Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilib - YENİLƏNİB - FOTOLAR
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı orijinallığı və ilkin görünüşü qorunmaqla əvvəlki yerinə quraşdırılıb.
Bu barədə NUHÇIXAN-a Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, 2025-ci ildə təsdiq edilmiş layihəyə əsasən bərpa olunaraq yerinə quraşdırılan tarixi qapı 2026-cı ilin oktyabr ayında qanunsuz olaraq sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi. Bundan əlavə, şüşə konstruksiyanın üzərinə taxta qapı görüntüsü yaradan vinil örtük vurulmuşdu.
Noyabrın 26-da abidənin tarixi giriş qapısı öz yerinə quraşdırılıb. Həmçinin, tarix-mədəniyyət abidələrinin qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati protokol tərtib edilib və cərimə tətbiq olunub.
“Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməyə çağırırıq”, – deyə Dövlət Xidməti bəyan edib.