Muxtar respublikada xalq teatrlarının festivalı başlanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının festivalına start verilib. Festivalın ilk günü Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı şair-dramaturq, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının iki pərdəli yeddi şəkilli “Vəzifə hərisi” pyesi əsasında hazırlanmış tamaşanı göstərib.
Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova 22 may-19 iyun tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçiriləcək “Xalq teatrlarının muxtar respublika festivalı – 2019”un açılışı münasibətilə teatrsevərləri təbrik edib, festivalda iştirak edən kollektivlərə uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü ildən keçirilməsinə başlanılan bu mədəniyyət tədbirinin dram dərnəklərinin işinin daha da səmərəli təşkili, xalq teatrlarının qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək və teatr kollektivlərini geniş ictimaiyyətə tanıtmaq baxımından əhəmiyyəti böyükdür.
Qeyd edilib ki, bu gün muxtar respublikada beş xalq teatrı fəaliyyət göstərir. Dövlətimiz tərəfindən bu xalq teatrlarının fəaliyyətinə daim diqqət və qayğı göstərilir, kollektiv üzvlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Xalq teatrları hazırladıqları müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayırlar.