5000 illik şəhər mədəniyyətinə malik olan Naxçıvan torpağının şanlı tariximizə bəxş etdiyi Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Əkmələddin Naxçıvani, Baba Nemətullah Naxçıvani, Hatəm Ordubadi və digər nəhəng elm və mədəniyyət xadimləri ədəbi-elmi irsimizin inkişafında çox böyük rol oynayıblar.
Daha bir həmyerlimiz, zəngin və çoxcəhətli yaradıcılıq yolu keçmiş xalq yazıçısı Hüseyn İbrahimov hekayələr ustasıdır. Onun hekayələrində müasir həyatımızın reallıqları canlı boyalarla təsvir edilib. Eyni zamanda böyük sənətkarın qələmindən çıxmış “Böhtan”, “Əsrin onda biri” kimi qiymətli romanlarda xəlqilik, tarixilik və müasirliyin vəhdəti əsas götürülüb, milli məsələlər dolğun şəkildə işıqlandırılıb.
Hüseyn İbrahimov bədii yaradıcılığında xalq dilinin zəngin söz, hikmət xəzinəsindən bol-bol yararlanıb. Alovlu vətənpərvər hər bir əsərinin dil-üslub xüsusiyyətlərinə ciddi fikir verib. Bu cür yanaşmanın nəticəsində onun ayrı-ayrı mövzulardan və dövrlərdən bəhs edən əsərlərinin dili öz dolğunluğu ilə seçilir. Yazıçı əsərlərində hər bir obrazı nitq vasitəsi ilə fərdiləşdirməyə xüsusi diqqət yetirib.
Hüseyn İbrahimovun söz sənətkarlığı tarixi əsərlərdə də özünü göstərir. Yazıçı bəhs olunan dövrün koloritini saxlamaq üçün bədii dilin geniş imkanlarından məharətlə bəhrələnib. Xüsusən on ikinci əsrin məşhur tişə ustası, memar Əcəmi Naxçıvaniyə həsr olunmuş “Əsrin onda biri” romanı daha çox diqqəti cəlb edir. Xalq yazıçısı bu möhtəşəm romanda dövrün ab-havasını, mühit və məişətini canlı və inandırıcı təsvir etmək üçün arxaizmlərdən və tarixizmlərdən geniş istifadə edib, tarixi dövrün koloritini canlandırmaq üçün həmin romanda istifadə etdiyi bəzi köhnəlmiş sözlərin izahını, həm də xalq dilində işlənən şəkildə verib. Məsələn: ədəbi dildə "miqfər" şəklində işlənmiş leksik vahid bu əsərdə “məxfərin” kimi işlənir: Başlarında məxfərin, əllərində nizə gəzdirən gözətçi əsgərlər qala darvazasının sağ-sol cəhəngində ( cinahında) quruyub qaldılar. Romanın dilində gözə çarpan digər bir tarixizm də unudulmaqda olan “gərənay” sözüdür: “Birdən təbil və gərənay səsləri bir-birinə qarışdı”.
Buradakı köhnəlmiş sözlərin sırasında alınma sözlərə də rast gəlinir:
sərid – erkək qoyunun ətindən bişirilmiş bozbaş; çələbiyyə-qadın geyimi (gecə köynəyi); təxti-xab-çarpayı; dəbir-saray katibi; dərban-saray darvazasının gözətçisi; qeysəriyyə-örtülü bazar; mükəddər-kədərli; qəzavat-müqəddəs müharibə.
Müəllif təhkiyəni daha canlı vermək üçün müasir dialekt və şivələrin dilində qalmış arxaizmlərdən də istifadə edib. Məsələn: qəvvad-namussuz; yolçuluq-dilənçilik; becid-tez; zəbanə çəkmək-istidən əziyyət çəkmək; sərvaxt olmaq-sayıq, ehtiyatlı olmaq; dələmə-çürümüş süddən hazırlanmış yemək və s.
Məktəblilər üçün yazılmış “Kərim əmi”, “Sarvan”, “Günəşdən gizlənənlər”, “Tapmaca ustası” və s. hekayələrində uşaqların yaş və qavrama səviyyəsinə uyğun anlaşıqlı sadə cümlələrdən istifadə də bu baxımdan diqqəti çəkir.
Hüseyn İbrahimovun əsərlərinin dilində işlənmiş atalar sözləri, aforistik kəlamlar, müdrik fikirlər, obrazlı deyimlər onun kamil söz sənətkarı olduğunu göstərir. Yazıçı müxtəlif xarakterli obrazların təsvirində, yaxud onların nitqində bu kimi vasitələrdən məharətlə istifadə edib.
Məsələn, “Sabahın sorağında” romanında Şamil obrazının təsvirində müəllif: “Quruyub qaraağac qabığına dönmüşdü”, - kimi canlı danışıq dili ifadəsinə yer verməklə fikri dəqiq və yığcam ifadəsinə, yaxud həmin romanda Cabbar obrazının: “Hər şeyi düzünə kəsən Cabbarın, özü dediyi kimi, “əyri yumurta döyüşdürənlərdən” zəhləsi gedərdi”- şəklində ifadəsinə nail olub.
Əsərlərinin birində işlənmiş aşağıdakı cümlələr də xalq deyimindən, danışıq dilindən bəhrələnir: “Rəhmətlik kimə inanmaq istəsəydi, deyərdi: “Çörəyə and iç”, kimi tərifləmək istəsəydi, deyərdi: “Çörəkli kişidir!” Kimi qarğamaq istəsəydi, deyərdi: “Səni çörək tutsun!”. Burada dilimizdə çörəklə bağlı deyimlərdən məharətlə istifadə olunub. Əlincə qalası haqqında yazıçının düşüncələri də diqqəti cəlb edir: “Bil və agah ol ki, biz Əlincə”, ”alınca”, ”ölüncə” sözlərini bir-birindən ayırmırıq. Əgər bizim üstümüzə qoşun çəkib Əlincəyə gələn olsa, onlar Əlincəni alınca vuruşacaqlar, biz də ölüncə!”.
Yazıçı bir çox məqamlarda öz fikirlərini müxtəlif simvolik vasitələrlə, əsasən də təbiət detalları əsasında təqdim edib. Məsələn, əsərlərinin birində: “Nə vaxt meşəyə yolum düşüb, orada gözüm ilk növbədə çinar axtarıb, palıd gəzib. Hər hansı bir dağın döşündən keçəndə gözlərimi ilk növbədə zirvəyə zilləmişəm. Yalçın qayada qartal görəndə sinəm qabarıb” deyərkən şübhəsiz, insanları nəzərdə tutub onları mənəvi ucalığa səsləyib.
Yazıçının əsərlərində maarifçiliyə səsləyən: “Müəllimi olmayan millət laldı, kardı, kordu, müəllimi olmayan millət sarbanı olmayan qafiləyə bənzər: hara getdiyini, necə getdiyini, niyə getdiyini bilməz” kimi frazalardan da istifadə olunub.
Mirzə Cəlil nəsrinin satirik, yaxud yumoristik ənənələrindən yaradıcı şəkildə bəhrələnən Hüseyn İbrahimovun “Arxayın Məmməd”, “Menzurka”, “Day lazım olmadı”, “Yeddinci meyid”, “Zırrama”, “Müdirin naziri”, “Eyvazovun salamı” və s. hekayələrində təbii yumor əsasında ərsəyə gəlmiş təsvirlər də diqqəti çəkir: “Katib olarkən gözünə çox balaca görünən kolxoz sədri indi Qulamın nəzərlərində böyüyüb fil boyda oldu”.
Hüseyn İbrahimovun qədim tarixə malik ədəbiyyatımıza, dilimizə böyük ehtiramla yanaşırdı. Yazıçının “Şərq qapısı” qəzetində “İraq-Kərkük atalar sözləri” kitabçası ilə bağlı dərc olunmuş “Qədim həmyerlilərimizin ürək sözləri” adlı məqaləsində Kərkük türkmənlərinin atalar sözlərinin mahiyyətcə Azərbaycan dili və folkloru ilə bağlılığından söz açılırdı.
Başqa bir maraqlı fakt. Yazıçı 1988-ci ildə ozamankı Azərbaycan rəhbərliyinə göndərdiyi və “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan məktubunda xalqımızın, ədəbiyyatımızın, dilimizin qədimlik, müdriklik rəmzi olan “Kitabi-Dədə Qorqud”a Bakı şəhərində abidə qoyulmasını və abidə kompleksinin daş kitabələrinə dastanın müxtəlif boylarından ibrətamiz kəlamlar yazılmasını təklif edirdi. Bu məktub da yazıçının el sevgisinin, dil sevgisinin ifadəsi kimi maraq doğurur.
Ümumiyyətlə, ölkə Prezidenti və Ali Məclis Sədrinin Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi ilə bağlı imzaladıqları Sərəncamlarda da göstərildiyi kimi, onun ədəbi yaradıcılığının daha dərindən öyrənilməsinə ciddi ehtiyac var.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü