Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub - FOTOLAR
Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub.
NUHÇIXAN xəbər verir ki, Qars Qafqaz Universitetinin konsert salonunda Azərbaycanın böyük yazıçı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası oynanılıb.
Baş konsul Nuru Quliyev, Qars vilayətinin valisi Türkər Öksüz, Türkiyə Silahlı Qüvvələrinin Qarsdakı ordu birləşməsini komandanı, general-mayor Özgür Nuhut, Daxili İşlər Nazirliyinin Qars idarəsinin rəisi Ümit Bitirik, Qarsdakı sərhəd qoşunları komandanı, polkovnik Osman Kılıç və digər rəsmi şəxslər, həmçinin yerli ictimaiyyətin görkəmli simaları, bu bölgədə yaşayan və işləyən yüzlərlə həmyerlimiz tamaşaçılar arasında olublar.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tamaşadan sonra çıxış edən baş konsul Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutunun səbəblərindən, müasir dövlətimizin inkişaf istiqamətlərindən danışıb. Ötən əsrin sonunda dövlət müstəqilliyimizin yenidən bərpa olunduğunu bildirən baş konsul Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrindən və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. O bildirib ki, bu gün Azərbaycan Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır.
Qeyd olunub ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində dünya teatr mədəniyyətinə böyük töhfələr verib. Burada Naxçıvan Dövlət Musiqili Dram Teatrının özünəməxsus yeri və rolu var.
Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycanın Xalq artisti Rza Xudiyev tamaşaçılar qarşısında çıxış edib. Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov və Nurbəniz Niftəliyevanın birgə quruluş verdiyi tamaşanın ilk dəfə səhnəyə çıxarıldığını diqqətə çatdıran teatrın direktoru rəhbərlik etdiyi kollektivin Türkiyəyə qastrolunu tarixi hadisə kimi dəyərləndirib.
Tamaşada ən yaddaqalan məqamlardan biri də Qarsda Azərbaycan-Türkiyə qardaşlıq yürüşündə istifadə olunan xüsusi dizaynla hazırlanmış bayrağın səhnəyə çıxarılması olub.