Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş - YENİLƏNİB - FOTOLAR
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Beynəlxalq Təşkilatların 3-cü Yüksəksəviyyəli Görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının birinci hissəsi baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, eləcə də müxtəlif etnik və mədəni qrupların nümayəndələri iştirak ediblər.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, müasir dövrün ən mühüm məsələlərindən biri süni intellektin təsirlərini nəzərə almaqla əməkdaşlığı gücləndirməkdir. Yekun sənəddə mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı irəli sürülən təkliflər öz əksini tapıb. Nazir müavini vurğulayıb ki, bu tədbir dostluq və qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə təşkil olunub. O, hər kəsi Azərbaycanın zəngin mədəniyyəti və mədəni irsi ilə yaxından tanış olmağa dəvət edib.
Daha sonra BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Ümumdünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradalıyev, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen və Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud çıxış ediblər.
Çıxışlarda mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, mədəni müxtəlifliyin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub. Qeyd olunub ki, fərqli mədəniyyətlərə, dillərə, dinlərə və ənənələrə hörmət qlobal həmrəyliyin gücləndirilməsi və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Natiqlər, həmçinin mədəni irsin qorunmasının, gələcək nəsillərə ötürülməsinin, gənclərin mədəni və ictimai proseslərdə fəallığının artırılmasının vacibliyini diqqətə çatdırıblar. Təhsil və mədəniyyətin cəmiyyətlər arasında körpü yaradaraq qarşılıqlı dialoq və təcrübə mübadiləsi üçün geniş imkanlar açdığı vurğulanıb.
Məruzələrdə müasir texnologiyaların, xüsusilə süni intellektin inkişafının yaratdığı imkanlara da diqqət çəkilib. Bu texnologiyalardan insan hüquqlarının qorunması, bilik və informasiya əldə etmək imkanlarının genişləndirilməsi, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi istiqamətində səmərəli istifadə olunmasının vacibliyi bildirilib.
Eyni zamanda, beynəlxalq təşkilatlar, dövlətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın dərinləşdirilməsinin, birgə təşəbbüslərin gerçəkləşdirilməsinin və əldə olunan razılaşmaların konkret nəticələrə çevrilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, bu istiqamətdə ardıcıl fəaliyyət xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə, mədəni dəyərlərin qorunmasına və daha inklüziv, dinc dünyanın formalaşmasına mühüm töhfə verə bilər.
12:40
“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər iştirak edir.