Səkkiz yaşlı rəssamın Paris arzusu: Xəyallardan beynəlxalq sərgilərə - FOTOLAR

A- A A+

Cəmi səkkiz yaşı olmasına baxmayaraq, Emiliya Ağayevanın rəsmləri artıq bir çox ölkələrdə nümayiş olunub. Dörd yaşından rəsmə maraq göstərən azərbaycanlı balaca rəssamın yaradıcılığı yalnız rənglər və obrazlarla deyil, həm də insanın daxili dünyasını, hiss və emosiyalarını əks etdirmək istəyi ilə seçilir. Onun Parislə bağlı arzusu hələ beş yaşında ikən yaranıb.

NUHÇIXAN  xəbər verir ki, ilk dəfə Fransa paytaxtına gələndə Luvrun qarşısından keçərkən anasından burada nə baş verdiyini soruşub. Sərgilər keçirildiyini öyrəndikdən sonra isə “Təsəvvür edirsən, mənim də burada sərgidə rəsmlərim olsa, necə gözəl olar!” deyib. Təxminən il yarım sonra isə əsərləri həqiqətən də həmin məkanda nümayiş olunub. Beləliklə, uşaqlıq arzusu qısa müddətdə 2025-ci ildə reallığa çevrilib. Emiliya Ağayevanın əsərləri Luvr muzeyində keçirilən 2026-cı illərdə beynəlxalq “Art shopping Paris 2026” sərgisində ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

İlk rəsmlərini dörd yaşında çəkməyə başlayan balaca E.Ağayeva əvvəlcə digər uşaqlar kimi müxtəlif ev heyvanlarının obrazlarına üstünlük versə də, zaman keçdikcə yaradıcılıq üslubu dəyişib. Bu gün o, daha mürəkkəb mövzulara müraciət edir, fərqli dizaynlar və qeyri-adi obrazlar yaradır. İnsan fiqurlarını üçbucaq, kvadrat və digər həndəsi fiqurların köməyi ilə təsvir etməsi onun yaradıcı təxəyyülünün və fərqli düşüncə tərzinin göstəricisidir.

Rəng seçimində isə bənövşəyi çalarlar xüsusi yer tutur. Mavi, xüsusilə də səma mavisinin çalarları da onun sevimli rəngləri arasındadır. Bununla yanaşı, musiqiyə də böyük maraq göstərir. Musiqi məktəbində fortepiano təhsili alan Emiliya konsertlərə hazırlaşır. Rəsm isə gündəlik həyatının ayrılmaz hissəsidir.

Onun əsərləri indiyədək bir neçə sərgidə təqdim olunub. Ötən ilin may ayında Türkiyənin İzmir şəhərində, oktyabr ayında isə Parisdə sərgiləri təşkil edilib. Bakıda da bir neçə sərgidə iştirak edib. Bu il Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İçərişəhərdə xarici nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə onun rəsmləri nümayiş olunub. Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə də əsərləri təqdim edilib.

Hazırda balaca rəssam yeni sərgilərə hazırlaşır. Gələn ilin aprel-may aylarında onun əsərlərinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Rəsm və musiqi ilə yanaşı, geyim dizaynı da onun maraq dairəsində xüsusi yer tutur. Bəyəndiyi geyim modellərini, rəng uyğunluqlarını və özünü hansı obrazda görmək istədiyini kağız üzərində canlandırır.

Onun yaradıcılığında ən diqqətçəkən istiqamət insan emosiyalarının təsviridir. Rəsm çəkərkən tez-tez anasından obrazların hansı hissləri keçirdiyini soruşur: “Səncə, bu qız xoşbəxtdir, yoxsa narahatdır? Nədənsə narazıdır, yoxsa harasısa ağrıyır?” O, personajların üz ifadələri və bədən dili vasitəsilə onların daxili vəziyyətini, sevincini, kədərini və narahatlığını çatdırmağa çalışır.

Görünür, balaca rəssam üçün rəsm yalnız gördüklərini kağıza köçürmək deyil, həm də insanın daxili dünyasını anlamaq və ifadə etmək vasitəsidir. Onun yaradıcılığında hisslər və emosiyalar xüsusi yer tutur.

Yaradıcılıq yolunun başlanğıcında olan səkkiz yaşlı rəssamı hələ qarşısında yeni imkanlar və sərgilər gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: