Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə NUHÇIXAN-a daimi nümayəndəlikdən məlumat verilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından, həmçinin demokratik Cümhuriyyətin süqutu səbəblərində danışıb. Nəzərə çatdırılıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoymuşdur.
Bəxtiyar Əsgərov Yaxın Şərqdə, bütün müsəlman aləmində ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, onun süqutundan sonra - Sovet İttifaqı dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsində, Azərbaycanın fərqli mədəniyyətlərin dialoq məkanına çevrilməsində, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında, milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının həyata keçirilməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu barədə ətraflı məlumat verib. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəriman Nərimanovun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adlarının xalqımızın yaddaşına əbədi həkk olunduğu vurğulanıb.
Qeyd edilib ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməmiş və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir. Lakin 1990-cı illərin əvvəlindəki gərgin və mürəkkəb siyasi-iqtisadi vəziyyət yeni müstəqillik qazanmış dövlət üçün təhlükə yaradırdı. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan Bəxtiyar Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Eyni zamanda, Azərbaycanın 1992-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi bildirilib. Bəxtiyar Əsgərov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmişdir. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi Azərbaycanın müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına şərait yaratmışdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərimizin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Ümummilli Liderimizin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, Cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib, muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. "Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaq. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm", - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Son illər Naxçıvan Muxtar Respublikasında minlərlə istehsal, xidmət və digər infrastruktur müəssisəsi yaradılmış, avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, səhiyyə müəssisələri, böyük idman obyektləri istifadəyə verilmiş, ordu quruculuğu sahəsində kompleks işlər görülmüşdür. İqtisadiyyat dinamik inkişaf yoluna çıxmış, sosial proqramlar qəbul edilərək uğurla icra olunmuş, bir sözlə, Ulu Öndərin arzuları gerçəkləşdirilərək inkişafın Naxçıvan modeli yaradılmışdır.
Sonda daimi nümayəndəliyin rəhbəri vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.