Üçüncü “Youthvision” mahnı müsabiqəsində 20 ölkədən 70-dən çox iştirakçı yarışacaq

A- A A+

Mayın 24-də Bakıda, “Elektra Events Hall”da Gənclər və İdman Nazirliyi tərəfindən “Youthvision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Qızıl Qala Prodakşn” şirkətinin birgə təşkilatçılığı ilə “Həmişə gənc ol!” şüarı altında keçiriləcək müsabiqəyə 20 ölkədən 70-dən çox iştirakçı qatılacaq. Müsabiqədə Azərbaycan, Almaniya, Qırğızıstan, Belarus, Çexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portuqaliya, Qazaxıstan, Ruminiya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva və Monteneqrodan olan iştirakçılar yarışacaqlar. Azərbaycanı bu yarışda “Tələbə baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop-nominasiyasının qalibi olan Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi Nadir Rüstəmli təmsil edəcək.

“Youthvision” beynəlxalq mahnı müsabiqəsinin məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqənin keçirilməsi ilə bağlı “youthvision.az” internet saytı fəaliyyət göstərir. İştirakçıları, münsiflər heyətinin üzvləri həmin sayt vasitəsilə qeydiyyatdan keçərək ifa ediləcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilib və onlara müsabiqədə iştirakları haqqında məlumat verilib. “Youhtvision”da iştirak hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən edilir. Yarışda hər ölkə iştirakçı və münsiflər heyətinin üzvü qismində bir nəfərlə təmsil oluna bilər.

Müsabiqə çərçivəsində qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.

Xatırladaq ki, 2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin beynəlxalq mahnı müsabiqəsinin əhatə dairəsi 2016-cı ildən genişləndirilərək gəncləri də əhatə edib və “Youthvision” adlandırılıb. Ötən il keçirilmiş “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuşdu. Ötənilki müsabiqənin iştirakçıları tərəfindən səsləndirilmiş Azərbaycanın dövlət himninin videoçarxı sosial şəbəkələrdə nümayış olunmuş və böyük maraqla qarşılanmışdı. Həmin müsabiqədə ilk üç yerə müvafiq olaraq Uqanda, Moldova və Belarus təmsilçisi layiq görülmüşdülər. Yarışın qalibi olan uqandalı Ariho Estheri bu il müsabiqədə qonaq qismində iştirak edəcək və ona qələbə qazandıran mahnını ifa edəcək.

Müsabiqədə hər ölkəni bir münsif təmsil edir. Münsiflər heyətinin üzvləri öz ölkələrinin təmsilçiləri istisna olmaqla digər iştirakçıların hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazanacaq.

Müsabiqənin ümumi mükafat fondu 6 min ABŞ dollarıdır. İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 dollar məbləğində pul mükafatı və qiymətli hədiyyələr təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: