Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Qarabağ Zəfərinin altıncı ildönümünə həsr edilib.
NUHÇIXAN xəbər verir ki, proqramın müəllifi və aparıcısı, fəlsəfə elmləri doktoru Səidə Ömər tarixi Zəfərin sevincini Türkiyə dinləyiciləri ilə bölüşərək Azərbaycan xalqının qürur dolu günlərinə diqqət çəkib.
Səidə Ömər nitqində 44 günlük Vətən müharibəsi dövründə “Bengü Türk” televiziyasında yayımlanan “Azərbaycan Rüzgarı” layihəsi çərçivəsində ikinci Qarabağ müharibəsinə və tarixi Zəfərə həsr olunan silsilə verilişlər hazırladığını xatırladıb. O, həmin proqramlar vasitəsilə Azərbaycan həqiqətlərini, xalqımızın mübarizəsini və Zəfər sevincini Türkiyə ictimaiyyətinə çatdırmağa çalışdığını bildirib.
Aparıcı Zəfərin altıncı ildönümündə "TRT İstanbul" radiosunun efirindən bu şad xəbərin sevincini Türkiyə dinləyiciləri ilə bölüşməyin onun üçün böyük qürur və mənəvi dəyər daşıdığını vurğulayıb. Proqramın əsas məqsədinin Azərbaycan Zəfərini ədəbiyyatın və nəğmənin dili ilə çatdırmaq, milli mədəniyyəti geniş auditoriyaya tanıtmaq olduğunu deyən Səidə Ömər bu missiyanı Türkiyədə yaşayan bir azərbaycanlı kimi mənəvi borcu hesab etdiyini diqqətə çatdırıb.
Yayımda Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin əsərləri və görkəmli xanəndə Xan Şuşinskinin ifaları səsləndirilib, Qarabağın zəngin sənət ənənələri və milli ruhu dinləyicilərə təqdim olunub.
Verilişdə Azərbaycan–Türkiyə qardaşlığına da xüsusi yer ayrılıb. Qarabağın azadlığı ilə nəticələnən Zəfərin yalnız Azərbaycanın deyil, bütün Türkiyənin sevinci olduğu, “Bir millət, iki dövlət” prinsipinə söykənən bu həmrəyliyin sarsılmaz bağların bariz təcəssümü olduğu vurğulanıb.
