NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə “Cəlil Məmmədquluzadə yaradıcılığı və müasirlik” adlı elmi konfrans keçirilib.
Konfransda Universitetin rektoru, professor İsmayıl Əliyev Mirzə Cəlil dühasının zəngin irsindən danışıb. Qeyd olunub ki, Cəlil Məmmədquluzadə təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında satirik jurnalistikanın əsasını qoyub. “Molla Nəsrəddin” jurnalı Avropa ölkələrində, Amerikada da oxunub, İngiltərə və Amerikadan olan məşhur şərqşünaslar “Molla Nəsrəddin” barədə tədqiqatlar aparıblar. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərib.
Sonra bu il 150 illiyi ölkə səviyyəsində qeyd edilən dahi Mirzə Cəlilin yaradıcılığı ilə bağlı çıxışlar olub, ədibin yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib.
Seyfur Hacımuradov