Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ali təhsil ocağında akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İnstitutun rektoru Elbrus İsayev görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında məlumat verib, görkəmli alimin anadan olmasının 110-cu ildönümünün dövlət sərəncamı ilə qeyd olunduğunu diqqətə çatdırıb.
Naxçıvan Müəllimlər İnstitutunda da akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər planı hazırlanaraq icrasına başlanılıb. Növbəti tədbirdə alimin “Xatirələr” memuarı dəyirmi masada müzakirə ediləcək.
Rektor “Naxçıvan xatirələri” və “Bakı xatirələri” kimi iki hissədən ibarət “Xatirələr”in gələcəyin müəllimlərinin formalaşmasında, onların pedaqoji fəaliyyətlərində, gənc nəslin tərbiyəsində əvəzolunmaz vəsait, səmimi və inandırıcı həyat hekayətləri kimi dəyərləndirib. Bu mənbə XX əsrin birinci qərinəsində Naxçıvan ictimai həyatı, etnoqrafiyası, folkloru, dialektologiyası, üməmən mədəniyyəti tarixinin araşdırılmasında da tədqiqatçılar üçün maraqlı faktlarla son dərəcə zəngindir. Rektor gənclərə bu əsəri mütəmadi oxumağı tövsiyə edib.
Dəyirmi masa ətrafında müzakirələr Dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlının, kafedranın dosentləri Əbülfəz Əzimlinin, Nəzakət İsmayılovanın, gənc doktorant və magistrantların, habelə tələbələrin çıxışları ilə davam edib.
Tədbirin ikinci hissəsində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin istehsalı olan “Alim ömrü” sənədli filminə baxış olub. Sonda tədbir iştirakçıları alimin kitablarından təşkil edilmiş sərgi ilə tanış olublar.