Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Qırğızıstanda da qeyd edilib

A- A A+

Ölkəmizin Qırğızıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə təntənəli mərasim keçirib.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatının rəsmiləri, hökumətin üzvləri, digər yüksək vəzifəli şəxslər, Joqorku Keneşin (parlament) deputatları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, ziyalılar, diaspor fəalları, KİV-lərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Qonaqları milli geyimlərimizdə olan gənclər qarşılayıblar.

Tədbirdən əvvəl qonaqlar Azərbaycan həqiqətlərini əks etdirən kitablar, bukletlər və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Sonra Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənib.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, 100 il əvvəl yaranmış və cəmi 23 ay yaşamış, müsəlman Şərqinin ilk demokratik parlamentli respublikası olan AXC-nin həm də müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu vurğulayıb, onun Azərbaycan xalqının və bütün müsəlman dünyasının tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

Diplomat AXC-nin milli sərvətimiz olduğunu vurğulayaraq deyib ki, Cümhuriyyətin yaranması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətinin və azadlıq mücadiləsinin nəticəsidir. O bildirib ki, AXC siyasi sisteminə, həyata keçirdiyi islahatlara, demokratik dövlət quruluşuna, eləcə də özü üçün təyin etdiyi məqsəd və vəzifələrə görə heç də Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb. Azərbaycan müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olub, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb.

Səfir müstəqil Azərbaycan Respublikasının AXC-nin siyasi və mənəvi varisi olduğunu vurğulayıb. O, 100 il əvvəl olduğu kimi, torpaqlarımızın erməni təcavüzü ilə üzləşdiyi barədə ətraflı məlumat verib. O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini və 1 milyon insanın öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Zəbt edilmiş torpaqların qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyi diqqətə çatdırılıb.

Diplomat çağdaş Azərbaycanın tərəqqisindən, böyük layihələrin həyata keçirilməsindəki iştirakından, dünya birliyindəki yerindən və müqeyindən söz açıb.

Ölkəmizin Qırğızıstanla əlaqələrindən danışan səfir bildirib ki, xalqlarımız etnik və tarixi əlaqələr, dil, din, mədəniyyət, adət-ənənələrlə bir-birinə bağlıdır. Bu da, öz növbəsində, yaxın və səmərəli əməkdaşlıq üçün böyük imkanlar açır. Əməkdaşlığın genişləndirilməsi dövlət başçılarımızın siyasətlərinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyev deyib: “Biz kökü bir, dili bir olan xalqlarıq. “Manas”ın dili bizim ümumi dilimizdir”.

Qırğızıstan xarici işlər nazirinin müavini Nurlan Abdrahmanov AXC-nin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, eyni zamanda, bu il diplomatik münasibətlərin yaranmasının 25 illiyinin qeyd edildiyini, həmin dövrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdiyini, beynəlxalq arenada qarışıqlı etimadın artdığını, mədəni, humanitar, ticarət-iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndiyini bildirib.

Nurlan Abdrahmanov vurğulayıb ki, bu gün Qırğızıstan və Azərbaycan arasındakı münasibətlər sadiq tərəfdaş və qardaşlıqlı anlaşma istiqamətindədir, ölkələrimiz ənənəvi dostluğu möhkəmləndirmək və inkişaf etdirmək əzmindədir.

Qonaqlara Azərbaycan tarixini və həqiqətlərini əks etdirən jurnallar hədiyə olunub.

Tədbir ziyafətlə davam edib.

Tədbirboyu Azərbaycanın təbliği ilə bağlı videomaterial nümayiş etdirilib, xalq, klassik, estrada musiqiləri səsləndirilib. Qırğızıstanın Əməkdar Artisti Bakıt İbıkeyev dahi müğənni Müslüm Maqomayevin ölməz mahnılarını ifa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: