Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin “Ədəbiyyat qəzeti”nin baş redaktoru Baxtiyor Karim arasında görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
S. Abbasov Özbəkistanın “Ədəbiyyat qəzeti” ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə təşkilatlar arasında əməkdaşlığa dair memorandumun imzalanması təklifi ilə çıxış edib.
Özbəkistanda Azərbaycan ədəbiyyatına daim böyük maraq olduğunu qeyd edən S.Abbasov, Azərbaycan və özbək ədəbiyyatının nümayəndələrinin daim bir-birindən bəhrələndiyini vurğulayıb. O, “Ədəbiyyat qəzeti”nin gələcək nömrələrində Azərbaycan ədəbiyyatına dair daha çox materialların, məqalələrin dərc olunmasını arzuladığını bildirib.
AMM-nin direktoru 2019-cu ilin ölkəmizdə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar il ərzində “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışının dərc olunmasını və bu buraxılışın bütövlükdə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmasını təklif edib. O, bununla əlaqədar AMM-nin bütün təşkilati işləri öz üzərinə götürəcəyini söyləyib.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Baxtiyor Karim rəhbərlik etdiyi qəzet haqqında məlumat verərək ədəbiyyat sahəsində Özbəkistanda ən böyük mətbu orqan olan qəzetin öz ətrafına on minlərlə oxucu aiditoriyası topladığını qeyd edib. O, qəzetin növbəti saylarında Azərbaycan ədəbiyyatına yer ayıracağını bildirib və AMM ilə sıx əməkdaşlıq etmək arzusunu dilə gətirib.
S. Abbasov Azərbaycanda buraxılan “Ədəbiyyat qəzeti” haqqında məlumat verib, ölkədə ədəbi mühitin yetişməsində, formalaşmasında, habelə gənc istedadların yaradıcılığının dəstəklənməsində qəzetin əhəmiyyətini qeyd edib və gələcəkdə hər iki ölkənin qəzetləri arasında əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər yaxın günlərdə əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə ediblər.