının qarşısını alan mövhumatı məhv etməyə, milləti istədikləri kimi ələ salıb talayan mövhumatçıları zərərsizləşdirməyə xərcləyirdilər. Xalqda azadlıq istəyini coşdurub, özünə inamı formalaşdırmağa çalışırdılar. Qələmləri ilə sözün əsl mənasında döyüşürdülər. Onların şair, yazıçı ruhu mübariz, azadlıq əzimləri qala kimi möhkəm, amalları parlaq idi.

Onların günahı vətənini, xalqını sevmək idi. Axı şairi şair, yazarı yazar edən əsas duyğulardan biri də onun vətən sevgisidi... Bu sevgi əsla bitməz, tükənməz, zamanla daha çox böyüyüb insan ruhunu ələ keçirib vücudunu sarar. Vətənə məhəbbət ideyası romantik şeirin ruhunu, canını təşkil edir. Vətənə məhəbbət pafosu ilə aşılanmış lirik-epik şeir nümunələri Azərbaycan romantiklərinin yaradıcılığında ayrıca silsilə təşkil edir. Vətənin tarixi keçmişi, müstəmləkə şəraitindəki ağır, dözülməz vəziyyəti onun işıqlı sabahına inam, vətən övladının ətalət və cəhaləti qələm sahiblərinin zehnini məşğul edən problemlər idi.

 Vətən sevgisi romantik sənətkarların hər birində özünəməxsus təbii və rəngarəng boyalarla vəsf edildiyindən, onların bədii təsvir və tərənnüm üsulları bir-birindən seçilir. İmperialist müharibələrin tənqidi isə daha çox Hüseyn Cavid yaradıcılığı üçün səciyyəvidir. Humanist şair bir sıra məqalə və lirik şeirlərini, həmçinin ədalətsiz işğalçı müharibələrin çirkin mahiyyətini ifşa edən "İblis" faciəsini bu mövzuya həsr etmişdir. Hüseyn Cavid humanist vətəndaş-şair kimi bəşəriyyətin taleyini düşünür, müharibələrə kəskin etirazını bildirirdi.

 Cavid, şübhəsiz, hər şeydən əvvəl fəlsəfi poeziya və məhəbbət şairidir. İncə ruhu, məğrur duruşu ilə qısa zamanda xalqın geniş rəğbətini qazanmışdı. Onunla ədəbiyyat canlandı, teatr çiçəkləndi. Özü ilə səhnəyə yenilik, bənzərsiz ideya gətirdi. Poeziyadan poetik dramaturgiyaya keçid isə Cavid yaradıcılığında bir hadisə idi. Cavidin qaldırdığı problemlər qanadlanmaq və pərvaz etmək üçün həqiqi meydanı səhnədə tapmış oldu. Xalqımızın yetirdiyi bu böyük söz sənətkarı öz ölməz fikir və obrazları ilə ədəbiyyatın yaddaşına yazıldı. 

 Cavid aforizmləri Azərbaycan xalq müdrikliyinin ayrılmaz əlaməti olan dərin fəlsəfi, humanist və ümumbəşəri xarakter daşıması ilə seçilir. Onun aforizmlərinin əksəriyyətinin mahiyyətini qlobal düşüncə, ümumbəşəri problemlər təşkil edir. 

 Hüseyn Cavid hikmətinin əsas yükünü onun şeirləri təşkil edir. O, hər şeydən öncə şairdir. Əsərlərində dərin didaktik yükün olması təbiidir. Cavid yaradıcılığı öz ahəngi, rəngarəngliyi müdrikliyi, ölməzliyi, fəlsəfi toxunuşu ilə ədəbiyyatın dərin qatlarına əsrarəngiz naxışlarla toxunub. İnsanlar var ki ədəbiyyat istəməsə də, ədəbiyyata daxil olurlar... İstənilməyən bir qonaq kimi. Elə insanlar da vardır ki, gəlişi ilə ədəbiyyatı sevindirir, əməli ilə ədəbiyyatın yaddaşında qalır və əsla unudulmur – Hüseyn Cavid kimi. Ədəbiyyat var olduqca Hüseyn Cavid də var olacaq, yaşayacaq, nəfəs alacaq, danışacaq, ölümsüzləşəcək. 

 Amerika yazıcısı Ernest Heminqueyin əsərlərinin birində deyir: "İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onun məğlub etmək mümkünsüzdür". Hüseyn Cavid də repressiyanın qurbanı oldu, amma əsla məğlub olmadı. 

 Ulu öndər Heydər Əliyev Cavid yaradıcılığını dərindən qiymətləndirərək demişdir. "Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir". Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə Cavidin nəşi böyük çətinliklərlə Bakıya, oradan da doğulub boya-başa çatdığı yurduna – Naxçıvana gətirilir. Azərbaycanda hər bir sahəyə böyük diqqət və qayğı göstərən ulu öndər ədəbiyyat sahəsinə də hər zaman diqqət yetirmiş, ədəbiyyatın layiq olduğu qayğını əsirgəməmişdir. Məhz onun qayğısı ilə 1996-cı ildə Cavidin məzarı üzərində möhtəşəm məqbərə ucaldılı. Ağır işgəncələrə, zülmə, çətinliyə düçar olan şairə zaman öz sanballı dəyərini verdi. Bu gün Naxçıvanda ucaldılan ağ nurlu məqbərədən səmaya Cavidin zamanla söndürməyə çalışdıqları işığı süzülür. Kitablardan Cavid saflığı, sözlərdən Cavid hikməti yağır. Bu əbədi məktəbi bağlamağa nə zamanın, nə düşmənin, nə ədəbiyyat qatillərinin gücü çatmadı.

 Hələ Cavid məktəbindən çox insanlar faydalanacaq, mariflənəcək, həqiqi sevgini tapacaq. Ədəbiyyata əvəzsiz iz saldığın üçün, xalqın, elin obanın dərdini öz dərdin kimi sinənə yığdığın üçün, haqsızlıq qarşısında susmadığın üçün, soyunu kökünü, mənliyini kimliyini satmadığın üçün, dilinə, irsinə xələl gətirmədiyin üçün ruhun qarşısında baş əyirik, Cavid əfəndi!

 

Aytəkin SƏFƏRƏLİYEVA,

Cəlil Məmmədquluzadə adına

 Naxçıvan Muxtar Respublika

 Ədəbiyyat Muzeyinin əməkdaşı, şair

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: